10:30, 28 Aprel 2017 (Cümə) 168

QHT sədrinin cəzası azaldılıb

QHT sədrinin cəzası azaldılıb
/ ÖLKƏ

Bakı. 28 aprel. / Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən QHT sədri İlqar Əliyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Əliyevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 6 aya endilib.

Qeyd edək ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı İlqar Talışxan oğlu Əliyev gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsilə baxış keçirilib və monitorda metal əşyaların təsvirləri əks olunduğundan təkrar yoxlama aparılıb.

Yoxlama zamanı sərnişin İ.Əliyevə məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.

İ.Əliyev izahatında "Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının (QHT) sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, bıçaqlardan 5-i soyuq silah hesab olunub, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalardır.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə), 192-ci (qanunsuz sahibkarlıq), 228.4-cü (qanunsuz silah saxlama) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";