FEMİNİZM
Feminizmin qısa hekayəsi Tarix : 08 İyul 2018, 16:08
Yazar : Gülnara Mehdiyeva

         Dövrümüzdə “feminizm” sözü həyatımızın bütün sferalarında rast gəlinir: bu sözə seriallarda gülürlər, bu söz altında bəzən çılpaq aksiyalar keçirilir, Avropa və ABŞ-da isə ciddi siyasi hadisələr zamanı qadın haqları və feminizm mövzusu gündəmə çevrilir. Bəs feminizm nədir və öz köklərini hardan alır?

Feminizm haqqında çoxsaylı miflər və uydurmalar mövcuddur. Feminizm haqda təsəvvürlər əksər hallarda şayiə və gümanlara əsaslanır. Bu səbəbdən də tarixi olduğu kimi danışmaq və feminizmə layiqli xarakteristikanı vermək önəmlidir.

Müasir elmdə çoxtərəfli və daxilən ziddiyyətli feminizm məfhumu üçün universal tərif yoxdur. L.Tattlın “Feminizm ensiklopediyasında” bu anlayışın 300-dən çox tərifinin olduğu deyilir.

Feminizmin mahiyyətini publisist Meri Şirin məşhur sitatı yaxşı ifadə edir: “Feminizm – qadının insan olması haqqında radikal fikirdir”.

Feminizm bir sosial nəzəriyyə və siyasi cərəyan kimi qadınlar üçün tipik həyati situasiyaların təsiri altında formalaşıb. Son vaxtlar tez-tez istifadə olunan bu kəlməni ikitərəfli nəzərdən keçirmək olar. Əvvəla, o, qadınların bərabər hüquqlar uğrunda mübarizəsinə dair siyasi hərəkatdır. Klassik feminizm dedikdə məhz bu anlayışı başa düşmək olar. Feministlərin siyasi aktivliyi reproduktiv məsələlər, məişət zorakılığı, analıq məzuniyyəti, bərabər əməkhaqqı, seksual qısnama, diskriminasiya və seksual zorakılıq kimi problemlərə diqqət çəkir. Feminizmin araşdırdığı mövzulara stereotipləşdirmə, obyektifikasiya, əsarət və patriarxat daxildir.

İkincisi isə, feminizm intellektual hərəkat, fəlsəfi cərəyandır, o, öz məzmununa görə klassik siyasi feminizmdən xeyli fərqlənir.

Müxtəlif tarixi dövrlərdə qadınlar müxtəlif dəyərlər uğrunda mübarizə aparırdı: əvvəlcə bərabər siyasi hüquqlar, sonra ali təhsil almaq imkanı, daha sonra isə istənilən işi seçməkdə azadlıq.

Feminizmin tarixini XVIII əsrin sonları, XIX əsrin əvvəllərinə aid edirlər, həmin dövrdə qadının kişimərkəzli cəmiyyətdə əzilən mövqe tutması fikri geniş vüsət almağa başladı. Feminist hərəkatı isə öz köklərini XIX əsrin qərb cəmiyyətinin islahatçı hərəkatından götürmüşdür.

Qeyd etmək lazımdır ki, 1890-cı illərdən “feminizm” sözü qərb dünyasında “qadın emansipasiyası” anlayışının sinonimi kimi işlədilirdi (lat. Emancipatio – asılılıqdan, əzilməkdən, qərəzdən azad olma). Qadının emansipasiyası ideyasını dəstəkləyənlər isə feminist adlanırdı. Bu anlayış o fikrə istinad edirdi ki, ilkin olaraq, bütün individlər öz aralarında bərabər idi və cinslərin qeyri-bərabərliyi kişilərdən tərəfindən qadınların zorla tabe edilməsinə dayanır. “Emansipasiya etmiş qadın” ("emancipation de la femme") termini 1830-cu il iyul inqilabı dövründə meydana gəldi.

Feminist hərəkatının iki əsrdən çox yaşı var –  bu müddət ərzində onun bir neçə dalğası baş tutub, qadınlar isə bir çox nailiyyətlər əldə ediblər.

