12:38, 13 İyul 2016 (Çərşənbə) 406

Dünya yeni maliyyə böhranı astanasında - ARAŞDIRMA

Dünya yeni maliyyə böhranı astanasında -   ARAŞDIRMA
 
Dövlət istiqrazlarının dünyanın inkişaf etmiş ölkələrində mənfi zonaya daxil olması nəticəsində yaranan ucuz pulların real iqtisadiyyat əvəzinə fond birjaları və törəmə maliyyə alətlərinə yatırılması qiymətlərin süni şişməsinə, bu da yaxın zamanlarda maliyyə böhranının yaranacağına işarə edir. 

"Report" Analitik Qrupu "Fitch" beynəlxalq reytinq agentliyinin dərc etdiyi hesabat əsasında hazırladığı araşdırmaya görə bu nəticəyə gəlib.

"Fitch" agentliyinin hesabatında qeyd olunur ki, iyunun 1-nə mənfi gəlirliliyə sahib olan ölkələrin sayı 14-ə bərabər olub. Son olaraq mənfi faizə sahib ölkələr "klub"una Hollandiya da qatılıb. Belə ki, iyulun 11-də bu ölkədə 10 illik dövlət istiqrazlarının gəlirliliyi - 0,007%-ə enib. Ümumilikdə isə analitiklərin hesablamalarına görə, mənfi gəlirə sahib olan qiymətli kağızların həcmi hazırda 13 trln. ABŞ dolları təşkil edir. Bu, məcmu qlobal ÜDM-in 250%-dən çoxdur və hər keçən gün artmaqda davam edir. 

Xatırladaq ki, "Fitch"in hesablamalarına görə iyun ayının 1-nə mənfi gəlirli qiymətli kağızların həcmi 10,4 trln. dollar, bunlardan 7,3 trln. dollar uzun müddətli, 3,1 trln. dollar isə qısa müddətli qiymətli kağızlar olub. İyun və iyul aylarında mənfi faizli qimətli kağızların həcmində əmələ gələn kəskin artımı "Brexit" hadisəsi ilə əsaslandırılır.

Mənfi faizə sahib olan ölkələr sırası daha da genişlənə bilər. Bunlar, hazırda 0,5% gəlirliliyə sahib olan Litva və 0,7%-ə sahib Tayvandır. ABŞ-da 10 illik dövlət istiqrazlarının gəlirliliyi isə iyulun 8-də 2012-ci ildən etibarən minimal hədd sayılan 1,36%-ə enib. Mənfi faizin yaranmasına əsas səbəb isə investorların maliyyə bazarlarında yaranmış qlobal qeyri-stabillik, Çin iqtisadiyyatının yavaşlaması, xammal qiymətlərinin kəskin düşməsi, valyutalarda sərt dalğalanmalar və "Brexit" fonunda risksiz aktiv sayılan dövlət istiqrazlarına yatırım nəticəsində faiz həddinin azalmasıdır. 

Mərkəzi banklar tərəfindən stimullaşdırılan iqtisadiyyatlardakı pulların real iqtisadiyyata yönəlməməsi və qiymətli kağızlara tələbin spekulyativ artırılması nəticədə dayanıqlı iqtisadi artıma mane olur. Başqa sözlə, mənfi gəlirlilik ciddi qlobal problemlərin göstəricisi, dövlət və korporasiyalar tərəfindən borclanmanın artırılmasının nəticəsidir. Belə ki, "McKinsey" konsaltinq şirkətinin hesablamalarına görə qlobal borc həcmi 2007-08 illərdə maliyyə böhranından 2014-cü ilin sonuna qədər 57 trln. ABŞ dolları və ya 40% artaraq 200 trln. dollara yüksəlib. Bundan başqa, hazırda dünya üzrə 500 trln. ABŞ dolları həcmində törəmə maliyyə alətləri mövcuddur ki, bu da qlobal ÜDM həcmini 7 dəfədən çox üstələyir. Xatırladaq ki, 2007-08-ci illərdə maliyyə böhranı məhz ikincil ipoteka qiymətli kağızları bazarında yaranmış probləmlərdən qaynaqlanıb. Qısacası dünya iqtisadiyyatı getdikcə təhlükəli mərhələyə daxil olur, şişmiş qiymətlərin partlaması isə hər an baş verə bilər.

365.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";