KİŞİ KİMİ
ELNUR KƏRİMOV: “Cəfər Cabbarlını Cəlil bəy sevə bilməzdi” Tarix : 08 İyul 2018, 16:09
Yazar : Qadinkimi.com

Qadinkimi.com istedadlı aktyor Elnur Kərimovla müsahibəni təqdim edir. 

Elnur bəy, niyə anlaşa bilmir insanlar? Məsələn, qadınla kişi...

- Bu dövrün ən böyük bəlalarından biri 19 – cu  əsr təfəkkürü ilə qadınlara münasibətdi. Kişilər anlamırlar ki, ailənin dağılmasına, narazılığa ən çox səbəb olan budu. Biz istəyirik dovr dəyişsin, ancaq qadın əvvəlki əsrlərdə qalsın. 

Biz kim?

- Kişilər.

Bütün kişilər belə istəyir?

- Yox. Ziyalılar, dünyagörüşlü insan belə istəməz.  Bizim elə ilk feminist yazıçılarımızdan Cəfər Cabbarlını misal gətirək.  "Almaz" əsərini yazıb. Həm də Aprel İnqilabından sonra. Xalqda oyanış yaratmaq istəyib. Azərbaycan teatr səhnəsinə qadınların çıxmasını təbliğ edib. Qadının özünü səhnədə bir sənətkar kimi hiss etməsinə çalışıb. Zaman da göstərdi ki, nəhəng aktrisalar yetişə bilər. Onlara imkan vermək lazım idi sadəcə. 

Aprel İnqilabı ilə Azərbaycan Cümhuriyyəti devrilib. Bu inqilab Azərbaycanın müstəqilliyini əlindən alıb. Cabbarlının ondan ilhamlanıb əsər yazması bir az qəribə səslənmir?

- Cəfər Cabbarlı “1918-ci il” adlı əsər yazıb. Həmin əsərdə  baş vermiş bütün hadisələr öz əksini tapıb. Hətta səhnələşdirilib. İndiyə qədər Cümhuriyyətlə bağlı belə əsər yazılmayıb. Tamaşaya baxanların xatirələrindən bilirəm. Baş rolda H. Ərəblinski oynayıb, amma əsər sonradan itib. Təəssüf ki, heç bir nüsxəsi qalmayıb. Milli Şura va ardınca müstəqillik elan olunduğu zaman ilk növbədə qadınlara bərabər hüquqlar verilib. M. Ə. Rəsulzadə özü belə qadınların cəmiyyətdə rolunun önəmli olduğunu söyləyib. Müstəqillik elan olunduğu zaman karküzarlığın şöbə müdiri qadın olub. Nitq söyləmək üçün çıxış da edib. "Almaz" əsəri bolşeviklərə dəstək üçün yazılmayıb. Əksinə, altında Milli Şura düşüncələrinin bədii təsviri var. Necə ki Xan Şuşinski “Şuşanın dağları” mahnısında üç rəngli bayrağı təsvir edir. “Şuşanın dağları başı dumanlı, qırmızı qoftalı, yaşıl tumanlı”. Özü də bunu açıq şəkildə söyləyib.

Ömrü çatmadı, bəlkə də Cabbarlı daha çox iş görərdi.   

- Müəmmalı şəkildə 34 yaşında dünyasını dəyişib. SSRİ Yazıçılar İttifaqının sədri olmuş Aleksandr Fadeyevin onu zəhərlədiyi versiyası da var. Buna baxmayaraq arzusu reallaşıb. Qadınlar teatra gəlib, filmə çəkilib. Cabbarlı dövrünün öndə olan ədəbiyyatçılarını, tənqidçi, teatrşünaslarını tənqid edirdi. Mirzə Cəlilə “Ölülər”, Hüseyn Cavidə “Şeyx Sənan” əsərinə görə irad tuturdu. Həmin dövrdə  qadınların azadlığı uğrunda çalışan, onların teatra gəlməsini arzulayan  Cəfər bu yolda tək qaldığını anlayırdı. Amma yolundan dönmürdü. Məhz “Sevil” əsərindən sonra çadrasını atan obraz  tənqid olunur. Mirzə Cəlil  yazır : "Şərq qadını çarşabını çıxaranda müasirləşdik deyib papağımı göyə atdım. O gün bu gündür papağımı tapa bilmirəm”. Bu da təbiidi.  Kefli İsgəndəri müsbət obraz saymayan Cəfəri Cəlil sevə bilməzdi. Cabbarlı  Cəlil bəy və Hüseyn Cavidin əsərlərinin səhnə həllinə tamaşa edəndən sonra resenziyalar yazırdı.  İndi onlar kitab halında  oxuculara təqdim olunur.