Feminizmin “birinci dalğası”

         Birinci dalğa XIX əsr və XX əsrin birinci yarısına təsadüf edir. XIX əsrin ortalarında qadın hüquqları uğrunda hərəkat aydın mütəşəkkil forma aldı. Birinci dalğanın əsas tələbi – qadınların siyasi və iqtisadi hüquqları uğrunda mübarizə idi. Respublika hakimiyyət orqanlarında seçmək və seçilmək imkanı, nikahda mülkiyyət hüququ, nikahda bərabərlik, təhsil almaq (emansipasiya əleyhdarlarının fikrincə, seçki hüququ ilə yanaşı, ali təhsil də qadın üçün zərərlidir. Bütün bunlar qadını yeganə təbii funksiyasından: “ana olmaq” borcunu yerinə yetirməkdən yayındırır) və peşə seçmək imkanı əsas tələblərdən olmuşdur. Həmin vaxt Amerika və İngiltərədə ərli qadın nəinki öz cehizi, həm də öz qazandığı pul üzərində heç bir formal hüquqa malik deyildi. Fransada qadınlara ictimai yerlərdə və siyasi toplantılarda iştirak etmək qadağan olunmuşdu, 1804-cü ildə isə imperator Napoleonun verdiyi sərəncama görə, qadının heç bir vətəndaş hüququ yox idi və o, kişinin himayəsi altında olmalı idi.

1840-ci illərdə ABŞ-da, 1850-ci illərdə İngiltərə və Fransada, 1860-cı illərdə Almaniyada, 1870-80-ci illərdə isə Skandinaviya ölkələrində qadın hərəkatı gücləndi, feministlərin tələbləri ictimai kampaniyalar və siyasi aksiyalar halına gəldi. 1840-1920-ci illərə aid feminizm hərəkatı “birinci dalğa” adlanır. Feminist düşüncə bu tarixlərdən əvvəl və sonra da mövcud olub, lakin əksər qadınların və onların müttəfiqlərinin qanunvericiliyin və sosial mövqeyin dəyişməsi uğrunda kütləvi etiraz dalğaları məhz bu tarixə aid edilir.   

Bu dövrdə feminizmin iki istiqaməti formalaşmışdı: liberal və marksist. Liberal feministlər bütün sahələrdə bərabər hüquqların əldə olunması və müstəqil seçim uğrunda çıxış edirdilərsə, marksist feminizm şəxsi mülkiyyəti və kapitalizmi gender qısnamalarının səbəbi kimi görürdü. Marksist feminizmin əsasında Fridrix Engelsin “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” əsəri dayanırdı. Qadın əməyi mövzusu marksist feministlərin diqqət mərkəzində idi. Lakin XIX əsrdə liberal istiqamət aparıcı rola malik idi. Onun əsas ideyası bu idi ki, “qadınlar da kişilər kimi şüurlu varlıqlar olduğu üçün eyni hüquqi və siyasi haqlara sahib olmalıdırlar”. Liberal feministlər qadınların hüquqi, iqtisadi, sosial asılılığını dayandırmağı, təhsil, boşanma məsələlərində islahatlar aparılmasını, eləcə də mülkiyyət hüququnu və siyasi hüquqları tələb edirdilər. Eyni zamanda ailədaxili zorakılığın qarşısının alınması, qadınların ticarət və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnu diqqətdə saxlayırdılar.

Feminizmin bir ictimai hərəkata çevrilməsində sufrajizm (ing. suffrage – “seçki hüququ”) böyük rol oynadı. İngiltərədə yaranmış sufrajizm sonradan ABŞ, Almaniya, Fransa və digər ölkələrdə geniş yayıldı. Ən güclü forması isə Böyük Britaniya və ABŞ-da müşahidə olunurdu. Onun nümayəndələri nümayiş və təkbaşına piketlər keçirir, hətta vətəndaş itaətsizliyi aksiyaları təşkil edirdilər – relslərə oturur, özlərini darvazalara zəncirləyirdilər və s.

Dalğanın əsas nümayəndələrinə Harriyet Teylor, Con Stüart Mill, Lidiya Bekker, Emmelina Pankherst, Emma Qoldman, Syuzan B. Entoni və s. misal göstərmək olar.

