13:56, 21 Aprel 2017 (Cümə) 51

Ümidlərin bitdiyi yerdə də “Qarabağ” var

Ümidlərin bitdiyi yerdə də “Qarabağ” var
/ İDMAN
Əslində "Qarabağ” qızıl medalların taleyini 25-ci turda həll etmişdi. Respublika stadinonunda, "Qəbələ” ilə oyunda.

Dəyərli Roman Qriqorçuka, meydanda tər tökən futbolçulara, "kadr arxasında” qalan klub nümayəndələrinə bəslədiyim bütün hörmətimə rəğmən, bunu deməliyəm. "Qarabağ” layiq olduğu, haqq etdiyi çempionluğu qazandı. Fevralın 19-da Qəbələdə keçirilən qarşılaşmaya qədər hər iki komandanın çempionluq şansı bərabər qiymətləndirilirdi. Həmin o gərginliyi və baxımlılığı ilə diqqətləri üzərinə çəkən oyundan sonra çox şey "Qəbələ”nin xeyrinə dəyişdi. Artıq çoxları belə hesab edirdi ki, "qırmızı-qaralar” əllərinə düşən tarixi fürsəti dəyərləndirəcək və mövsümün sonunda Azərbaycan çempionu adını məhz onlar qazanacaqlar. "Qarabağ” "Qəbələ”nin ardınca "İnter”ə də uduzunca belə düşünənlərin sırası xeyli genişlənmişdi. Hətta "Qurban Qurbanov və yetirmələri çempionluqdan doyublar, sonadək mübarizə aparmırlar, intiriqanı bilərəkdən öldürürlər” deyənlər də tapılırdı. 

Hər şey bir andaca dəyişdi. Sanki "Qəbələ” bütün bu söz-söhbətlərdən, yaxın olduğu qızıl medalların parıltısından özünü itirdi. Ard-arda baş verən xal itkiləri, uğursuz oyunlar "Qəbələ”nin psixoloji cəhətdən də çempionluğa hazır olmamasına işarə idi. "Qarabağ” isə sakitcə öz işini görür, xalları hesabına yazırdı. Belə yerdə adamın məşhur deyimi "siz saydığınızı sayın, görün "Qarabağ” nə sayır”a çevirməyi gəlirdi. Bəzən Qurban Qurbanovun "biz öz oyunlarımızı düşünürük, sona qədər mübarizə aparırıq, rəqiblərimizi düşünsək, bizə mane olar” sözlərini qəribçiliyə salırıq. Amma fakt göz qabağındadı. Artıq yetərincə təcrübə toplanmış Qurban bəy bu sözləri boşuna demirmiş. "Qəbələ”nin xal itkiləri "Qarabağ”ı nə rahatlatdı, nə də izafi gərginliyə saldı. "Köhlən atlar” addım-addım, qarış-qarış zirvəyə doğru irəlilədi və ələ keçirdiyi zirvəni bir daha rəqibinə güzəştə getmədi. "Qarabağ”ın mövsum ərzində qalib gələ bilmədiyi "İnter”in qapısına həlledici oyunda 3 top vurması da həmin əzmin və mükəmməl motivasiyanın göstəriciydi. "Qəbələ”nin Gəncədə uduzması da əlavə psixoloji yükə, tələskənlik və ya rahatlığa bəhanə verməmişdi. Beləcə "Qarabağ” ardıcıl 4-cü çempionluğunu rəsmiləşdirməklə adını bir daha Azərbaycan futbolunun tarixinə yazdırmağı bacardı. 

Sözsüz ki, bu uğur təkcə "İnter”lə oyunda 3 dəfə fərqlənən futbolnçuların, yaxud da "Qəbələ” ilə qarşılaşmada rəqibin fərqlənməsinə imkan verməyənlərin zəhmətinin bəhrəsi deyil. "Qarabağ”dan söz düşəndə, hər kəs klubda sistemin düzgün qurulduğunu, seleksiya siyasətinin, idarəçilik mexanizminin ideala yaxın təşkil edildiyini deyir. Bu mənada "Qarabağ” Azərbaycanın başqa klubları üçün də yaxşı bir nümunə yaradıb. Təsadüfi deyil ki, uğursuzluğa düçar olan çalışdırıcılar da çətin məqamda "Qarabağ” örnəyindən yapışır, "Qurban Qurbanov "Qarabağ”ı bir günə bu səviyyəyə çatdırmayıb” deyirlər. Deməli, uğurun təməli klub rəhbərliyinin çalışdırıcıya göstərdiyi etimadla və Qurban bəyin həmin etimaddan düzgün yararlanmasıyla qoyulub. Baxmalı, öyrənməli və tətbiq etməli nümunədi. İstəsələr, çalışsalar, başqa klublarımız da uğurları sıralaya, azarkeşlərin ürəklərini beləcə fəth edə bilərlər. 

"Qarabağ”ın əvəzediciləri liderdən cəmi bir xal geri qalır. Rəşad Sadıqovun çalışdırdığı U-19-un da qızıl medalları qazanmaq üçün əla şansı var. Deməli, bəhs etdiyimiz sistem öz bəhrəsini göstərməkdə, uğur qazanmağa qadir yeni nəsil "Qarabağ”lılar yetişməkdədi. Amma tək əldən səs çıxmadığı kimi, "Qarabağ”ın da bütöv Azərbaycan futbolunu təkbaşına xilas etməsi, ağır yükü çiyinlərində daşıması mümkünsüzsü. 

Nəzərə alaq ki, bu mövsüm Azərbaycan futbolu üçün xüsusilə ağır keçdi. Tribunalarımız bir az da boşalıb, çempionatımıza maraq əhəmiyyətli dərəcədə azalıb. "Xəzər Lənkəran”la "Bakı”nın səhnədən getməsi, "İnter”in başı üzərini almış qara buludlar, "Neftçi”nin adına yaraşman günə salınması, elitada cəmi 8 klubun qalması cidi mənada neqativ görüntü yaradb. Bunun fonunda ayaqda qalmaq, komandanı motivasiya etmək, iddiaları qoruyub səviyyəli legionerləri formada saxlaya bilmək xeyli çətindi. "Qarabağ”la "Qəbələ”nin əsas problemlərindən biri də məhz bu idi. Bəlkə də "Qəbələ”nin sonadək davam gətirə bilməməsində bu sadaladıqlarımın da təsiri var. Qurban Qurbanov komandasını həmin böhrandan, acınacaqlı durumun gətirdiyi süstlükdən qoruya bildi. Məhz bu səbəbdən də yazının başlığında Ağdam təmsilçisini Azərbaycan futbolunun ümidi kimi təqdim etmişəm. Ölkə futbolundan soyumağa başladığımız, ruhdan düşdüyümüz, gələcəyə ümidlərimizi itirdiyimiz anda "Qarabağ”ın uğurlarıyla qəflət yuxusundan oyanmışıq. Əmin olmuşuq ki, Azərbaycan təmsilçisi də avrokuboklarda adlı-sanlı rəqiblərlə başabaş mübarizə apara bilər. Artıq bu yay yeni dalğanı başlatmağın, tarixə yeni səhifəni yazmağın vaxtıdı. "Qarabağ” çiyinlərinə götürdüyü çempionluq yükünü qitənin ən nüfuzlu klub turnirinə qədər daşımalıdı. 

Çemionlar Liqasının qrupunda görüşənədək!

Mənbə: "Futbol+" qəzeti, Amal Abuşov



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";