QADIN / KİŞİ
Kamran Nəzirli yazır: "Boz qadındansa, utancaq qadın yaxşıdır!" Tarix : 18 İyul 2018, 20:48

1. 60 yaşa qədər nə öyrəndinsə, səninkidi, ondan sonra öyrəndiklərini unudursan.

2.  Qadınlar 70 yaşdan sonra, kişilər isə 60 yaşdan sonra yaş barədə düşünürlər. Birincilərin uzunömürlü olmasının səbəblərindən biri də budur.

3. Gənc nəsil hər zaman müxalifətdə olub, olur və olacaq.

4. Yaşlı nəsillə gənc nəslin bir fərqi də bundadır ki, birincilər daha çox etdiklərindən, ikincilər isə etmək istədiklərindən danışırlar.

5. Adətən qadınlar həyatlarını yox, cavanlıqlarını uzatmağa çalışırlar.

6. Öyrənmək qabiliyyətini itirən adama "qoca" deyilir.

7. Söyüləsi, döyüləsi, vurulası, öldürüləsi... mümkün olmayan varlığa "kürəkən" deyilir.

8. Qırx yaşa çatanda qadın iki yoldan birini seçməlidir: ya cavan qalmaq, ya da uzun ömür sürmək! Təəssüf ki, birincini seçən qadınlar həyatdan tez köçürlər.

9. Uşaqlar xoşbəxt olduqlarını vaxtında dərk etsəydilər, qocalmazdılar.

10. Həqiqətdir ki, qadınların qısqanclıq hissləri kişilərinkindən daha çoxdur. Lakin ən maraqlısı budur ki, onlar adətən biri-birinə çox yaş verirlər.

11. Qadınlar üçün həyat 3 hissədən ibarət olur: 1-ci hissədə Ağ atlı oğlana inanırlar, 2-ci hissədə Ağ atlı oğlana inanmırlar, 3-cü hissədə isə qətiyyətlə deyirlər: Ağ atlı oğlan olmur!

12. Boz qadındansa, utancaq qadın yaxşıdır!

13. Qadın qəflətən elə məqama çata bilər ki, ona yaş vermək çox çətin olar.

14. Qoca doğulmaq, cavan ölməkdən yaxşıdır.

15. Balzakın sevdiyi qadınlar üçün kişinin yaşı fərq eləməz.

16. Ərinin yalançı olduğunu duyduğu andan qadının ona qarşı sevgisi ölməyə başlayır.