Emmelin Penkherst, sufrajizm hərəkatının banilərindən biri, Britaniya cəmiyyətinin bütün təbəqələrində kök salmış seksizmi məhv etməyə çalışırdı. O, 1868-ci ildə Qadınların ictimai və siyasi hüquqlarının müdafiəsi təşkilatını yaratdı və bir ilin içində 5000 nəfər üzvü ətrafında topladı. Təşkilatın üzvləri mütəmadi şəkildə həbsə məruz qaldıqdan sonra, onlar hərəkatı dəstəkləmək üçün aclıq aksiyalarına başladılar və bununla da ciddi şəkildə səhhətlərinə ziyan vurdular. Nəticədə öz dövrlərinin qanunvericilik sisteminin əsassız qəddarlığına diqqət çəkdilər. Feministlərin təzyiqi altında ingilis parlamenti qadınların vəziyyətini yaxşılaşdırmağa yönəlmiş bir sıra qanunlar qəbul etdi.

İngiltərə sufrajizmi Avropada ən uzun tarixə malik oldu və çoxlu sayda qadını öz sıralarına alaraq maksimal inkişaf nöqtəsinə çatdı. Tədqiqatçılar qeyd edir ki, məhz britan hərəkatı digər ölkələrdəki bu cür hərəkatlar üçün modelə çevrildi.

Elmi ədəbiyyatda bu dövr “bərabərlik feminizmi” və ya “birinci dalğa feminizmi” adını aldı və kişilərin artıq sahib olduğu hüquqlara qadınların da sahib olması uğrunda mübarizəsinə çevrildi. Dünyanın əksər ölkələrində qadınların səsvermə hüququ əldə etməsi üçün sufrajistlərin 70 illik mübarizəsi tələb olundu.

Hərəkatın fəaliyyəti nəticəsiz qalmadı. İlk seçki hüququnu 1893-cü ildə Yeni Zelandiya qadınları və 1902-ci ildə Avstraliya qadınları əldə etdi. Sonradan isə bir sıra Avropa ölkələrində bu hüquq tanındı. Britaniyada 1918-ci ildə yaşı 30-dan yuxarı olan və əmlak sahibi olan qadınlara, 1928-ci ildə isə bütün qadınlar səsvermə hüququ verildi. ABŞ-da isə bu hüquq 1920-ci ildən yarandı. Siyahıda ən sonuncu ölkələr isə Birləşmiş Ərəb Əmirlikləri (2005) və Səudiyyə Ərəbistanıdır (2011).

Şərq ölkələrində qadın hərəkatı XIX əsrin sonlarında formalaşdı. Ərəb Şərqində ilk qadın feminist Suriyalı Varda əl-Yazici oldu. Misirdə “əl-Faqat” (“Qadın”), “Faqat uş-Şərqi” (“Şərq qızı”), Suriyada “Əl-Hüsnət” (“Gözəl”) qadın jurnalları çıxmağa başladı. Türkiyədə qadın hərəkatının üzvləri “Teali-i nisvan cemiyeti” təşkilatını yaratdılar və öz jurnallarını buraxmağa başladılar. Hindistan, Çin, İndoneziyada da qadınlar milli azadlıq hərəkatında daha geniş iştirak edərək təhsil hüququ tələb edirdilər.

Ümumiyyətlə, “birinci dalğa” feminist hərəkatının xarakterik cəhəti qadın həmrəyliyinə və beynəlxalq əməkdaşlığa meyllik idi. Müxtəlif ölkələrdə qadınlar ortaq həyat təcrübələrinin və problemlərinin olduğunu anlayırdı. 1904-cü ildə yaranan “Beynəlxalq qadın sufrajist alyansına” ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Niderland, Norveç və İsveç sufrajistləri daxil olmuşdu. Onlar hər il yüzlərlə mitinq keçirir, qadınların hüquqsuz vəziyyəti haqqında vərəqələri yer kürəsinin ən ucqar yerlərinə yayırdılar.

Feminizmin birinci dalğası XX əsrin 20-ci illərində qələbə ilə yekunlaşdı. 1918-1928-ci illər – sufrajist hərəkatının inkişafının yekun mərhələsidir. Britaniyada qadınlara seçki hüququ verildikdən sonra bəzi sufrajist təşkilatlar buraxıldı. Hərəkat isə bir qədər durğunlaşdı.

