HƏR ŞEY / HEÇ NƏ
Bizim vicdansızlığımız Tarix : 08 İyul 2018, 16:06
Yazar : Flora Hüseynova

 Əvvəllər kitab oxumaq adi hal idi. Yeni bir kitab işıq üzü görən kimi əldən-ələ gəzirdi. Evdar qadınlar kitabları oxuyub müzakirə edərdilər.  Maraqlı  kitabları kitabxanalardan alıb oxuyardıq. Və bu kitablar təbii ki, sovet rejiminin   senzurasından keçirdi.  Zaman dəyişdi. Texniki inkişaf bizə çox şey qazandırdı. İndi istədiyimiz hər şeyi senzurasız oxuya bilirik. İnternetdən bol-bol məlumat almaq imkanımız var.  Bu, çox gözəldi.  Pis odur ki, bəzən  istəmədiyimiz məlumatları da almalı oluruq.  Madam indi hər istədiyimizi yazıb yaya bilirik, nədən bunun ən sərfəlisini etməyək? Şəraitdən cəmiyyətə  xeyir vermək üçün istifadə edə bilərik. Mən  xalqımızın ancaq bayağı məlumatlara , yazılara meyilli olduğunu qəbul etmək istəmirəm. Hansısa əxlaqsızlıq yuvasında olan bir hadisəni çılpaqlığı ilə yazıb paylaşmadan keçinmək mümkündür axı.  Bilirəm, bu məlumatlar daha çox oxucu sayı qazanmağa hesablanıb. Bu çox yanlış yanaşmadır. Olsun. Amma iradəsindən asılı olmayaraq, o əxlaqsızlıq yuvalarına sürüklənmiş qadınların bu yoldan necə qurtara biləcəkləri haqqında qanunda təsbit olunan maddələri də arabir paylaşsaq, kimlərəsə yol göstərmiş, kömək etmiş olarıq. Onların düşdükləri acınacaqlı vəziyyətləri reytinq xətrinə paylaşmaq bir günlük oxunma sayından başqa heç nə qazandırmır.  Və deyəsən, ən yaralı yerimiz də bu başbəlası  reytinq yarışmasıdır.  Kiminsə düşdüyü pis vəziyyətlə, çirkaba yuvarlanması ilə özümüzə iş qurmağımız bizi onlardan nə ilə fərqləndirir?

Bir qızın zorla istəmədiyi adama ərə verilməsinə göz yumanda o, evdən qaçıb daha pis  duruma düşə bilir.  Hər  qız özünü qoruya biləcək gücdə və savadda deyil.  Cəmiyyətin  üzərinə məsuliyyət düşür.  Saytlar, sosial şəbəkələrdə insanlar isə bu vəziyyəti bir az da ağırlaşdırır.  Məktəblərdə qızlarımıza hüquqlarını bilmələri üçün dərs saatı ayrılması yaxşı olardı. Ən azından  bilsələr ki, erkən yaşda nigaha məcbur edilməyə görə qanunla 2500 azn-dən dən 3000 azn-dək cərimə  və 2 ildən 3 ilədək həbs cəzası gözləyir, özlərini müdafiə etməyin hüquqi yolunu taparlar.  Bununla nə qədər gənc qız zorakılıqdan qurtula bilər.  Burada  qanunun bütün maddələrini sadalamaq istəmirəm. Ən azından, kiçik bir arayış olsun.  Bu mövzularda silsilə yazılar hazırlayacağam.  Yeri gəlsə, onlayn verilişlər də etmək olar. Vacibdir. 

Yaralarımızı sağaltmaq əvəzinə  dərinləşdirməyək.  Kiminsə dərdindən özümüzə reytinq qazandıq bəs sonrası?  Gəncliyimizə, gələcəyimizə kim sahib çıxsın? Xalq özü öz taleyinə sahib çıxır. Olacaq pis hadisələrin qabağını alaq ki, hadisə olandan sonra ondan yazıb, reportaj hazırlamaq üçün həvəslənməyək.

Bir dəfə intellektual  proyektlə bir TV kanalına müraciət etdim. Proyekti oxudular və “gözəldi, əladı, amma bizim kanal üçün çox səviyyəlidir” qəbul edə bilmərik dedilər. Anladım ki, maarifləndirici verilişləri qəbul etməkdə problem var.  Cəmiyyətimizə özümüzdən başqa zərbə vuran yoxdu.  Bizə ancaq şou lazım deyil.  İntellektli verilişlərə, yazılara da xalqın ehtiyacı var.  İnsanlara nə göstərirlərsə, ona baxırlar, nə yazırlarsa, onu oxuyurlar.  Senzura yoxdursa, hər şey məqbuldu anlamına gəlməz.  Senzura bizim vicdanımızdı. Ölkəmiz, cəmiyyətimiz, gələcəyimiz qarşısında məsuliyyətimizdi. Mən bizim bu qədər vicdansız olduğumuza inanmaq istəmirəm.