09:28, 12 Yanvar 2017 (Cümə axşamı) 65

AFFA niyə gürcülərə və ermənilərə uduzur?

AFFA niyə gürcülərə və ermənilərə uduzur?
/ İDMAN
Futbol veteranlarından ibarət Azərbaycan milli komandası yanvarın 15-də Gürcüstanın paytaxtı Tbilisidə 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunmuş beynəlxalq mini-futbol turnirində iştirak edəcək.

Sport7.az dünən AFFA-nın rəsmi saytına istinadla xəbər vermişdi ki, həmin turnirdə ölkəmizi təmsil edəcək veteranlarımız Gürcüstan, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandalarıyla qalib adı olmaq uğrunda mübarizə aparacaq.

Göründüyü kimi, Gürcüstan Futbol Federasiyasının rəsmiləri UEFA-yla müştərək fəaliyyət göstərib, mərhum David Petriaşvilinin xatirəsinə ehtiram əlaməti kimi belə bir turnir düzənləyib.

Azərbaycanda isə AFFA indiyə nə dünyasını dəyişmiş, nə də həyatda olan futbol adamlarının anım, yaxud da doğum günündə belə bir turnir və ya "futbol ulduzları"nın qatıldığı adicə dostluq görüşü belə təşkil edə bilməyib. Belə adları yetərincə sadalamaq olar. Mərhum Ələkbər Məmmədov, Anatoli Banişevski, Tofiq Bəhramov. Sağlığında qiymət gözləyənlərdən İsgəndər Cavadov, Nazim Süleymanov və digərləri. Nədir problem? Öz əməkdaşları üçün bayram şənlikləri üçün onminlərlə vəsait xərcləyə bilən AFFA nə üçün veteranlarımıza belə etinasızdır?

Adı keçmiş SSRİ-nin hər yerində məşhur olan İsgəndər Cavadovun 60 illik yubileyi restoranda keçirildi. Nazim Süleymanovun 50 illiyində azərbaycanlı veteranları Vladiqafqazda yüksək səviyyədə qarşılayan, veteranların görüşünü təşkil edən osetinləri isə Bakıya dəvət edə bilmədik.

Xatırladaq ki, "dığa" adlandırdığımız ermənilər Xoren Oqanesyanın 60 illik yubileyinə həsr olunmuş oyunu futbol bayramına çevirməyi bacarmışdılar. Yevgeni Lovçevin baş məşqçisi olduğu "Dünya ulduzları"nın heyətində Qattuzo, Boban, Jan-Pyer Papen kimi əfsanəvi futbolçular yer almışdı. Keçmiş SSRİ-ni təmsil edən komandada isə Karpin, Çerçesov, Dasayev, Qazzayev kimi sovet futbolunun məhşur simaları oynamışdılar.  Həmin görüşün təşkili üçün Ermənistan Futbol Federasiyası bütün qüvvəsini səfərbər etmiş, İrəvanın mərkəzi stadionunda baş tutan qarşılaşmaya bilet satışı da həyata keçirikmişdi. 

Göründüyü kimi, AFFA ermənilərə də, gürcülərə də uduzur. Həm futbolun inkişafında, həm də təşkilatçılıqda.

Sport7.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";