12:39, 12 Yanvar 2017 (Cümə axşamı) 39

“Bulla-dəniz” yatağında qazyığma məntəqəsi inşa edilir

“Bulla-dəniz” yatağında qazyığma məntəqəsi inşa edilir

Bakı. 12 yanvar. / Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Bulla-dəniz” yatağında 2A saylı Qazyığma Məntəqəsinin inşasını davam etdirir.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, yataqda hasil olunan karbohidrogenlərin yığılaraq sahilə nəql olunması məqsədi ilə inşa edilən Məntəqə ayrıca özül üzərində quraşdırılacaq. Hazırda tikintisi davam edən özülün ümumi sahəsi 1 900 kv. metrdir. İstehsalat, qaz-atqı avadanlığı yerləşən və məişət sahələrindən ibarət özül dənizin 21 metr dərinliyində yerləşir. Artıq 6 dayaq bloku, 4 aralıq seksiyası, 2 piyada körpüsü, 7 minik və yanalma meydançası hazırlanaraq quraşdırılıb, 36 ədəd svay vurulub, blokların bir-birilə bərkidilməsi üçün suüstü əlaqələr quraşdırılıb. Metalkonstruksiyaların qaynaq-bərkidilməsi, eləcə də konsol, məhəccər və döşəmənin quraşdırılması işləri tamamlanmaq üzrədir. 

“Bulla-dəniz” yatağında yerləşən özüllərdən hasil olunan neftin, qazın və kondensatın 2A saylı Qazyığma Məntəqəsinə, oradan da sahilə nəql olunması məqsədi ilə 22,174 km uzunluğunda müxtəlif diametrli texnoloji sualtı boru kəmərlərinin çəkilməsi, o cümlədən 8 km-lik qaz və maye xətlərinin yerinin dəyişdirilməsi işləri də həyata keçiriləcək. 

Obyekt istismara verildikdən sonra “Bulla-dəniz” yatağında hasil olunan 6,9 mln. kubmetr qazın, eləcə də 1 350 ton neft və kondensatın yığılaraq sahilə nəqli təmin ediləcək.