Feminizmin “ikinci dalğası”

         Feminizm hərəkatı 40 il sonra ikinci, daha güclü dalğa ilə yenidən qayıtdı. Belə ki, bərabərliyin əldə olunması ilə bir həqiqət ortaya çıxmışdı. Hüquqi bərabərlik faktiki və real bərabərlik deyil. Real bərabərliyin əldə olunması üçün bütün patriarxal sistemə qarşı mübarizə tələb olunurdu. İkinci Dünya Müharibəsindən sonra qadın hərəkatının ən vacib məsələlərindən biri qanunvericilikdə tanınan hüquqların faktiki reallaşdırılması oldu. ABŞ və Avropada 60-70-ci illərdə baş tutan etiraz çıxışları zamanı feminizm hərəkatı kütləvi xarakter aldı və “ikinci dalğaya” çevrildi. Feministlərin əsas tələbi nəinki seçmək hüququ, həm də özlərinin hakim strukturlara daxil olmaq imkanının əldə olunması idi. “İkinci dalğanın” banisi və nəzəriyyəçisi Simona de Bovuar oldu.

Tədqiqatçılar ikinci dalğada iki cərəyanı ayırd edir: liberal və radikal. Liberal feministlər siyasi islahatlar, ilk növbədə, diskriminasiyanı qadağan edən yeni qanunların qəbulu uğrunda çıxış edirdilər. Çünki 60-cı illərin əvvəllərində qərb ölkələrində evli qadınlar işə düzələrkən, bankda hesab açarkən, ev kirayə götürərkən ərlərinin yazılı razılığını almalı idilər. ABŞ-ın ən prestijli universitetlərindən biri olan Harvardda hələ 70-ci illərin əvvəllərində bir nəfər də olsun qadın professor yox idi.1963-cü ildə amerikalı jurnalist Betti Fridan “Qadınlığın sirri” adlı kitabında öz dövrünün ən başlıca mifini - xoşbəxt evdar qadın təsəvvürünü yıxırdı. O, göstərirdi ki, öz ailəsinin qapalı, səliqəli həbsxanasında qadınlar öz bacarıqlarını reallaşdırmağın mümkünsüzlüyündən əziyyət çəkirlər. Onlar əsl qadınlıq kanonları naminə öz intellektual imkanlarını dəf etməyə məcbur qalırlar. Bu kitab milyonlarla qadının düşüncəsinə təsir edərək, dünya bestsellerinə çevrildi. Fridan isə 300 aktivistdən ibarət təşkilata rəhbərlik edərək qadın hərəkatının lideri oldu. 10 il sonra isə təşkilat üzvlərinin sayı 250 minə çatırdı.

Liberal feministlər hakimiyyətə qarşı ənənəvi təzyiq üsullarından istifadə edirdilər. Onlar etiraz yürüşləri, nümayişlər, siyasətçilərin əleyhinə petisiyalar təşkil edirdilər. Yeni qanunların lobbiçiliyini aparır və seçiciləri də yalnız bərabər hüquq ideyasını paylaşan siyasətçilərə səs verməyə inandırırdılar.

Buna paralel olaraq, feminizmin radikal qolu da formalaşdı. Onu 60-cı illərdə bütün ölkələrdə mövcud olan tələbələr, gənclər hərəkatlarının aktivistləri təşkil edirdi. Radfemlər başa düşürdü ki, yalnız qanunlarla patriarxal sistemi dəyişmək qeyri-mümkündür. Eyni zamanda ictimai təfəkkür dəyişməlidir. Gender stereotiplərindən qurtulmaq və qadınların öz şüurunu dəyişmək lazımdır. Buna görə də onlar öz şəxsi sıxıntılarını, təcrübələrini, ailədaxili münasibətlərini müzakirə etdikləri qruplar yaratdılar və anladılar ki, onların şəxsi təcrübələri universal köklərə malikdir. Bu səbəbdən radikal feministlərin şüarı belə oldu: “Şəxsi – siyasidir”. Bu şüar aktivist və yazıçı Kerol Xaniş tərəfindən irəli sürülmüşdü. Hərəkatın çatdırmaq istədiyi fikir bu idi ki, siyasət hər bir kəsin şəxsi həyatına güclü təsir edir, mədəni bərabərsizlik isə siyasi bərabərsizliklə sıx bağlıdır.

