14:58, 07 Mart 2017 (Çərşənbə axşamı) 295

Hərbi-siyasi neytrallıq Azərbaycana nə verir? - TƏHLİL

Hərbi-siyasi neytrallıq Azərbaycana nə verir?   - TƏHLİL
Hüseynbala Səlimov

MƏNİM SUALLARIM, TƏRƏDDÜDLƏRİM...

Biz azərbaycanlılar, xüsusən də hakimiyyət mənsublularımız ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin Bakı görüşünü qeyri – adi, az qala "planetar” miqyaslı hərbi - siyasi hadisə kimi qiymətləndirdiyi bir halda qonşu Gürcüstanda dünyanın ən böyük və bəlkə də ən əsas, birinci hərbi – siyasi blokunun, NATO-nun tədbirlərinin keçirilməsi adi bir hal olub. Elə bu yaxınlarda Tbilisidə Blokun hərbi komitəsinin toplantısı keçirildi və Alyansın hərbi rəhbərləri məhz Tbilisi şəhərində toplaşdılar.

Düzdür, bu yaxınlardakı yazımda mən qərargah rəislərinin Bakı görüşünü çox yüksək dəyərləndirmişdim və ölkədə aparılan neytrallıq və balanslaşdırma siyasətini təqdir etmişdim, çünki hərbi – siyasi neytral bir ölkə olmaq daha geniş formatlı ittifaqların yaranmasına, daha geniş və rəngarəng geosiyasi əməkdaşlığın formalaşmasına imkan verir.

Amma tərəddüdlər və suallar da mənə heç rahatlıq vermir. Bəli, Gürcüstan daha israrla Qərblə inteqrasiya yolunu tutub və bizdən fərqli olaraq NATO ilə sıx ittifaqdadır, Avropa Birliyilə Assosiasiya Sazişini də imzalayıbdır.

Artıq bu siyasətin ilk nəticələri də var. Bu günlərdə Avropa Birliyi Gürcüstanın vətəndaşları üçün vizasız rejimə keçməyə qərar verdi. Bu ölkə hələ NATO-nun üzvü olmasa da mübaliğəsiz demək olardı ki, Blok onu özünün Cənubi Qafqazda dayaq nöqtəsi və qərargahı hesab edir.

O səbəbdən də qətiyyən demək olmazdı ki, guya qonşumuzun - Gürcüstanın səyləri mənasız bir iş olacaqdır, halbuki belə deyənlər də az deyil, son hadisələrdən sonra, ABŞ – da D.Tramp hakimiyyətə gələndən sonra belələrinin sayı bir az da artıbdır. Bu haqda bir az sonra bəhs edəcəyik. Amma əvvəlcə bir azacıq da özümüzdən və yaxud mənim sual və tərəddüdlərimdən danışaq.

GÖRƏN, EHTİYATLI OLUB, NƏ QAZANDIQ?..

Bəli, suallar və tərəddüdlər məni heç rahat buraxmır. Azərbaycanın Qərbə soyuqluğu daha çox rəsmi Bakının siyasi niyyətləri və simpatiyası ilə bağlı məsələdir – ölkədə az qala feodal üsul-darə formalaşdırmaq istəyən və buna artıq nail olan bir hakimiyyətə sözsüz ki, nə Qərb, nə də onun hərbi, siyasi və iqtisadi institutları gərək deyildir...

Bəli, əsas səbəb budur. Amma şüurlara daha çox belə bir fikir yeridilib ki, guya rəsmi Bakı Rusiyanın təzyiqlərindən ehtiyat etdiyindən, həm də Qarabağ probleminə görə Qərbdən məsafə saxlayır.

Amma özümüz bircə anlığa düşünək: Azərbaycandan daha kiçik olan, daha az müstəqillik resurslarına malik olan, üstəlik iki daxili etnik münaqişə yaşayan Tbilisi Rusiyanın təzyiqlərinə dözə bilirsə, Azərbaycan niyə bunu bacarmasın? Bu gün Gürcüstan MDB-ni tərk edə bilirsə və bunun müəyyən nəticələrini dəf edə bilirsə, Azərbaycan niyə bunu edə bilməsin ki?..

Hətta bunlar da hamısı deyil. Rusiya ilə dostluq edərək biz nə qazanmışıq? Rusiyaya qarşı demarş edən Gürcüstanın da ərazisində separatçı rejimlər qalmaqdadır, Azərbaycanın da! Axı Rusiya ilə yaxın və dost münasibətlər qurmağımıza baxmayaraq biz hələ Dağlıq Qarabağda öz bayrağımızı ucalda bilməmişik, onu azad etməmişik. 24 ilin vədlərindən sonra indi kiçik bir kəndin – Cocuq Mərcanlının bərpasını az qala böyük qayıdış və qələbə kimi qələmə veririk. Halbuki bu kənd Dağlıq Qarabağın işğal edilmiş yüzlərlə, bəlkə də minlərlə kəndlərindən yalnız biridir...

