BİLİM / DİN
Aysel Əlizadə yazır: Azərbaycanda Terrorun İzi Tarix : 08 İyul 2018, 18:10
Yazar : Aysel Əlizadə

ABŞ - la yaxınlaşma kimləri narahat edir?

Azərbaycandakı olaylar kiçik araşdırma aparmağa əsas verdi. Bir səhifənin izinə düşərək böyük bir şəbəkəyə çıxış yarandı. Azərbaycanda yasaqlanan az.truthngo.org saytında gedən yazılar belə başlıqlarla verilib:  "Azərbaycanın ATV kanalı İran mədəniyyətinə qarşı”.  "Dünya şöhrətli futbolçu Ayətullah Amili ilə görüşüb”.

  

Moskvada fəaliyyət göstərən "Djafari" hərəkatı  və  "Azərbaycan Rusiya Müsəlman birliyi”   təşkilatının birgə tədbirlərindən fraqmentlərə də rast gəldim.  2015 - ci il Nardaran hadisələri ilə bağlı belə bir məlumat var: "Moskvada Yaxın Şərq xalqlarına zülm edən Birləşmiş Ştatlar, İsrail, Səudiyyə Ərəbistanı və bir sıra Avropa ölkələrini qınayan tədbir keçirildi. Azərbaycan hökumətinin ideoloqlar, monoteistlər, maarifçilər, eləcə də xalq aktivistlərinə qarşı ədalətsizliklərinə toxunuldu. Mərasimdə xanım Anastasiya Yejova 2015 - ci il noyabrın 26 - da Azərbaycandakı hadisələri qeyd etdi. Onun peşəkar yanaşmasını və Nardaranda baş verən qanlı  hadisələri açıqlamasını yüksək qiymətləndiririk”.  

Və bu zaman Anastasiya kimdir sualı ortaya çıxır. Anastasiya Yejova Rusiyada irançı, iranşünas kimi tanınır. İranla bağlı bütün suallarda onun rəyi öyrənilir. Tez-tez İrana səfər edir. Özünə Fatimə ləqəbi götürən Fatimə Anastasiya ( bu cür də yazılır) Rusiyada yaşamış siyasi xadim, ilahiyyatçı alim, Rusiya İslam Komitəsinin rəhbəri, yazıçı, ictimai xadim, dünyaca ünlü politoloq  Heydər Camalın tələbəsi olub. 2016 - cı ildə nədənsə qəfldən Qazaxstanda müalicə vaxtı ölən və orada dəfn olunan Rusiya vətəndaşı Heydər Camal Azərbaycanın Qarabağ problemi ilə bağlı birmənalı mövqeyi ilə tanınırdı. İranın Ermənistanla yaxınlaşma cəhdlərini kəskin tənqid edirdi. 2015-ci ildə İranın tanınmış din xadimi " Dünya Əhli-beyt Qurultayı” təşkilatının sədri  Məhəmməd Həsən Əhtarinin Ermənistana səfər etməsini və orada "farslarla ermənilər qardaşdı” deməsini  pisləyib: "İran din ortağı olan Azərbaycanı, ölkə əhalisinin 30  milyonu azərbaycanlı olduğunu nəzərə almadan Ermənistana səfər edir və qardaş olduqlarını bəyan edir.  Bu, Azərbaycana politik göstəri, təhqir idi. Rəsmi Bakıya qarşı addım idi”.  Əslində İranın bu cür səfərləri və onlarla isti münasibətlər  sərgiləməsi dəfələrlə olub. 2011 – ci ildə Mahmud Əhmədinejat, ondan sonra İran birinci vitse-prezidenti İshaq Cahangiri, 2016-cı ildə İran prezidenti Həsən Ruhani Ermənistana səfər edib. Hamısı da eyni canfəşanlıqla Ermənistana doğma olduqlarını göstərib.

Heydər Camalın bu sərt çıxışlarından sonra həmin Fatimə Anastasiya ona qarşı (bir az da utana-utana, müəllimi olduğu üçün hər halda) çıxmağa başlayır. Onu işidçilikdə suçlayır. Heydər Camal İslam dünyasında çox nüfuzlu və fəaliyyəti, əməkdaşlıqları ilə həmişə müzakirə edilən, birmənalı qarşılanmayan adam idi. Ermənistanı "permanent satqın” adlandırırdı.  Amma Heydər Camal Azərbaycanda haqq - ədalət tələb etdiklərini iddia edən dini qrupların heç birində istinad olaraq gözə dəymir. İstinad yalnız İran liderləri, ayətullahlardı.  Fundamental intellekti ilə tanınan İslam alimi Heydər Camal İranın Azərbaycanla bağlı mövqeyini kəskin qınadığı üçün din radikallarının sevimlisi ola bilmirdi.

Həmin şəbəkə səhifələrində Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan dövlətçiliyi haqda bir cümləyə rast gəlmək də olmur.  Rusiyanın bütün teleproqramlarında Azərbaycanı müdafiə edən islamçı alimlər  onlara doğma deyil.  Cümhuriyyətçilər və onların qurduqları dövlət, qoyduqları dövlətçilik ənənəsi isə söz konusu belə ola bilməz. Yalnız İran liderlərinin şəkilləri və İranla bağlı təbliğat materialları  var, vəssalam.  

