KİŞİ KİMİ
Müşfiq Şükürov – filosof: “Arvadı başıma çıxarmıram ki?” Tarix : 08 İyul 2018, 16:08
Yazar : Qadinkimi.com

Yanlış təsəvvür var ki, "kişinin pulu olar". Qadının da pulu olar.

Məhəmməd peyğəmbərin ilk həyat yoldaşı Xədicə xanım varlı idi.

Peyğəmbər onun işçisi olub.

 

Müşfiq müəllim,  həyatınızdakı Qadın kimdir?

- Məni bu dünyada yaşadan ilk iki qüvvə... Anam və həyat yoldaşım. Təəssüf ki, qızım olmadı...Dünya həyatımızdakı qadınların təbəssümü, mehri və qayğısı şəklində bizimlə kontakta girir. Başqa tanışlıqlarda həmişə bir az şok olursan. Həyatının qadınını tapan kişi şanslıdı. Uşaqlıqda düşünürdüm ki, qadınlar bu dünyada əsas varlıqlardır. Böyüdükcə gördüm ki, hakimiyyət kişilərin əlindədir. Bunu dərk etmək  xoş deyildi. Burda nəsə bir yanlışlıq hiss edirdim.

Nədir yanlış olan?

- Yanlış olan qadının ikinci dərəcəli varlığa çevrilməsidi. Bəşəriyyətin ilkin zamanlarında nə isə kültürəl bir inqilab olub. Matriarxatdan patriarxta keçid yaranıb. Tanrıların kişiləşməsi baş verib. Mifologiyada bu prosesi izləmək olur. Zamanla qadına ikinci rol verilib. O mülkiyyətləşdirilib, əşyalaşdırılıb. Onu alıblar, satıblar, pay veriblər. İnsan həyatı daha aqressiv, daha ambisioz olub. Bu proses, hələ də ətalət üzrə davam edir. Ənənəvi mədəniyyətə bağlı cəmiyyətlər vəziyyətin ideal olduğunu göstərməyə çalışırlar. Amma belə deyil. Həmin ənənəvi cəmiyyətlərdə heç kim qadın doğulmaq istəmir. “Kişi kimi” təyini tərif,  “arvad kimi” təyini isə təhqir sayılır. Simmetriya yoxdur.

Niyə qadın ikinci dərəcəli varlıq kimi görünür -  kişilərin, elə qadınların özlərinin gözlərində də?

- Qadınları  inandırıblar ki, onlar ikinci dərəcəlidi. Məhz inandırıblar.

Bunu necə ediblər?  

- Mədəniyyətlər, dinlər vasitəsi ilə.  Tanrılarımız belə istəyir deyib inandırıblar. Onlar da bu tələdən çıxa bilmirlər.

Bizim saytımızın adı "Qadın kimi"dir. "Kişi kimi" tərifli təyini ortadan qaldırmaq istəyirik. Çıxış yolunu nədə görürsünüz? Qadına necə göstərək, onun özünə necə sübut edək ki, bəşəriyyətin ikincisi deyil? Kişidən sonra deyil...

- Asan olmayacaq. Mədəniyyətin ətalətini qırmaq, bütün mifoloji, teoloji, ədəbi irsi yenidən oxuyaraq mənalanrdırmaq, özünəməxsus təftiş etmək lazım gələcək.  Bu hədəfə uzun yolla çatmaq olar, qısa yolu yoxdur. İndiki mərhələdə, mədəniyyətdəki assimmetrikliyi, qadına münasibətdəki antihumanizmi göstərmək, sübut etmək lazımdır. Bunu pərdələmək, malalamaq cəhdlərini açıq müzakirə etmək, hər dəfəsində aydınlığa çıxmaq gərəkir. İctimai fikir gec-tez dəyişir, hər halda daha insani, daha humanist olmağa çalışır. Bu, fikirlərdə mutasiyalar yaradacaq. 15 il əvvəl mobil telefon gəzdirən, avtomobil sürən qadına pis baxırdılar. Mənim uşaqlığımda mentalitet “filosofları” qadının şalvar, qısa ətək geyinməsini müzakirə edirdilər. Bu şeylər azalıb. Artıq Ərəbistanda qadına maşın sürməyə də icazə verirlər. Şükür ki, Şərq əvvəlki kimi ola bilmir. Çox işləmək lazımdı. Sizin sayt da bu istiqamətdə işlər görə bilər.

