BİLİM / DİN
Adəmlə Həvva eyni dövrdə yaşamayıb - Elmi iddia Tarix : 08 İyul 2018, 16:08
Yazar : Taryel Abdullayev

Mikroskopun inkişafı elm adamlarına hüceyrəni təhlil etməyə imkan verdi. Hüceyrənin hərtərəfli təhlili insan orqanının daha yaxşı tanınmasını nəzərdə tutur.  Kişi və ya qadın DNT-lərində özlərinə xas genetik kod var.

Bədənimizdəki enerji, hüceyrələrin daxilində olan mitoxondri adlı  özü kiçik, funksiyası  böyük enerji stansiyalarında meydana gəlir. Bu mitoxondrilərin, hüceyrənin nüvəsində qeyd etdiyimiz DNT-dən ayrı DNT'ləri də var. Müxtəlif irqlərdə, müxtəlif qitələrdəki insanların hamısının hüceyrələrində  mitoxondri olan DNT var. Bu molekulun digər hüceyrə molekullarından fərqi onun yalnız anadan  balaya ötürülməsindədi.

Bütün fərqli irqlərin və müxtəlif xüsusiyyətlərə sahib olan insanların mitoxondri DNT'sinin araşdırılması nəticəsində bu insanların hamısının  bir ümumi  işıqdan doğulduğu aydın olur. Mitoxondrinin ayrı bir DNT'si var. Endosimbiyoz nəzəriyyəsinə əsasən, bir milyard  il əvvəl  ökaryotik hüceyrəyə daxil olan bir proteobakteriya (Riketsia ya da yaxın bir qohumu) ola bilər.


Gəlin əvvəlcə insanın çoxalmasının iki aspektinə baxaq.


1) İnsanın xromosom yığımı 46 xromosomdan ibarət olub, onların ikisinin cinsi müəyyən etdiyinə görə onlara cinsi xromosom deyilir (qalan 44-ünə somatik-bədən xromosomları deyilir).

Kişilərdə bu cinsi xromosomlar XY, qadınlarda XX cütlüyüdür.  Mayalanmada iştirak edən kişi cinsi spermatazoid və qadın cinsi hüceyrəsi yumurtahüceyrədə xromosom sayı bədən hüceyrələrində olduğundan 2 dəfə az -23 olur və bunlardan yalnız biri cinsi xromosom olur.

Qadınlarda bu cinsi xromosom X,  kişilərdə isə ya X, ya da Y olur. Bunun nəticəsində qadının yumurtahüceyrəsini (X)  kişinin X xromosomlu spermatozoidi mayaladıqda qadın - XX,  Y xromosomlu spermatazoid mayaladıqda  kişi - XY uşağının mayası qoyulur.

2) Hüceyrədə olan orqanoidlər arasında mitoxondri xüsusi yer tutur. Mitoxondri çox qədimdə digər hüceyrələr tərəfindən udulmuş bakteriyadır. Həmin hüceyrələr bakteriyanı  “əsir götürmüşlər”   indiki hüceyrələrimizdəki mitoxondri  o  bakteriyaların sələfidir.  Orqanizmimizdəki  mitoxondrilərin öz  fərqli genomu var, lakin artıq onlar sərbəst yaşaya bilməzlər.  Çünki genlərinin bir hissəsini itiriblər. Mitoxondrilər oğul və qızlara istənilən halda yalnız ana-yumurtahüceyrə tərəfindən ötürülür. Spermatazoiddə mitoxondri olmasına baxmayaraq  mayalanmada iştirak etmir.

Buradan belə bir nəticəyə gələrik ki, istər kişi, istərsə qadınların mitoxondriləri onlara öz anaları tərəfindən, analarına öz anası tərəfindən və beləliklə bütün qadın xətti boyunca dayanmadan ötürülüb. Bütün kişilər öz Y xromosomlarını atalarından, ataları öz atasından və s. alır.

Hal-hazırda yaşayan insanların sayı onları həyata gətirən anaların sayından çoxdur. İndi həmin məntiqi həmin analara tətbiq edək. Bizim analarımızın sayı onları dünyaya gətirən anaların sayından, əlbəttə, çox olacaq. Nənələrmizin sayı, onların analarının sayından çox olacaq. Beləliklə, tarixdə geriyə doğru getdikcə anaların sayı tədricən piramid şəklində azalır. Məntiqlə sonda 1-ə çatırıq. Həmin bu ana hazırda mövcud olan bütün insanlara öz mitoxondrisini ötürüb. Ona simvolik olaraq elmdə mitoxondrial Həvva deyilir.  Bu ad Havay Univeristetinin elm adamı Rebeka Cann tərəfindən verilib.

Eyni məntiqi Y xromosom məsələsinə də tətbiq etmək olar. Y xromosomunun yalnız ata xətti ilə ötürüldüyünü nəzərə alsaq, keçmişdə hazırda yaşayan bütün kişilərə öz Y xromosomunu ötürmüş xromosomal Adəmə gedib çıxarıq.

Bundan sonra ağıla gələn suallar m- Həvva və  x - Adəmin (mitoxondrial və xromosomal) yaşadığı dövr nə vaxtdı? Onlar həqiqətən "birləşiblərmi?".  Məsələnin çox maraqlı hissəsi daha  böyük səbəbə bağlıdı.


İlk baxışdan təəccüblü görünsə də məlum olur ki, Həvva 150.000 il bundan əvvəl,  Adəm isə 50.000 il bundan əvvəl yaşayıb. Bəs onda onlar "bunu" necə ediblər?  Bizlərə başlanğıcı necə veriblər?  Ümumiyyətlə, həmin Adəm və Həvvanın yaşadığı dövrdə digər insanlar olubmu?
Məlum olur ki, onların yaşadığı dövrdə digər insanlar da yaşayıb. Həvva öz zamanında yaşamış qadınlardan nə xüsusi bir ilahi gözəlliklə, nə daha ağıllı, daha dözümlü olmağı ilə seçilib. Sadəcə onun genləri bizə gəlib çatıb. Bunu gen dreyfi adlandırırlar.  Genlərin dreyfini izah etməyə çalışaq.

Altı qadından və kişidən ibarət bir populyasiya təsəvvür edək və bu qadınlar hər biri fərqli mitoxondri genomuna malik olsun. Populyasiyadakı fərdlərin, əlbəttə ki, heç də hamısı nəsil vermir. İlk mərhələdə altı qadından yalnız dördündə qız övladı doğulacaq. Mitoxondrilər qızlara ötürüləcək.  Digər ikisi isə müəyyən səbəblərdən - oğlan doğmasından, vaxtından əvvəl ölməsindən, sonsuz olmasından mitoxondriləri ötürməyəcək. Növbəti mərhələdə mövcud olan dörd mitoxondri tipindən üçü ötürüləcək. Daha sonra üçündən üçü, sonra isə digər fərdlərin öz mitoxondrilərini ötürməməsi nəticəsində yalnız bir tip mitoxondri qalacaq. Beləliklə, populyasiyada həmin əvvəldə var olan altı qadından birinin mitoxondri genləri növbəti nəslə ötürülür və sonda bütün populyasiyadakı qadınlar onun mitoxondri genlərinin daşıyıcısı olur.

Nəticə olaraq, soy ağacında tarixdə geriyə doğru getdikdə anaların sayının azalması nəticəsində, sonda bugün bütün insanlara öz mitoxondrisini ötürən o bir anaya bütün insanlığın anası Həvva deyirik.
 


Qeyd: məqalə müəllif tərəfindən bir çox elmi mənbələrə istinad edilərək hazırlanıb.