SEVGİ
Sveyqin amansızlığı Tarix : 08 İyul 2018, 16:08
Yazar : Nuridə Allahyarova

Yazıçı Stefan Zveig (Sveyq) qadını bəzən elə təsvir edir ki, zaman-zaman onu oxumaqdan vaz keçirəm. Bir zaman arealında yenidən özümü “ağuşunda” hiss edincə anlayıram ki, qadınlar əslində son nəfəslərinə qədər vaz keçmirlər bağlandıqlarından. Sevdiklərindən yox, bağlandıqlarından. Daha çox kişilərdə olur zərərli vərdişlər – içki aludəçiliyi, maddə bağımlılığı və s. Əslində, bütün bu zərərli hesab etdiyimiz vərdişlərdən də zərərlisini qadın tətbiq edir. Dəyişəcəyinə ümid edərək bağlandığı adamın bütün səhvlərinə, günahlarına – özünü, hətta  Tanrını  aldadaraq sonadək vaz keçmədən dözür. Zveig isə qadını məhz bu vərdişindən dolayı “sosiumun üzqarası” adlandırır. Ruhən feminist olan biri üçün Zveigı oxumaq, əsəb keçirmək, amma növbəti həftələrdə yenidən kitablarından birinə başlamaq, bəlkə də, doğrudan da, üzqaralığıdır. Bəlkə də, Zveig haqlıdır. Əsrlərlə beynimizin hər hüceyrəsinə aşılanan “qadın yıxan evi...”, “qadın hər evin dirəyidir”, “cənnət anaların ayaqları altındadır”, “qadına yaraşmaz” kimi bütün kişi natiqlərin boğazdan yuxarı mövzuları, əsrlərlə cismani xəyanətdən dolayı daş-qalaq olunan qadınlara qarşı nifrəti elə qadınların öz beynində məskən ediblər.  Yerli yazıçımız Aysel Əlizadə yazır ki, qadın hər istəyinə qanla çatır... Qadının mahiyyəti budur deyə cənnət haqda təsəvvürü belə nəfsinə dözməyən qadınla ekvivalentləşdiriblər.  İnsanlığın cənnətdən - qayğısız həyatdan məhrum olmasının günahını qadının ayağına bağlayıblar. 

Səsin ən uca tribunalardan, sorağın vəzifələrdən gəlirsə, gözəlliyinin şanı dillərdən düşmürsə, ömrünün saatlarını özün daxil hamıya bərabər bölə bilirsənsə, hər şeyə rəğmən yenə sevməyi bacarırsansa, adını dar məkanlarda pıçıltıyla başqa yolun yolçusu kimi çəkirlər, əzizim!

Bizi özümüzdən diksindirirlər, əzizim!

Bizi davranışlarımızdan ehtiyatlandıra-ehtiyatlandıra zəlilə çevirirlər, əzizim!

Hər məzhəbin yiyəsi olduqları halda, ən xırda məzhəb sürüşməmizdə barmaqla göstərirlər, əzizim!

Bizi öz bellərindən gələn övladları böyütməyə məcbur hiss etdirirlər, əzizim!

Ağlaya bilməyimizdən yararlanıb ağladırlar, əzizim!

Cismən zəifliyimizi fürsət bilib cismimizi incidirlər, əzizim!

Hər gün yollarını gözləməyimizi borcdan hesab edirlər, əzizim!

Bir gün ansızın qapını çırpıb gedəcək qədər sıradan bilirlər, əzizim!

Bədbəxtliyimizə halallıq verib, xoşbəxtliyimizi namusumuzun qüsuru kimi yozurlar, əzizim!

İslah olun, əzizim. Yaradılışına qayıt. Mahiyyətinə geri dön.  

P.S. Stefan Zveig 1942-ci ildə, nə bir addım öndə, nə bir addım arxada, nə də tək, arvadıyla birlikdə intihar edib!