SEVGİ
Flora Hüseynova yazır: "Eşq" Tarix : 08 İyul 2018, 16:12
Yazar : Aysel Əlizadə

   Eşq - hər zaman sınağa çəkib sevənləri. Hər başlanğıcın təməli sevgi olmuş. Fərq etməz bu başlanğıcın sonu nə olsa belə xoşbəxt həyat, acı tale, bədbəxtlik, faciə, darmadağın olmuş qəlblər, dostluq, düşmənçilik...Əzəli şirin, gözəl, sehirli, anlatılması mümkünsüz. Hər şeyə qadirdi sevən insan...Olmaz, mümkün deyil, dediyin hər bir şeyi insan üçün olumlu edir, mümkün edir. "Etmərəm" dediyin hər şeyi etdirir insana Eşq. Sanki bu qədər güclü varlığın istədiyi zaman zəif ola biləcəyini aşılamaq istəyir biz insanlara Tanrı. Qəribə təzad yaranır, sevgi insanı eyni zamanda həm zəif, həm də güclü edə bilir. Sevgi insanı bəzən müti bir qula çevirir, bəzən də dünyanın ən güclü varlığına döndərir. Yaranışdan insanın uğrunda hər mübarizəyə hazır olduğu savaşın kökündə sevgi dayanıb. Adını nə qoysalar belə- etibar, inam, dəyanət, xəyanət, nifrət....

   Sevgi - adət etdiyimiz söz olsa da, müqəddəs hissdir, amma qürurla üzbəüz qalanda uduzur bəzən..o da bəzən...Yenə də fövqəladə, bəşəri duyğudu. İnsanı sınağa çəkər və möhkəmlədər. Nə qədər gözəl duyğu olsa da, nə qədər insan həyatını məhv edib Eşq. Bütün əsərlərdə rast gəlinir bu məhv olmuş aşiqlərə. ,, Ledi Karolina Lem,, filmindəki kimi aktrisa Sara Maylzın qəhrəmanı sevgisi uğrunda bütün aşağılamalara məruz qalır. Film İngiltərədə 19-cu əsrin əvvəllərində həqiqətən baş vermiş hadisələr əsasında çəkilib. Sanki sevginin antitəbliğatıdı. Və bu filmə baxmağımı tövsiyə edən xanım heç vaxt ailə qurmayıb. Antitəbliğat işə yarayıb. Bu filmə də Peterburqda təhsil alarkən baxıb. Sevgidən söhbət düşən kimi oddan qorxan adam kimi o saat bu filmin adını çəkir. Nə haqq qazandıra bilirəm o xanıma, nə qınaya bilirəm. Onun sevgiyə baxış bucağı bu filmin son kadrlarında ilişib qalıb. Həm də ailədə qoyulan qadağalar sevginin dəhşətli bir şey olduğunu aşılayıb və bu film də bütün deyilənləri təsdiq etmək üçün bəhanə olub. Beləliklə, əslində yaşanmayan nə qədər eşq qadağalar qurbanı olaraq yazılmayan əsərlərin, kitabların qəbristanlığına çevrilib. Olmayan, yaranmayan, eşqlər qəbristanlığındansa, yaşanan acı eşqlər yaxşıdır. Bəzən "sevgi" deyən kimi sanki qadağan olunmuş, danışılması ayıb bir şeymiş kimi insanlar özlərini sığorta etmək üçün deyirlər: "sevgi təkcə qadın – kişi sevgisi deyil" və başlayırlar sadalamağa...Yox əzizlərim, özünüzü yormayın və sevgidən danışanda utanmayın. Sevgi elə əslində qadın - kişi arasında olan o əsrarəngiz, saf duyğudur ki, bütün sadaladığınız sevgilər də ondan qaynaqlanır.

   Sevib sevilin - vətəninizi də sevə biləsiniz. Sevib sevilin - bəşəri sevə biləsiniz, insanlığı sevə biləsiniz. Sevib sevilin-gözəlliklər yarada biləsiniz, ətrafa xoş enerji ötürə biləsiniz. Acılar yaşatsa da bütün gözəlliklərin yaranmasına səbəbdir sevgi. Çətinliklər yaşamaqdan qorxmayın , insan əsil hisslərinin də mahiyyətini çətinliyə düşərkən anlayır. Bütün qəlbinizlə daha onu sevmədiyinizi düşünərkən, bütün nöqtələri qoymağa hazırkən yaşadığı ən çətin vaxtında yanında olmağa can atırsınızsa, onu hər vəchlə qorumağa çalışırsınızsa, bu, sadəcə mərhəmət deyil, bu, sevgidir...nöqtələri qoymağa tələsməyin. Sonradan peşman olmayasınız. Sevdiyinin yolunda canından keçənlər də əminəm ki, peşman olmayıblar. Hər nə yaşasaq, sonunda sevgi varsa, gözəldi. Lütfən, yazdıqlarımı oxuyub məni qınamayın. Qınamayın ki, bu nədir sevginin həm məhv etməyindən yazır, həm insanı qul etməyindən, həm ən gözəl hiss olduğundan yazır, həm ən gözəl şeylərin sevgidən yarandığından. Qınamayın, çünki sevgi budur, bütünlüklə təzadlardan ibarət – həm yaşadır, həm öldürür, həm ağladır, həm güldürür, səni xoşbəxtlikdən göyün yeddinci qatına qaldırır, bir saniyədə göylərdən yerə çırpır. Müharbələrə səbəb olur, dağıdır, məhv edir. Gözəlliklərə vəsilə olub insanları heyrətə gətirəcək şedevrlər yaratdırır...

Sevginin bir formulu yoxdur anlaşılan...axtarmayaq, sadəcə, sevək...

Milli Sevgililər Gününüz mübarək.