12:50, 27 Aprel 2017 (Cümə axşamı) 54

Lerik sakinləri nazirdən ikinci “Uzunömürlülər festivalı”nın keçirilməsini istəyiblər

Lerik sakinləri nazirdən ikinci “Uzunömürlülər festivalı”nın keçirilməsini istəyiblər
Əbülfəs

Bakı. 27 aprel. / Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Lənkəranda vətəndaşları qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Mədəniyyət Mərkəzində keçirilən qəbulda Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarının sakinləri iştirak edib.

Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb.

Görüşdə müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Lənkərandan qəbula yazılan vətəndaşlar ölkə üzrə qeydə alınan tarix və mədəniyyət abidələri haqqında geniş məlumatları əks etdirən internet portalının yaradılması, şəhərdəki Uşaq Rəssamlıq Məktəbinin 35 illik yubileyinin keçirilməsi, mədəniyyət işçilərinin əməyin qiymətləndirilməsi barədə xahişlərini diqqətə çatdırıblar.

Astara rayonundan qəbula gələnlərin müraciətləri kitabxana mütəxəssislərinin onlayn attestasiyasının təşkili, region üzrə "Ən fəal kitabxana" müsabiqəsinin keçirilməsi, ölkə daxili turistlərin statistikasını əks etdirən vahid elektron mərkəzin yaradılması və digər məsələlər barədə olub.

Lerik sakinləri rayonda ikinci “Uzunömürlülər festivalı”nın təşkili, Kələxan kəndində yerləşən qədim qalanın mühafizə olunan abidələr siyahısına daxil edilməsi, rayondakı Heydər Əliyev Mərkəzinin kitab fondunun artırılması kimi məsələlərlə bağlı nazirə müraciət ediblər.

Masallı rayonundan qəbula gələn vətəndaşlar tərəfindən rayonun mədəniyyət kollektivlərinin xarici ölkələrdə keçirilən folklor festivalında iştirakına köməklik göstərilməsi, bölgələr arasında "Regionlar günləri"nin keçirilməsi xahiş oluub.

Cəlilabad rayonundan qəbula yazılanlar Heydər Əliyev Mərkəzindəki kino salonunda dövlət sifarişi ilə çəkilən filmlərin nümayişinin təşkili, rayon Mərkəzi Kitabxanasının gözdən əlillər üçün kitablarla təchiz edilməsi və digər məsələlər barədə müraciətlərini diqqətə çatdırıblar.

Yardımlıdan gələn vətəndaşların müraciətlərində isə nazirliyin “Xalq yaradıcılığı paytaxtları proqramı”nın davam etdirilməsi, nazirlik tərəfindən nəşr olunan kitabların elektron versiyasının kitabxanalara verilməsi, uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin diaqnostik qiymətləndirilməsinin təşkilinə köməklik göstərilməsindən bəhs olunub.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

float: left; width: 100%;">

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";