Qadını ikinci dərəcəli hesab etməyən Müşfiq müəllim evdə necə, qaçınılmaz olan ailə sorunlarında xanımını sonacan dinləyirmi? Onun göstərdiyi qüsurları düzəltməyə çalışır, yoxsa boynuna almır?

- Mən də patriarxal mədəniyyətin şikəst etdiyi kişilərdən biri idim.Evliliyimizin ilk illərində ciddi komplekslər keçirirdim. Başqaları nə deyər, qohumlar, qonşular... Arvadı başıma çıxarmıram ki? Həyat yoldaşımla münasibət bir fəlsəfə diktə edirdi, ətraf mədəniyyət başqa. Bunların  arasında qalmışdım. Həmişə də ən doğru qərarları verə bilmirdim. Çoxlu səhvlər edirdim. Kiçik bir misal verim. Olan hadisədi. Yaşadığım yerlərin birində, həmişə zibili mənim atdığımı  görən  qonşu kişi: “Oğlum, sən cavansan, bilmirsən, bizlərdə zibili qadın atar” – demişdi.  “Amma bizdə kişilər atır”, - dedim. Doğrudan da, oğlanlarım böyüdü və bu cür işləri öhdələrinə götürdülər. Bu, yalnız kiçik bir detaldır. Ziddiyyətin psixoloji palitrası çox rəngarəngdir. Amma zamanla anladım ki, mədəniyyət mütləq anlayış deyil, insanların yaratdığıdır. Mədəniyyəti deyil, həyatı, insan ürəyini dinləməyi öyrəndim. Bilirsiniz, mədəniyyət ürəklə konfliktdədir. Belə bir dünya yaratmışıq biz - ürəklə konfliktdə olan dünya. İndi ətrafın fikri ilə daha az hesablaşıram. Həyatın səsinə qulaq verməyə çalşıram.

   

Könül xanım sizi tənqid edir?

- Könül xanım, əksər qadınlar kimi yaxşı tənqidçidir. Bəzən onu dinləmək acı olur, amma dinləyirəm.  Ortaq bir yol tutmalı oluram, bu və ya digər məsələdə. Ondan çox şey öyrənmişəm. Mənim insan kimi formalaşmamda onun rolu anamın rolu qədərdir.

Evə və ona qarşı diqqətlisiz? 

- Diqqətli olmağa çalışıram. Könülün dediyinə görə, hələ idealdan çox uzağam. Ən çox pintiliyimə və çox yediyimə görə tənqid olunuram.

Alış-verişə bir gedirsiz, ya siz qarışmırsız bu movzulara? Paltarlarınızı özünüz seçirsiz, yoxsa Könül xanım?

- Alış-verişə bir gedirik. Amma mən daim gözləyən rolunda oluram deyə, bir az yoruluram. Özümə paltar seçməyi heç bacarmıram. O bəyənsə, adətən, yaxşı seçim olur. Onunla gedirəm özümə paltar almağa. AVM-lərdə (alış-veriş mərkəzi - red. tr.) olur ki, oturub kitab oxuyuram, onun alış-verişinin bitməyini gözləyirəm.

Bu sualı unutmamış verim: Hansı filosof qadınların adını çəkə bilərsiz? Sizcə niyə filosof qadınların sayı azdı?

- Filosofluq heç qadın işi deyil. Hərçənd, qadınların bəşər düşüncəsinə də qatqıları böyükdür. Ən böyüyü yəqin ki,  Rəbiyyə  əl - Ədəviyyədi. Hindistanda, Çində də olub belə qadın mistiklər. Qadın həyatı başqa cür sevir. Mərhəmət, şəfqət, diqqət dahiləridir qadınlar. Kişilərdə görə bilmədikləri o istedadı özləri təmsil edirlər. Fərqimiz budu: Qadınlar ac pişiyin yanından biganə keçə bilmirlər.
Qadınla və kişi psixologiyası, fiziologiyası, intellekti arasında fərqlər var. Bərabərlik istəyi fərqləri görməzdən gəlmək deyildir.
Qadınlar kişilər qədər ağırlıq qaldıra bilməzlər, qadın şahmatçı kişilər arasında dünya çempionu ola bilməz və sair.
"Qadınlıq və kişilik unikal mövcudluq yöntəmləridir" - Yin və Yang deyirdilər şərqdə... Onu deyə bilərəm ki, fəlsəfədə, sənətdə o kişilər böyük uğur qazanırlar ki, onlarda Yin - yəni qadınlıq inkişaf etmiş olsun.