BƏS DAHA FƏAL OLARAQ NƏLƏRİ QAZANARDIQ?..

Ona görə də neytral olaraq, bloklara qoşulmayaraq biz nə qazanmışıq? Böyük hesabla heç nə! Əgər daha fəal siyasi – hərbi inteqrasiyaya start versəydik belə bu gün olanların yenə də hamısı olacaqdı. Bəlkə də daha çox olacaqdı, ən azı ölkə feodalizmə sürüklənməyəcəkdi...

Amma biz bunu etmədik və etmirik. Ona görə də bunun fəsadlarını yaşayırıq. Ən acı nəticələrdən biri də budur ki, hələ də insanlarımızın bir hissəsinin şüuru Rusiyaya, digərinin isə İrana tərəf yönəlibdi. Müstəqillik əldə olunandan 26 il keçəndən sonra burada elə "müzakirə”lər aparılır ki, adamın, lap uşaqlar demişkən, əti tökülür...

Qərəz, Qərbə qarşı soyuq siyasətdən cəmiyyətimiz qətiyyən qazanmadı. Bəs kim qazandı? Təbii ki, hakimiyyətimiz. Ölkədə sərt, feodal çalarlarla "zəngin” bir siyasi rejim bərqərar olub– qazandığımız budur. Dostlarımız da Rusiyadır, İrandır, hətta Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrdir! Bunamı öyünürük biz ? Gürcüstan addım – addım özünün əsas məqsədinə doğru gedir və bəlkə də qeyri – neft sektorundakı inkişafın templərinə görə hətta bizi üstələyir də... Təbii ki, mənim əlimdə dəqiq bir iqtisadi göstəricilər yoxdur. Amma düşünürəm ki, ən azı bir turizm ölkəsi kimi Gürcüstan özünü daha çox təsdiq edibdir...

NATO İLƏ BAĞLI SUALLARA GƏLDİKDƏ İSƏ...

Bəli, deyə bilərlər ki, bu adam gah belə deyir, gah da ki, başqa cür. Amma həyat dinamik bir prosesdir, daim dəyişir və yeni baxış tələb edir. Elə ona görə də lap əvvəldə yazdım ki, suallar və tərəddüdlər məni tərk etmir.

O ki qaldı digər iradlara, guya NATO-nun heç də yüksəliş dövrü yaşamadığını düşünənlərə, bəli, bütün bu arqumentlər heç də əsassız deyil. Mən də bunu qəbul edirəm. Amma düşünmürəm ki, indi NATO ilə bağlı heç düşünməyə dəyməz. Bəli, belə düşünmürəm. Ona görə ki, indi NATO-nun "böhran”ı daha çox bir nəfərin– ABŞ-da Trampın hakimiyyətə gəlişilə bağlıdır. Amma böyük ehtimalla D.Tramp heç nə edə bilməyəcəkdir və çox şeylər olduğu kimi qalacaq, üstəlik, bir azacıq da inkişaf edəcək, bir az da güclənəcəkdir. D.Tramp indi ABŞ mediasının və cəmiyyətinin ciddi nəzarəti altındadır, başı qalmaqallardan açılmır.

Bəli, hətta onun da bəzi fikirlərində müəyyən rasional detallar vardır. Təbii ki, ABŞ öz içinə də diqqət etməlidir. Təbii ki, Çin kimi böyük iqtisadi yüksəliş yaşayan ölkələr ABŞ – ı daha çox düşündürməlidir, ona görə ki, iqtisadi cəhətdən lider olan ölkə siyasətini də diqtə edə bilir...

Və nəhayət, digər NATO ölkələri də Blok haqqında daha ciddi düşünməlidir və onun maliyyə xərclərinin bir hissəsini, özü də əvvəlki illərdən daha çox hissəsini öz üzərinə götürmək barədə fikirləşməlidir.

Ona görə də ümid edirəm ki, mübahisəli məqamlar çözüləcəkdir və NATO qalacaq. Hər halda, bir fərd olaraq belə düşünürük. Amma yaxşı olardı, hamımız düşünək, statik, donuq modellərə bağlanmyaq, dünyanın dinamizmilə ayaqlaşaq. Bəli, bir daha deyirəm ki, yaxşı olardı ki, hamımız düşünək. O cümlədən də hakimiyyət mənsublularımız...

Qaynar.Az




document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";