15:31, 19 Aprel 2017 (Çərşənbə) 58

Mehriban Sadıqova: "Rusiyada Azərbaycanın nə qədər çox ictimai təşkilatı olsa, bir o qədər yaxşıdır"

Mehriban Sadıqova:

Moskva. 19 aprel. / "Azərbaycanlıların digər təşkilatlarıyla heç bir rəqabətimiz yoxdur. Əminəm ki, Rusiyada Azərbaycanın nə qədər çox ictimai təşkilatı olsa, bir o qədər yaxşıdır".

Bunu "Report"un Rusiya bürosuna müsahibəsində Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova deyib.

Onun sözlərinə görə, hazırda Rusiyada 19 federal, 1000-dən çox regional və yerli milli-mədəni muxtariyyət var. "Bu işdə azərbaycanlılar ən fəaldır. Hazırda Rusiyada federal təşkilat ilə yanaşı, 87 regional və yerli milli-mədəni muxtariyyət (MMM) mövcuddur. Elə təkcə son iki ildə 32 yerli və 5 regional MMM yaradılıb", - M.Sadıqova bildirib.

AzerRos FMMM-in rəhbəri əlavə edib ki, Azərbaycan diaspor təşkilatlarının əsas məqsədi və vəzifəsi Rusiyada yaşayan bütün xalqlar arasında sülh və həmrəylikdir və onların hamısı Rusiya millətinin birliyi naminə işləyirlər.

Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) üzləşdiyi vəziyyətdən danışan M.Sadıqova bunları deyib: "Qeyd etmək istəyirəm ki, ÜAK Ədliyyə Nazirliyi tərəfindən təqib edilmir. Ədliyyə Nazirliyi hansısa qanun pozuntuları aşkarlayarsa, bu təşkilatın yerində istənilən qurum, o cümlədən bizim təşkilat ola bilər".

Onun sözlərinə görə, ÜAK-ın Ədliyyə Nazirliyinin Rusiya qanunvericiliyinin pozulmasına dair aşkar edilmiş pozuntuları aradan qaldırmaqla bağlı tələbini yerinə yetirmək üçün kifayət qədər vaxtı olub, amma təəssüf ki, bunu etməyib: "Nəticədə Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğv edilməsi iddiası ilə Rusiya Ali Məhkəməsinə müraciət edib".

Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasındakı fəaliyyətini şərh edən M.Sadıqova bu vacib meydandan həm dövlət başçısının, həm də hökumət orqanları rəhbərlərinin soydaşlarımızı maraqlandıran məsələlərə diqqət ayırmasını təmin etmək məqsədilə istifadə edəcəyini söyləyib.

"Ümid edirəm ki, azərbaycanlıların Rusiya prezidentinin müdaxiləsi ilə həll edilə biləcək məsələsi olmaz, özümüz onları həll edə bilərik. Çünki bunun üçün lazımi potensialımız var. Məişət səviyyəsində həm rusiyalı soydaşlarımıza, həm də Azərbaycan vətəndaşlarına yardım etməyə çalışırıq. Vəkillərimiz var və onların vasitəsilə problemləri həll etməyə çalışırıq", - o vurğulayıb.

Rəhbərlik etdiyi strukturun planları barədə danışan M.Sadıqova AzerRos FMMM-in ideya və layihə müəllifi Anar Yusifov ilə birlikdə uşaqlar üçün "Qızıl skripka" layihəsi hazırladığını bildirib.

"Faşizm üzərində qələbənin növbəti ildönümünü qeyd etməyə hazırlaşırıq, "Ölümsüz alay" ümumrusiya aksiyasında iştirak edəcəyik", - o deyib.

Onun sözlərinə görə, təşkilat Respublika gününə həsr olunmuş tədbirləri ötən illə müqayisədə bu dəfə daha böyük miqyasda keçirmək niyyətindədir.

"Mayın 21-də Sərçə təpələrində (Vorobyovı qorı) keçiriləcək və "Mənim evim - Moskva" Moskva Uşaq Festivalı çərçivəsində baş tutacaq bayram konsertinə hazırlıq işləri gedir. Bu festivalın əsas məqsədi uşaqların və gənclərin Rusiya paytaxtında yaşayan xalqların dilləri və mədəniyyətləri ilə tanışlığıdır. Ümumiyyətlə, bayram tədbirləri çərçivəsində Azərbaycan Mədəniyyəti Günü keçirilməsi və Azərbaycanın inkişafı haqqında filmlərin nümayiş etditilməsi planlaşdırılır", - AzerRos FMMM-in rəhbəri bildirib.

İki ölkə arasında diplomatik əlaqələr qurulmasının 25 illiyi ilə bağlı danışan M.Sadıqova Rusiya və Azərbaycan xalqları arasında dostluğun tarixinin 200 ildən çox olduğunu qeyd edib: "Rusiya və Azərbaycan xalqı bir-birinə müsbət yanaşır. Ortaq tariximizdə qarşılıqlı dəstək və güclü dostluq baxımından çox nümunələr var."



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";