12:17, 21 Aprel 2017 (Cümə) 95

“Neftçi”nin yersiz dəvəti

“Neftçi”nin yersiz dəvəti
/ İDMAN
Filan ayın filan günündə "Neftçi” muzey və fanşop açılışı edəcəkmiş. Təbriklər! Ad-sanı yerlə bir edilmiş qocaman klubumuz üçün böyük uğurdu. Savab iş görəcəklər, mümkünsüzü həyata keçirəcəklər.

80 yaşlı klubu yubiley ilində 0:8 uduzduranlar, tarixinə qara səhifə yazanlar, 8 komandanın yarışdığı premyer-liqada sondan əvvəlki pilləyə məhkum edənlər indi sinələrini irəli veriblər. Adlarını tarixə bu cür yazdırmaq istəyirlər. Nəymiş ki, sonra da "ilk dəfə klubun muzeyini biz yaratdıq, rəsmi fanşop açdıq" deyib, qürrələnə bilsinlər.

Hansı üzlə? Hansı gününüzə qürrələnirsiz, sevinirsiz, özünüzdən qəhrəman düzəldirsiz? 

Həmin muzeyə "Qəbələ” ilə məlum oyunun protokolunu və faciənin gerçəkləşdiyi "Əlincə Arena”nın qazonundan bir parça mütləq qoymaq lazımdı. Protokolu qızıldan düzəldilmiş çərçivəyə saldırmağı da unutmayın. Xalq öz qəhrəmanlarını tanımalıdır!

Fanşopdan alış-veriş edənlərin də adlarını ayrıca siyahıya yazın. Onların "xuliqan” olub-olmadığını mütləq müəyyənləşdirin. Maraqlıdı, legionerin hücumuna məruz qalan, gah "kənar şəxs”, gah da "xuliqan” adladırılan "Neftçi”sevərlər fanşopa axın edəcəklərmi, ciblərinin son qəpiyini bir ovuc adamın varlanmağından ötrü "şop”un kassına verəcəklərmi? Heç inanmağım gəlmir!

Bakaxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadionu yerlə-yeksan etdilər. AFFA-nın ianəsi hesabına tez-tələsik 2-3 meydança saldılar. Sonrasını heç kim bilmir. "Neftçi”nin baza tikintisi nə yerdə qaldı, azyaşlı futbolçular nə vaxt Mərdəkana yol ölçməkdən xilas olacaqlar? Kimsə bilmir. Heç özləri də. 80 yaşlı klubun düz-əməlli bazası, ofis binası da yoxdu. Olsaydı, klubun muzeyini və fanşopunu orda açardılar. Müvəqqəti qonaq kimi məskunlaşdıqları, AFFA-nın balansından olan qəsəbə stadionunda yox. Sabah klubu ordan çıxarsalar, muzeylə fanşopu kimin belinə yükləyib, köçürdəcəklər?! Qorxuram ki, onda da mətbuat nümayəndələrini və sadiq azarkeşləri fəhləlik etməyə, "Neftçi”nin ağır yüklərini daşımaq üçün çağırarlar.

Başqa kimi tapacaqlar ki? "Neftçi”nin əfsanəvi futbolçularının qatıldığı ziyafətə idman jurnalistlərini çağırmağı lazım bilməmişdilər. Kasıb qələm əhli yükək səviyyəli dəvətlilərin olduğu ziyafətdə arzuolunmaz şəxs hesab edilmişdi. İndi dəyərli Mehman Rəsulov idman mediasına müraciət ünvanlayıb. Deyir ki, bizim muzeylə fanşopun açılışına gəlin, bu "böyük işi”mizi işıqlandırın, xalqımız xəbər tutsun. 

Bir az yersiz dəvət oldu sanki... Üzrlü sayın, bu dəfə dəvət olunan yerə getməyə ar edəcəyik.

Amal ABUŞOV







document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";