Mümkünsə, bunu bir az daha açın.

- Lao Tzı, məsələn, deyirdi: “Qadın olmağa hazır deyilsənsə, böyük həqiqətlərə ulaşa bilməyəcəksən”.
Böyük həqiqətlər kişi kimi döyüşməklə deyil, yumşaqlıq və təslimçiliklə əldə olunur. Hər şeyi qucaqlayan bir ruhda olmalısan. Sintez olmalıdır - qadın və kişi ruhunun sintezi. Bu baxımdan filosofluq elə kişilər arasında da nadirdir. Filosoflar mentalitetin gözündə yaxşı "kişi" ola bilmirlər. Sokratı xatırlayın. Qadınlar arasında isə filosoflar daha az olur. Bu da onların təbiətlərinin özəlliyi ilə bağlıdır.
Bu fəlsəfə hələ də axıra qədər işlənməyib. Məncə qadınlıq və kişiliyi yenidən mənalandırmaq lazımdır. Əvəzolunmazlıq, vəhdət, tamamlama işığında. Birinci-ikinci ayrılığında deyil.

Qadınlar hər məsələdə xidmət edən tərəf  kimi görünür, hətta istismar edilir. Bunlardan ən böyük problem seksdədir. Bu barədə siz nə fikirdəsiniz?

- Qadının mülkiyyətləşdirilməsi seksi də çirkin bir şeyə dönüşdürdü bu sivilizasiyada. Seksin ayıb elan olunması hər şeyi kökündən dəyişdirdi. İndiki insanın təsəvvür edə bilməyəcəyi dərəcədə. Bunun ifadəsidir ki, qadını ictimai yerdə döymək olar, amma öpmək olmaz. Ata-ana, uşaq yanında  ər-arvad öpüşməz, ayıbdı. Amma söymək, döymək, dalaşmaq olar, ayıb deyil. Qadın əşyalaşdıqca seksual obyekt kimi istismar edildi. Bu baxımdan onun seksuallığını gizlətmək, əksinə, seksuallığının daha çox qabardılmasına səbəb oldu. Qadının cəmiyyətdəki asılılığı, hüquqsuzluğu  onu yataqda da hüquqsuz etdi. Bir çox qadın seksual məmnunluğun nə olduğunu bilmir, ya heç vaxt yaşamayıb, ya da o hissdən heç xəbəri yoxdu. Bilib etiraz etsə də, məmnun deyiləm söyləsə də, pis qarşılanacaqdı deyə susmağa öyrəşib. Beləliklə, birtərəfli istismar obyektinə çevrilib.

Siz hazırda Turkiyədə yaşayırsınız. Ordakı qadınlarla bizim qadınlar arasında fərq görünürmü?

- Türkiyə rəngarəngdir. Mən İstanbulda gördüyümü deyə bilərəm. Burda qadınlar ümumən daha azad görünürlər. Məsələn, kişilər kimi rahat siqaretlərini çəkirlər. Daha tələbkar, daha əzmkar duruşları var. Reginonlarda isə vəziyyət fərqlidir.

Xanımınız biznes ledi olsaydı ailənizdə nələr dəyişərdi?

- Bizdə xanım elə biznes ledi kimidir. Həmişə işləyib, çox zaman maaşı da artıq olub. Heç nə dəyişməzdi. Biz o mərhələni keçdik. Maddi uğur kişilik və ya qadınlıqla bağlı deyil. Yanlış təsəvvür var ki, "kişinin pulu olar". Qadının da pulu olar. Məhəmməd peyğəmbərin ilk həyat yoldaşı Xədicə xanım varlı idi. Peyğəmbər də onun işçisi olub. Təəssüf ki, sonra müsəlman dünyasında biznes qadını olmaq müşkülə çevrildi. Çünki kişinin üstünlüyü  üçün qadının iqtisadi baxımdan ondan asılı olması lazım idi. Buna görə də qadına hər şeyi qadağan etdilər. İstismar etmək üçün üstün olmalısan. Bu da insan münasibətlərinin təbiiliyini pozdu.  Həyat zülm kimi düşdü kişilərin çiyninə. Baxın, mən patriarxallığı sevmirəm. Çünki bu münasibətlərdə qadın öz həyatını yaşaya bilmədiyi kimi, kişi də öz həyatını yaşaya bimir. Sintez yaranmır. İnsanlar arasında yeni həyat fəlsəfəsinə böyük ehtiyac var.

Qadinkimi.com