Bu ideyanı dəstəkləyənlər üçün isə hələ 1949-cu ildə yazılmış kitab mühüm əhəmiyyət kəsb etməyə başladı. Məşhur fransız yazıçısı Simona de Bovuar öz əsərini “İkinci cins” adlandırmışdı. Əsərdə yazıçı folklor, mifologiya, fəlsəfə və psixologiyanı tədqiq edərək, yüzilliklər ərzində qadının cəmiyyətdə və mədəniyyətdə ikinciliyi haqda təsəvvürlərin necə formalaşdığı barədə nəticəyə gəldi. Qadınlar özləri də bu ikincilik rolunu qəbul edirdilər. Odur ki, radikal qolun feministləri mədəni normaları sarsıtmaq uğrunda aktiv hərəkətə keçdilər.

Qadınlar eyni zamanda “reproduktiv hüquqları” tamamilə öz əllərinə almağa çalışırdı. Ümumilikdə ikinci dalğa üçün daha bir xarakterik cəhət var idi: qadınları uşaq doğmağın və tərbiyə etməyin onları köləyə çevirdiyinə inandırmaq. Belə ki, 1960-cı illərin əvvəlində Qərb dünyasında uşaq tərbiyəsi yalnız qadın vəzifəsi hesab olunurdu, eyni zamanda bu vəzifə qadını işdən, karyeradan, şəxsi nailiyyətlərdən, qazancdan, əyləncədən, hərəkət azadlığından məhrum etmək üçün vasitə idi.

Betti Fridan hesab edirdi ki, (“Qadınlığın sirri”, 1963) analığın qadınları evə təhkim olunaraq, yalnız ev təsərrüfatında özlərini realizə etməyə məcbur qoyması patriarxal və qısnayıcı haldır.

Bu dövrün feminist tədqiqatları analitik alət kimi “gender” anlayışını ortaya çıxardı. Bu, insanların bioloji cinsindən asılı olaraq, cəmiyyətin onlara şamil etdiyi sosial və mədəni rolların məcmusu deməkdir. Feminizm isbat etməyə çalışdı ki, cins sadəcə bioloji əlamətlərə dayanmır, o, insanın sosial və mədəni həyatına nüfuz edir. Gender yanaşması bildirir ki, vacib olan kişi və qadın arasında fiziki və bioloji fərqlərin olması deyil, cəmiyyətin bu fərqlərə sosial və mədəni əhəmiyyət verməsidir.

İkinci dalğa feministlərinin sosial elmə verdiyi mühüm intellektual töhfələrdən biri də patriarxat nəzəriyyəsinin yaradılması oldu. Feminizm nəzəriyyəsi patriarxat haqqında yeni təsəvvür formalaşdırdı. Keyt Milletin verdiyi təsvir klassik hesab olunur: “Bizim cəmiyyətimiz – patriarxal cəmiyyətdir. Hərbi qüvvələrin, sənayenin, texnologiyanın, universitetlərin, elmin, siyasi institutların, maliyyənin – qısası, cəmiyyətdə mövcud olan bütün hakimiyyət kanallarının, o cümlədən, polis kimi repressiv orqanların tamamilə kişilərin əlində olması da buna sübutdur”.

Feminist müəlliflərin nəzəri konsepsiyaları bütün humanitar elmlərə öz təsirini göstərməyə başladı, feminist hərəkatların siyasi praktikaları nəinki cəmiyyətdə təfəkkürü, həm də dövlət siyasətini, sosial təminat sistemini, ailəyə münasibəti dəyişdi.

“İkinci dalğa” feminizmi bir çox tarixi hadisələrlə yadda qaldı. ABŞ-da, Britaniyada əməyin bərabər ödənilməsi haqqında Qanun qüvvəyə mindi. Britaniyada abortu leqallaşdıran yeni qanun qəbul edildi. London Fond Birjası öz tarixində ilk dəfə olaraq, qadın brokerlərin birjaya daxil olmasına icazə verdi. Britaniya qanunları qadınlara imkan yaratdı ki, öz qəddar həyat yoldaşlarına və ya partnyorlarına qarşı məhkəmə qərarları əldə etsinlər. Marqaret Tetçer Birləşmiş Krallıqda ilk qadın baş nazir oldu.

