20:55, 10 Yanvar 2017 (Çərşənbə axşamı) 110

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz növbəti metodiki vəsaitləri tərtib olunub

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz növbəti metodiki vəsaitləri tərtib olunub

Bakı. 10 yanvar. / Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas fəaliyyət çərçivəsində növbəti mərhələdə 8 müxtəlif istiqamət üzrə metodiki vəsait hazırlanıb.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, müəllif Elnarə Hacıyevanın “Kitabxanalarda istifadəçilər üçün “Yay məktəbinin” təşkili” adlı metodiki tövsiyəsində gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, mədəni və intellektual səviyyəsinin formalaşmasında, həmçinin oxucuların cəlb edilməsi və daha səmərəli vaxt keçirməsi üçün işin təşkili haqqında məlumat və məsləhətlər verilib.

Müəllif Aygün Balabəyovanın “Muzeylərdə uşaq ekspozisiyalarının təşkili” adlı metodiki tövsiyəsində uşaq ekspozisiyalarının xüsusiyyətləri, tematik ekspozisiya nümunələri haqqında məlumat verilib, uşaq ekspozisiyalarının qurulması üçün tətbiq olunan innovativ metodlar göstərilib.

Müəllif Sevinc Qasımova dörd adda metodiki tövsiyə hazırlayıb. “Muzey fondlarında əlyazmaların mühafizə qaydaları”adlı metodiki tövsiyəsində əlyazmaların, tarixi-mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsi üçün lazımı mühafizə rejimindən bəhs edilir. Muzeyin fond saxlanc yerlərində əşyaların qorunması işində işıq, bioloji, temperetur-rütübət rejimlərinə riayət etməsinin vacibliyindən danışılıb.

Onun hazırladığı böyüyən gənc nəslin intelektual səviyyəsinin artması və asudə vaxtının maraqlı keçməsi üçün nəzərdə tutulan “Gənc və yeniyetmələr üçün Yeni il şənliyinin ssenarisi” adlı tövsiyə bölgələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri və onların filiallarında istifadə edilməsi məqsədilə tərtib olunub.

Müəllifin milli mənəvi dəyərlərə söykənən Azərbaycan xalq nağıllarının mənfi və müsbət qəhrəmanlarının iştirakı ilə keçirilən 8-13 yaşlı uşaqlar üçün nəzərdə tutulan yeni il şənliklərinin ssenarisindən bölgələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri və onların filiallarında istifadə oluna bilər.

S.Qasımovanın hazırladığı 5-7 yaşlı uşaqlar üçün yeni il şənliyinin ssenarisindən bu yaş qrupunda olan uşaqlar üçün təşkil olunan şənliklərdə istifadə edilməsi nəzərdə tutulub.

Müəllif Məhbubə Əbilovanın “Muzey və muzey tipli müəssisələrdə bədii tərtibat işinin əsasları” adlı metodiki tövsiyəsində ekspozisiyada bədii-tərtibat zamanı görüləcək işlər muzey foyesinin tərtibatı, açıq səma altında ekspozisiyanın yaradılması, ekspozisiyanin bədii-tərtibatı, sitatlar, izahlı mətnlər, etiketlər, ekspozisiyanın işıqlandırılması, rəng çalarlarının düzgün seçimi, yeni texnologiyaların tətbiq olunması haqqında məlumatlar verilir.

Müəlliflər Leyla Rzayeva və İradə Xəlilovanın hazırladıqları vokal ixtisasının tədrisinə dair metodiki tövsiyədə vokal incəsənətini sevən şagirdlərin hazırlığı, onların ifaçılıq ustalığının kamilləşdirilməsi kimi məsələlər qarşıya qoyulub.

Qeyd olunub ki, hazırlanan bütün vəsaitlərin rayon (şəhər) mədəniyyət və turizm idarələrinə göndərilməsi və yerlərdə təqdimatların aparılması nəzərdə tutulub.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";