18:29, 20 Aprel 2017 (Cümə axşamı) 81

Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Bakı. 20 aprel. / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano ilə görüşüb.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə,  görüşdə nazirlər bu il Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini bildirərək, bu illər ərzində bütün sahələrdə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən məmnunluq ifadə ediblər.

Nazir Angelino Alfano Azərbaycanın çox önəmli və etibarlı tərəfdaş olduğunu, yüksək səviyyəli siyasi dialoqun mövcudluğunu, əlaqələrin strateji əhəmiyyət kəsb etdiyini bildirib. O, enerji sektorunda əlaqələrin vacibliyini, TAP layihəsinin əhəmiyyətini qeyd edərək, iqtisadi əlaqələrin digər sektorlarda dərinləşdirilməsi istiqamətində geniş imkanların olduğunui vurğulayıb.

Nazir E.Məmmədyarov iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-ci ildə İtaliyaya səfəri vaxtı qəbul edilmiş birgə bəyanatda təsbit olunduğunu, İtaliyanın ölkəmizin Avropa İttifaqında ən iri ticarət tərəfdaşı olduğunu, enerji sektorunda geniş əməkdaşlığın mövcudluğunu, humanitar sahədə əlaqələrin, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətini qeyd edib.

O, Cənubi Qaz Dəhlizi və onun vacib hissələri ilə TANAP və TAP layihələrinin əhəmiyyətini vurğulayıb, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verərək, bu istiqamətdə əməkdaşlığın əlverişli perspektivlər vəd etdiyini deyib.

Elmar Məmmədyarov həmkarına Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar barədə məlumat verib. 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir EşMəmmədyarov Avropa İttifaqının dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazirlər birgə mətbuat konfransı keçiriblər.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";