Kişi və qadınların bərabərliyini insan haqlarının əsası kimi elan edən ilk beynəlxalq razılaşma BMT-nin Nizamnaməsi oldu (1945). 1975-ci ildən BMT 8 mart tarixini Beynəlxalq Qadınlar Günü kimi qeyd etməyə başladı. 1979-cu ildə isə BMT qadınlara qarşı bütün diskriminasiya formalarının ləğvi haqqında Konvensiya qəbul etdi. Müsəlman ölkələrinin çoxu bu müddəaları qəbul etmir.

Ən nəhayət, feminizm akademik elm strukturunda öz ayrılmaz yerini tutdu: demək olar ki, hər nüfuzlu qərb universitetində Women’s Studies və ya Gender Studies (Qadın tədqiqatları və ya Gender tədqiqatları) şöbəsi mövcuddur.

XXI əsrin əvvəllərində ikinci dalğa feminizmi öz əvvəlki populyarlığını itirdi. Onun tərəfdarları tədricən bu fikrə gəldi ki, patriarxal münasibətlər nəinki qadınların, həm də kişilərin əzilməsinə gətirib çıxarır, hansılar ki, cəmiyyətin onlara sırıdığı rollara uyğunlaşmağa məcburdular. Bu məcburi uyğunlaşma insanın cinsindən asılı olmayaraq, şəxsiyyət kimi inkişafına zərər vurur.

Feminizmin “üçüncü dalğası”

         1980-ci illərindən sonu, 1990-cı illərin əvvəlindən inkişaf edən “üçüncü dalğa” feminizmi konstruktivist və postmodernist feminizm, rəngli insanların feminizmi, mədəni feminizm və s. kimi istiqamətləri ehtiva edirdi. Üçüncü dalğa ikinci dalğanın çatışmazlıqlarına cavab olaraq yaransa da, onun nailiyyətlərinə söykənirdi. Zorakılıq qurbanları üçün sığınacaqların yaradılması, qadınlara qarşı zorakılıq probleminin ictimai səviyyədə tanınması, kontrasepsiya və abortların əlçatanlığı, gender tədqiqatları və s. buna aiddir.

Çoxsaylı yazılarda qeyd olunur ki, 1960-cı illərin sonunda radikalların üsyanı ağdərili, təhsilli, orta zümrəli qadınların maraqlarını ifadə edirdi. Onlar məsələn, “üçüncü dünya” ölkələrindəki qadınların problemlərini yaxşı başa düşmürdülər və sosial reallıqda çox şeyə diqqət yetirmirdilər. Burada ağdərili olmayan, qərb mədəniyyətindən uzaq, müstəmləkə əsarətinə məruz qalan və s. qadınların təcrübəsinin nəzərə alınmaması ittiham mövzusuna çevrilmişdi. 

Üçüncü dalğa irimiqyaslı olması ilə seçilir. Bu dövrün feministləri öz sələflərinin fəaliyyətini davam etdirir və qadının mediada təsvirinin, dildə ifadəsinin dəyişməsi və bir çox stereotiplərin sındırılması uğrunda çıxış edirdilər. Nəticədə qadın haqqında ictimai stereotiplərin dəyişməsi (kinoda, musiqidə, rəsmlərdə və s.), habelə dil normalarında dəyişikliklər özünü göstərməyə başladı. Məsələn, ingilis dilində “policeman” və ya “fireman” demək artıq korrekt sayılmır. Onların əvəzinə cins bildirməyən “uniseks” xarakterli sözlərdən istifadə tövsiyə olunur.

Tarixi presedentlər, müxtəlif ölkələrdə qadınların mövqeyi və ictimai statusları arasında fərqlər və s. feminizm termini altında çoxlu saylı altqrupları formalaşdırdı. Odur ki, feminist ideologiyası hədəflərinə çatmaq üçün müxtəlif istiqamətlərdə hərəkət etməli idi. Nəticədə o, fərqli qollara ayrıldı. Üçüncü dalğanın feminizm nəzəriyyəsi kvir (Queer) nəzəriyyə, antirasizm, vumanizm, postkolonial nəzəriyyə, kiberfeminizm, ekofeminizm, individualist feminizm, transgenderlik problemi və s. elementləri özündə birləşdirməyə başladı. Onlardan hər biri qadınlara qarşı diskriminasiyanın müxtəlif aspektlərini hədəfə alır.