Cəfər Cabbarlının üsyanı nəyə idi?

Cabbarlı dövrün yazarlarından xalqı öyrədən yazılar gözləyirdi. Hüseyn Cavidə deyirdi ki, lirika, sevgi, “Şeyx Sənan” yazmaq vaxtı deyil. Teatrın dili ilə cəmiyyətə olanları çatdırmaq lazımdı. Çünki tək əldən səs çıxmır. Cəlil buna qarşı deyildisə, niyə elə bir atmaca yazırdı Cabbarlıya? Bunlar araşdırılmalı məqamlardı. Cəlil bəyin də felyetonları xalqı marrifləndirmək üçün yazılıb. Nədənsə fikir adamlarımız bir araya gələ bilməyiblər. Cəlil  bəy din sözü altında insanları aldadanları ifşa etməklə məşğul idi. Haqverdiyevin də bu mövzuda əməyi danılmazdı. Adi bığ qırxmağına görə  H.Ərəblinski dayısı oğlu Xaliq tərəfindən qətlə yetirilir.  Belə dövrdə qadın azadlığından söhbət gedə bilməzdi. Amma cəmiyyət  formalaşdırmaq lazım idi deyə bu cür şedevr əsərlər, tənqidlər, ədəbi fikirlər yarandı. 

İndi teatrda necə tamaşalara ehtiyac var, sizcə?

- İndi, məsələn, “Almaz” pyesini səhnələşdirməyə nə ehtiyac var?  

Nəyi səhnələşdirmək lazımdı?

- İki ildir beynimdə bir layihə var.  Nobel mükafatçısı Dario Fonun  kitabı əlimə keçib. Orada 12 monotamaşa var.  Sırf aktrisalar üçün yazılıb. Mediadan  tutmuş cəmiyyətdə bütün hadisələrə qədər qadınların əzabından danışılır. İstərdim ki, Teatr Xadimləri Ittifaqı ilə birlikdə bu cür əsərlər tərcümə etdirib ayrı-ayrı rejisssorların quruluşunda aktrisalara verək. "Ailə, Qadın və Uşaq" komitəsinin dəstəyi ilə belə tamaşalar səhnələşdirmək olar.  “Gender bərabərliyi”  və ya “Qadın huquqları” adı altında.  

- Bu ad altında hansı problemləri göstərmək olar?

- Məcburi evlilik, nakam sevgi, müdirin seks təklifi - filan kimi problemləri əhatə edə bilər. Başqa qadınla yaşayan kişi yoldaşını evdən bayıra çıxmağa qoymur. Bu, böyük faciədi. Evdə qardaşının arvadına tamah salanlar, nələr-nələr var…Teatrın inkişafı üçün cəmiyyətdə baş verən hadisələr səhnəyə gəlməlidi.  İnsanlar səhnədə özlərini görsünlər. İndiki vəziyyətdə teatrın güzgüsü tozlanıb. Gərək təmizlənə.

Feministsiz?                                                       

- Feministəm. Görürsüz, bu mövzularda düşünürəm.  Beynimdə olan fikirləri bölüşdüm sizlə.

Ev işləri görürsüz?  

- Əlbəttə. Səhər yeməyi də hazırlaya bilirəm.  Qadınımın hamiləlik dövründə çalışdım ki, bütün ev işlərini özüm görüm. Onu incitməyim. İndi də bacardığım qədər kömək edirəm. Oşo nə deyirdi? Hər kişinin içində bir qadın, hər qadının içində bir kişi var.  Bu, hörmətdi. Sadəcə hörmət. Ata evdə  anaya hörmət edirsə, oğul da bunu edəcək.

