UŞAQ / BÖYÜK
Gənclər niyə süstdür - Rəşad Sultan yazır Tarix : 08 İyul 2018, 16:09
Yazar : Rəşad Sultan
         Uşaq ayaq açmağa başladı, a bala, ora olmaz, bura olmaz. Niyə olmaz, başa salan yoxdu. "olmaz" deyən heç özü bilir görəsən niyə olmaz? Hardan bilsin?! Özü də olmazlarla böyüdülməyib?! İzahı olmayan, izah edilməyən yasaqlarla. Uşaq yıxıldı, qapaz, qapaz... "Sən kütsən, zəifsən, ağılsızsan. Yeriməyi bacarmırsan. Sənə dedim ki, olmaz da ora getmək. Mən hara desəm, ora get , nəyi desəm onu elə, nəyi desəm etmə, eləmə". Uşaq da deyir, "nəyimə lazım, elə belə rahatdı, deyiləni edirəm, icazə verilməyəni etmirəm, üzüm danlanmır. Oluram yaxşı uşaq. Mənim əvəzimə zatən qərar verilir, hara getməliyəm, hara getməməliyəm. Ooohh, əla, heç beynimi işlətməyə lüzum yox. Xalxın uşağından da misal çəkilmir heç". Beyin də işləməyə - işləməyə olur küt, insan da olur süst. Baaax, gənclər buna görə süstdürlər.  Altı yaşın oldu, məktəbə get, standart geyim, standart həyat. Bitirdin, ali məktəb. Sənin ağzın nədi ki, deyəsən, mən ali savadlı olmaq istəmirəm. Sənə kim qız verər, səni kim alar? Xalxın uşağı "talkuçka"da şey də satsa, yenə də diplomu var, qonum-qonşu arasında hamı bilir ki, ali savadlıdı. Mən yaxşı bir satıcı, restoranda qarson, toxucu, tikintidə usta, Nizami Gəncəvi demişkən, mahir bir palançı olmaq istəyirəm desən, deyəcəklər, "yooo, a bala, universitet bitir, sonra yarımçıq papaqçı da olsan olar. Sonra babat bir işə girərsən, biz də dəstəkləyərik, filankəsin elə yaxşı qızı var ki, yaxşı biş-düş bilir, alarıq səninçün, vəssəlam. Özü də ki, ya hüquqa gir, ya da iqtisada, qız da ki, mütləq həkim olmalıdı, mümkünsə, ginekoloq (imkan daxilində)".
         Sən də uşaqlıqdan öyrəşdiyin kimi, elə deyilənləri edirsən. Niyə? Çünki deyirsən ki, birdən hardasa büdrəyərəm, uşaqlıqdakı kimi qapaz gəlməsə də, hər məclisdə hər gün qınayarlar ki, xalxın uşağı "instuta" girdi, sən qaldın. Ailə quranda da ən rahatı mamanın dediyi qızı almaqdı. Bu arada, gənc qızlarda durum daha "rahat"dı. Bir ağ atlı qohum-şahzadə bütün İranı-Turanı fırlanıb gəzəndən sonra gəlib alacaq. Birdən "protiv" gedərsən, uğursuzluq olsa, bu, sənin qərarının nəticəsində olubsa, vay sənin halına. Kütün biri küt! Əfəl! Xalxın uşağı mamasının sözüylə oturdu-durdu, gör nə yaxşı, filankəsin toyunda iki uşağıyla gəlmişdilər (1-ci mütləq oğlan), axırda da arvadıyla "medlenni" rəqs də elədi. Amma mamanın sözüylə ailə qurub, uğursuz olsa, əşşi, məsuliyyət səndə deyil ki, rahatlığa bax eee...
Bir də belə ultimatomlar var: oxumağa, ya da işləməyə xaricə getsən, mənim sən adda oğlum yoxdu! Ya da belə: qız uşağı nədi, xaricdə oxumaq nədi?! Bir də bu var: indi deyirsən, bircə oğlumuz var, o da xaricə getsin?! Yazıq xəstə anan sənin toyunu görməsin?! Qucağına nəvə almasın?! - bacının uşaqları bəs sayılmır? - qız nəvəsi ayrı, oğlan ayrı ... Bunlarla əlləşmək var, bir də "rahat" yol var: dedikləri kimi edirsən, üzün danlanmır, dünyada analoqu olmayan, regionun standartlarına uyğun bir həyat: ali məktəb diplomu, dedikləriylə evlilik, 1 oğlan, 1 qız (6 aydan gec olmadan, və hər "ay birşey-mirşey var?" sualını cavablayaraq), ev, böyük 4x4 maşın, Abşeronda bağ, hər il Bodrumda istirahətdən fotosessiya, hər həftəsonu ad günləri, ayda bir dəfə toy, instagramda paylaşmaq şərtilə. Bundan gözəl nə həyat ola bilər?! Zarafat bir yana, bu təsvir etdiyim tabloda doğrudan da pis heç nə yoxdu. Amma: sanki şəxsi təşəbbüs, istək, düşüncə işlədilmədən, məsuliyyət alınmadan, bəlli bir alqoritm üzrə, bəlli bir standartla yaşanan həyat. Yəni beyin işlədilmədən. Yəni insanıq, sosial varlığıq deyərkən heç sosial tərəfimizə yük mindirmədən. Beyni işlətməyəndə, beyni işlətmə alışqanlığı qazanılmır. Məsuliyyət almayanda məsuliyyət alma alışqanlığı olmur. Səhv etməyəndə, yıxılıb durmaq alışqanlığı inkişaf etmir. Bu alışqanlığı olmayıb da valideyn standartlarında yaşayan biri bəlkə də xoşbəxt ola bilər. Amma belə fərdlərdən elmdə, ictimai siyasi həyatda nəsə gözləmək olmaz, cəmiyyəti inkişaf etdirəcək nəsə gözləmək olmaz. Belə gənclik əlbəttə süst olar. Yeriyər, amma ayaq üstə ölmüş kimi. Məşhur bir serialın adı kimi: "Yeriyən ölülər".
 
Cəlil Məmmədquluzadə demişkən: "Allah sizə rəhmət eləsin, ölülər!"