Üçüncü dalğa feministləri əvvəlki hərəkatların nəzər nöqtəsində olmayan çoxsaylı məsələlərə diqqət ayırırlar – məsələn, irqçilik. Üçüncü dalğa feminizminin yaranması Bell Huks və Odri Lord kimi qaradərili feministlərin fəaliyyəti ilə sıx bağlıdır. Onlar irqçilik məsələlərini feminizmin fəaliyyət sahəsinə daxil etmək üzərində işləyirdilər. Çoxsaylı kitabların müəllifi olan Bell Huks qeyd edir ki, əksər insanlar feminizm dedikdə qadınların kişilərlə bərabər hüquqlara sahib olmasını başa düşür. Bəs qadınlar hansı kişilərlə bərabər olmağa çalışır? Bərabərlik ümumilikdə nə deməkdir? Bu cür sadə təsvir irq və sinif kimi amilləri nəzərə almır, hansılar ki, seksizmlə birlikdə ayrıca bir şəxsin diskriminasiyası, istismarı və ya qısnanmasını müəyyən edir.

Hərəkatın yeni istiqamətlərin biri empowerment adını almışdır. Onun parlaq nümayəndələri uğurlu gənc aktrisalar, müğənnilər və modellərdir. Onlar bərabər imkanlar uğrunda çıxış edir və Hollivudda gender ədalətsizliyinin çiçəkləndiyindən söz açırlar. Xüsusilə də əməyin ödənilməsi məsələlərində. Bəzi tənqidçilər onların cəmiyyətdəki üstün mövqelərini rəhbər tutaraq, göndərdikləri feminizm ismarıclarını təhrif olunmuş hesab edir. Lakin ən aktiv məşhurlar: Emma Uotson, Lina Danem və Kristin Stüart öz üstün mövqelərini ciddi mövzuda geniş auditoriyaya danışmaq üçün fürsət kimi dəyərləndirirlər.

Üçüncü dalğanın əsas cəhəti müasir dövrün bütün özəlliklərini diqqətdə saxlamasıdır – qloballaşma, internet, gözqamaşdıran reklamlar, subkulturalar və bizi əhatə edən digər məfhumlar. Bu dövr feminizmin ən ziddiyyətli hissəsidir, çünki demək olar, bütün məsələlər hətta feminizmin öz qolları daxilində qızğın müzakirələrə, mübahisələrə səbəb olur.  Üçüncü dalğa feministləri İnternet və müasir texnologiyalardan hərəkatı gücləndirmək və auditoriyanı genişləndirmək üçün istifadə edir. Hesab olunur ki, üçüncü dalğa hələ də davam edir.

Unutmaq lazım deyil ki, feminizmin üç dalğaya bölgüsü şərtidir, mürəkkəb və çoxtərəfli bir hadisəni strukturlaşdırmaq və təsvir etmək cəhdidir. Hər dalğanın daxilində güclü daxili inkişaf mövcuddur, onlardan hər biri konkret cəmiyyətin kontekstində nəzərdən keçirilməlidir. Feminizmin dalğalarını xətti ardıcıllıq kimi başa düşmək lazım deyil. Bir çox hallarda eyni məsələlərin təhlilində ziddiyyətli perspektivlər görmək mümkündür. Məsələn, ikinci dalğa çərçivəsində fahişəlik qadının obyektivləşməsinin və istismarının ən ağır forması kimi problemləşdirilirdi. Lakin üçüncü dalğanın əksər müəllifləri bu peşə növünün stiqmalaşmasının əleyhinədirlər, onlar seks işçiliyinin həm qadın, həm də kişi üçün sərbəst karyera kimi seçilə biləcəyini bildirirlər.

Müasir feminizm nəzəriyyəsi əsasən Qərb ölkələrinin ziyalı və orta təbəqə nümayəndələri ilə əlaqələndirilən bir nəzəriyyə kimi daima tənqidə məruz qalır. Lakin feminist hərəkatı sinfi və irqi məhdudiyyətlərə malik deyil. O, hər bir mədəniyyət üçün spesifikdir, çünki həmin cəmiyyətdəki qadınların problemlərinə diqqət çəkir. Məsələn, Sudanda qadın sünnəti və ya Şimali Amerika ölkələrində “şüşə tavan” faktoru. Bəzi problem və məsələlər isə - cinsi təcavüz, analıq, abort və s. bütün ölkələr və mədəniyyətlər üçün universaldır.