Niyə bizim kişilər demək olar hamısı məişət əlilidi?

- Çünki düşüncədə invalidlik var.

Sizə ev işlərini ananız öyrədib?

- Anam da, atam da. Atam həmişə deyirdi, hər gün hər  şey ola bilər, çalış özünə yemək bişirəsən. Özünü idarə edəsən. Atam özü köynəyini ütüləyəndə deyirdi bax, öyrən. Bu cür vaxtında deyilən sözlərdən təsirlənib öyrənmişəm. Evdə, məişətdə “kişilik” edənlər əksər hallarda çöldə kişi kimi davranmırlar.

Bir tərəf məişət əlilidisə, digər tərəf məişət quludu.  

- Beş uşağı olan ana güman ki, məişət qulu olmaya bilməz. Amma bunun çıxış yolunu ağılla tapmaq olar. Məişət qulu ərindən dəstək almayan və hamının işini görməyə borclu olan qadındı. Analarımız oğlanlarına heç nə oyrətmirlər. Nə cəmiyyətdə, nə sevgidə, nə ailədə…Bunun da əziyyətini qadınlar çəkir. 

Ananız sizə nə öyrədib?

-  “Pionerler evi” var idi. Anam  5 uşaq - hamımızı səhər tezdən ora aparırdı. Hərə incəsənətin bir növü ilə məşğul olurdu. O da oturub kitab oxuyurdu.  Mütaliəni çox sevirdi.  Axşam saatlarına qədər  illərlə bunu  etməkdən yorulmayan valideynlərimə təşəkkür edirəm.  

Bir kişinin özünə çay süzə bilməməsi, bir yumurta qıra bilməməsi nə ilə izah oluna bilər ?

- Ərköyünlüklə. Guya uşaq  "kişi kimi"  tərbiyə edilib. Amma iflic olub. 3 yaşacan başqa, 4 yaşda başqa,10 yaşda başqa yanaşma ilə böyüməlidi uşaq. Uşaqla həmişə eyni yaşdaymış kimi davranmaq olmaz. Nəzarəti saxlamaqla sərbəst buraxacağın vaxt da gəlir. Yoxsul ailələrdə böyüyən kişilər var, məişəti bilmrlər. Axı bunun evində köməkçi də olmayıb. Kim görüb bütün işi?

Qul ana. Sonra qul arvad. Belə, belə dövr edir.

- Və bunun adına kişilik deyirik. Faciə budu. Ona görə bəzən kişilər tək qalmamaq, öz paltarını yumamaq, çayını süzməmək üçün çox səhvlər edirlər. Yanlış seçim edirlər, bəzən ailədən uzaqda olanda məhz buna görə xəyanət edirlər.

Elnur bəy, qonaq otağınızdakı pərdənin rəngini xatırlayırsız?

- Əlbəttə. Çünki pərdənin asılmasında özüm iştirak etmişəm. Tozlanmamasına özüm nəzarət edirəm. Ağ və qara güllər, naxışlar var. Ayağım sınmışdı. Xəcalət çəkirdim ki, yoldaşım bütün işləri tək görür. Qorxurdum birdən gec düzələr, yükün altında qalar. Ailəmlə birlikdə vaxt keçirməyi sevirəm. Dostlarıma da demişəm. Harasa getmək istəsəz, hamı ailəsi ilə gedəcək. Yoxsa mən yoxam.

Münasibətlərinizi istiqamətləndirməyi necə öyrənmisiz?

- Həyat böyük məktəbdi. Yaşadıqca hər şeyin dəyərini görürsən. Qadınına sayğını özün-özünə öyrədirsən. Mübahisə etsək, çalışıram söhbət sevgi ilə bitsin.

Adətən evdə hansı rəngli qabda yemək yeyirsiz?

- Kənarları naxışlı ağ qabdı.

Sizdə də hər şey naxışlıdı.

- Həyatımız kimi:)

Qadinkimi.com