13:11, 03 Avqust 2016 (Çərşənbə) 572

Azərbaycan turizmdən niyə qazana bilmir? - I YAZI

Azərbaycan turizmdən niyə qazana bilmir?   - I YAZI
 

Azərbaycanın post-neft dövründə büdcə gəlirlərinin formalaşmasının əsas mənbələrindən biri turizm sahəsi olmalı idi. Təəssüf ki, hökümətin təbliğ etdiyi turizm sahəsi ilə bağlı proqnozlar özünü doğrultmadı. Statistik rəqəmlər ölkənin turizm siyasətinin iflasa uğradığından xəbər verir. Belə ki, Dövlət Statistika Komitəsi 2015-ci lin yekunları üzrə turizm statistikası bunu göstərir. 

Avropa Oyunlarının keçirildiyi 2015-ci ildə ölkəyə gələn türist sayı  əvvəlki illə müqayisədə 293 min nəfər (15 faiz) azalıb. Bu göstərici 2012-2013-cü ilə nisbətən azalma 450-500 min nəfər (20-25%) təşkil edib. 

365.az xəbər verir ki, 2015-ci ildə ölkəyə 2 milyon nəfər xarici turist gəlib. Onlardan cəmi 24.6%-i (495 min nəfər) mehmanxanalarda (mehmanxana tipli yerlərdə) gecələməyə üstünlük verib. İqtisadçı ekspert Rövşən Ağayevin fikrincə ölkəyə gələnlərin 70%-ə qədəri Rusiya və Gürcüstanda yaşayan azərbaycanlılardır ki, bura gəzmək və istirahətdən daha çox yaxınlarını ziyarət üçün gəlirlər: "Fakitiki bizdə qohum-dost ziyarəti turizmi daha üstün paya malikdir və yəqin dünyada bu turizm növünə görə şəriksiz liderik. Türkiyədə turizmlə bağlı araşdırma aparan EKIN GRUBU-nun tədqiqatna görə, hazırda yaxınları ziyarəti ilə bağlı turistlərin payı dünya üzrə orta hesabla 10-15% intervalındadır".

Qeyd edək ki, son illər ölkəyə gələn turistlər azalsa da, onların gecələməsi üçün yerlərin sayı son illər xeyli artıb. Rəsmi statistikaya görə, 2015-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə turistlərin gecələməsi üçün yerlərin birdəfəlik tutumu 37728 ədəd olub. Yəni, həmin müəssisələrdə bütün yerlər tutulsa, bir gecədə 37 mindən çox qonağı saxlamaq mümkündür. Bu rəqəm 2011-ci ilə nisbətən 5.3 min ədəd çoxdu. Əgər ilin bütün günləri həmin yerlərin hamısı tutulmuş olsa, hazırda Azərbaycanın bütün mehmanxana və mehmanxana tipli müəssisələri il ərzində 13.8 milyon sutka-çarpayı sifarişi qəbul edə bilər (100% doluluq səviyyəsi). Amma rəsmi statistikaya görə sifarişlər təxminən 1.6 milyon sutka-çarpayı olub. Bu o deməkdir ki, mehmanxanaların doluluq səviyyəsi təxminən 11.5% təşkil edib. Dünyada top 10-luqda olan turizm ölkələrində bu göstərici 60-75% intervalında dəyişir. 

Azərbaycanın özündə bu göstərici 2011-2013-cü illərdə 12-14% olub. Sadəcə son 2 ildə mehmanxanaların və gecələmə yerlərinin sayı artıb, amma turistlərin sayı azalıb. Ona görə də mehmanxanaların "doluluq səviyyəsi" göstəricisi azalmaqda davam edib. Bu da Azərbaycanda turizmə yatırılan sərmayənin səmərəliliyini aşağı olmasından xəbər verir. 

Rəsmi açıqlanan rəqəmlər fonunda bu sahəyə məsul olan Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrdə turizmin təbliği ilə bağlı gördüyü işləri bəh-bəhlə təqdim edir. Ancaq nazirliyin açıqladığı məlumatları araşdıranda məlum olur ki, görülən işlərin əksər hissəsi imitasiya xarakterlidir. Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı hesabatlardan məlum olur ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi əvvəlki illərlə müqayisədə xaricdə daha çox sərgilərdə iştirak etmiş, xarici kütləvi informasiya vasitələrində reklam materialları yayıb, ölkəmizin turizm potensialının təbliğ etmək üçün bir neçə sayt yaradıb. 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi 13 beynəlxalq turizm sərgisində iştirak edib. Özlərinin dediyi kimi qeyd olunan sərgilər Azərbaycan üçün gəlmə turizmi baxımından prioritet sayılan ölkələrdə (Rusiya, Almaniya, Böyük Britaniya, BƏƏ və s.) keçirilib. 

Nazirlik tərəfindən 2013-cü ildə yaradılan www.azerbaijan.travel portalı 7 dildə fəaliyyət göstərdiyi iddia olunur: Azərbaycan, ingilis, rus, çin, türk, fransız və alman. Saytı ziyarət etdikdə məlum olur ki, sayt müasir tələblərə cavab vermir. Xarici turizm şirkətlərinin saytları ilə www.azerbaijan.travel portalını hər bir oxucu özü üçün müqayisə edə bilər. 

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada Azərbaycan turizminin təbliğ edilməsi məqsədilə yaratdığı www.go-az.ru saytı umumiyyətlə işləmir. Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) yaradılan www.ourazeribaijan.com saytı isə ötən il keçirilən Avropa Oyunlarını hələdə ərəb oxucularına yalnız ingilis dilində təbliğ edir. 

Yeri gəlmişkən qeyd edək ki, mütəxəssislər ilkin mərhələdə Azərbaycanın turizm bazarının ərəb ölkələri və post-sovet ölkələrini hədəfləməli olduqlarını bildirirlər. Təəssüf ki, bu sahədə də əsaslı irəliləyiş yoxdur. Məsələn, regionda turizm sahəsində lider olan Türkiyədə baş verən qanlı terror olayları və manatın iki dəfəyədək ucuzlaşması belə rusları Azərbaycana istirahət etmək üçün stumullaşdırmadı. Türkiyə bazarının muştərisi olan ərəb turistlərinin az bir qismi bu il Azərbaycana gəlsələr də burdakı şəraitdən narazı olduqlarını gizlətmirlər. İraqın Azərbaycandakı səfiri Hayder Şiyə əl-Barrakı açıqlamaların birində burdakı şəraitdən narazı olduğunu gizlətməyib. Müşahidələr göstərir ki, Azərbaycanda qiymətlərin bahalığı, mehmaxana, restoran və nəqliyyat xidmətlərinin zəif olması, internetin sürətinin aşağı olması, ərəb və ingilis dilini bilən bələdçilərin az olması turistləri qane etmir. Ərəb mediasının yazdığı kimi, Azərbaycanda orta hesabla 490 dollar xərcləyən ərəb turistinin narazı salmamaq üçün hər şey edilməlidir. 

Türkiyədə baş verən olayların fonunda Azərbaycanda çoxalan ərəb turistlərinin gələn il də bura gətirmək üçün çox iş görülməlidir... Ən əsası isə turizm sahəsində rəqabətə nail olmaq lazımdır.

Aydın

365.az

NÖVBƏTİ YAZILARDA:

- Azərbaycan Turizm Assosiyası nə işlə məşğuldur?

- Aviabilet monopoliyası və inhisarçı şirkətlər hansılardır?