13:04, 26 Aprel 2017 (Çərşənbə) 97

Ekspert: "Maliyyə yardımının ləğvi Azərbaycanın ABŞ üçün əhəmiyyətinin azalması demək deyil" - RƏY

Ekspert:

Bakı. 26 aprel. / Xarici ölkələrə maliyyə yardımının azaldılması və ya ləğv edilməsi barədə qərar qəbul edilərkən ABŞ-da bu ölkələrin iqtisadi inkişaf indeksi nəzərə alınıb.

Bu barədə "Report"a Rusiya Elmlər Akademiyasının (REA) İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev ABŞ Dövlət Departamentinin bir sıra inkişaf etməkdə olan ölkələrə, o cümlədən Azərbaycana maliyyə yardımını ləğv etməyi planlaşdırmasıyla bağlı yayılmış xəbərləri şərh edərkən bildirib.

"Böyük ölçüdə, bu, sırf daxili məsələdir: Tramp bir çox istiqamətlər üzrə dövlət xərclərini azaldır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, maliyyələşməni MDB-nin inkişaf indeksinə görə liderlərindən - Qazaxıstan, Azərbaycandan və inkişaf tempinə görə liderlərindən - Özbəkistan, Belarus, müəyyən dərəcədə də Türkmənistandan kəsmək istəyirlər", - deyə A.Karavayev vurğulayıb.

O, həmçinin oxun bu ölkələrə düşməsinin onlarda "Qərb nümunəsi" ilə demokratiya olmaması, bu ölkələrin öz yolu ilə getməsi ilə əlaqədar olduğunu qeyd edib.

"Müəyyən mənada USAID-in bu ölkələrdə inqilabların hamısı kimi mənfi imici də rol oynayıb. Məsələn, 2012-ci ildə onların Rusiyadakı ofisi məhz Rusiya hökumətinin tələbi ilə bağlanıb", - analitik əlavə edib.

Onun sözlərinə görə, indi Azərbaycan üçün inkişaf institutları rolunu tvinninq-layihələr, kiçik biznesin inkişafı üçün ünvanlı proqramlar həyata keçirən, bu və ya digər məqsədlər üçün infrastruktur bankların fərdi qrantlarını ayıran Avropa İttifaqı oynayır.

A.Karavayev ABŞ tərəfindən maliyyə yardımının ləğvinin Azərbaycanın əhəmiyyətinin azalması demək olmadığını qeyd edib.

"ABŞ-ın Mərkəzi Asiya, Əfqanıstan və Yaxın Şərqdəki siyasətində Bakının yeri sabitdir", - ekspert bildirib.

A.Karavayevin sözlərinə görə, yardım proqramlarının Ermənistan üçün saxlanılması ilə Azərbaycana məhdudiyyətlər tətbiq edilməsini müqayisə etmək lazım deyil.

"Ermənistanın onlara daha çox, təcili ehtiyacı var. Lakin azalmadan sonra Yerevan üçün də bu yardım formal xarakter alacaq", - ekspert hesab edir.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";