Bu zümrə ən çox  Azərbaycanda möminlərə qarşı hökumətin təzyiqi olduğunu iddia edir.  Azərbaycanda yaşayan istənilən tərəfsiz vətəndaş bu ölkədə möminlərə qarşı heç bir əməliyyat aparılmadığını təsdiqləyər. Dindara, inanclıya qarşı heç vaxt heç bir qərəzli addım atılmayıb burda.  Nə dövlət, nə ictimaiyyət belə bir həvəsdədi. Ama əksi olub. İnancsızlar radikalların şantaj və təhdidləri ilə dəfələrlə üzləşiblər. Təhdid olunanların əlində  sübutlar da var. İranı və onun  siyasətini tənqid edən Rafiq Tağı öldürülüb.  Hətta radikal olmayan, maarifçi inanclılar da bu təzyiqlərə məruz qalıblar. Ölkə əhalisinin çoxu inanclıdı və müsəlmandı. İstədikləri vaxt məscidə gedirlər, rahatca inanclarını gerçəkləşdirirlər. Təzyiq yalnız rəsmi açıqlamalara əsaslansaq,  dövləti devirib şəriət dövləti qurmaq, din dövləti yaratmaq istəyən xüsusi qruplaşmalara və onların aşkara çıxan planlarına görə olub. Bu qruplaşmaların bir hissəsi  Moskvada təşkilatlanıb. Fəaliyyətləri də gizli deyil - fake profilləri olsa da.  

Ötən il Moskvada yaşayan biznesmen soydaşımız yaxın çevrədə etiraf etdi ki, illərdi Moskvada təşkilatlanmış dindarlara maddi dəstək verir və bu pulların hara yönəldiyi haqda ona heç nə deyilmir.  O isə pulun yardım məqsədi ilə xərclənməsinə inanaraq edir.  Nəhayət hesabat tələb edəndə ortaya bir fakt qoyulmur. Aldandığını anlayıb həmin qrupdan uzaqlaşır. Azərbaycanda işıqlar sönəndə həmin şəbəkədən " çıxın meydanlara, dağıdın hər yeri, məmurların uşaqlarını öldürün” tipli mesaj yazanlar da vardı.  

Azərbaycanda zaman - zaman terakt xarakterli hadisələr baş verir. Hökumət bəlkə də panika yaranmasın deyə bunu etiraf etmir. Neft Akademiyasında baş verənlərdən yanan binaya, Neft Daşlarında olanlara, Narkoloji Mərkəzin yanmasından işıqların sönməsinə, sui-qəsdəcən. Bu gün də İstək liseyinin bağlanmasını müəmma saymaq olar. Neçə ailə və şagird üçün böyük travma olacaq hadisədi. İstək liseyi "Çağ” liseyi bağlanandan sonra onun bazasında yaradılıb.  Bu liseyin şagirdinin ixtirası nüfuzlu Forbes jurnalına "gənc ixtiraçı” kimi tarixə düşüb. ABŞ prezidentinin qızı bu hadisəni dünyanın gözü qarşısında dilə gətirib. Azərbaycan üçün kiçik uğur deyil. 27 İyun, ölkədə son olaylardan az öncə Azərbaycan prezidenti ABŞ dövlət katibinin nümayəndə heyətini qəbul edib. Görüşdə ABŞ - la Azərbaycanın əməkdaşlığında ikitərəfli münasibətlərin iqtisadi, enerji və siyasi  inkişafından danışılıb. Yüzillik yubiley, ardınca Hərbi Parad...ABŞ – la yaxınlaşma üçün adılan addımlar. Prezident  Azərbaycanın həyata keçirdiyi nəhəng enerji layihələrinin reallaşmasına ABŞ hökumətinin verdiyi dəstəyin böyük önəm daşıdığı vurğulayıb. Azərbaycanın hər zaman müxtəlif enerji layihələri, o cümlədən böyük əhəmiyyət daşıyan "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında ABŞ-dan dəstək hiss etdiyini deyib.  NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına Azərbaycanın da qatqısı olduğunu və bundan sonra da olacağını qeyd edib. ( Resolute Support Mission) 2015 – ci il Yanvarın birindən Əfqanıstan hökümətinə beynəlxalq dəstək də demək olar.  QTM NATO - nun savaşsız dəstək və kömək missiyasıdı).

İyunun 8 - də Azərbaycanın Müdafiə Naziri NATO-nun toplantısında çıxış edərək eyni fikirləri səsləndirib. Qeyd edək ki, 2018-ci ilin Yanvarından Azərbaycan NATO - nun Əfqanıstanda keçirdiyi Qətiyyətli Dəstək Missiyası üzrə Azərbaycan Ordusunun Sülhməramlı kontingent heyətini 120 nəfərə çatdırıb. Həmin kontingent Kabil Beynəlxalq Hava Limanını mühafizə edir.  Bu yaxınlaşma, əlbəttə, qonşularda qıcıq doğurur.  Azərbaycan nə zaman Qərblə bir addım yaxınlaşma üçün addım atır ölkədə nəsə baş verir. Bunu hiss etməmək mümkün deyil. Dəstək Missiyasına qoşulandan sonra da mart ayında Narkoloji Dispanserdə  yanğın baş verdi. İlkin nəticəyə görə elektrik şəbəkəsində nasazlıqdan idi.  Bunun ardınca ölkədə növbəti elektrik  fəlakəti yaşandı ... və ardınca Forbesəcən gedib çıxan Liseyin bağlanma xəbəri gəldi. Bəzən hadisələrin gizli saxlanması əks effekt verir. Xaotik xəbər axınında ictimai fikir yanlış yerə yönəlir. Bizim mental gizlilik adətimiz siyasətə də yansıdığı üçün hər çətin situasiyada cəmiyyət çaşqınlığa düşür. Yalan-palan informasiyalar uçuşur. Aqressivlik güclənir. Nəticədə təhlükədən yan keçmək istədiyimiz halda daha böyük təhlükə yaranır. Bu təhlükələr isə Azərbaycana çox yerdən gəlir.