BURA / ORA
Vətəndaş olmaq - Alim qadının gördükləri Tarix : 08 İyul 2018, 16:12
Yazar : Qadinkimi.com

İşimlə əlaqədar olaraq ABŞ-ın Texas ştatının Houston şəhərində yaşayıram. Keçən həftə başıma gələn bu maraqlı və çox təsirləndiyim hadisə evimə yaxın bir poçt şöbəsində baş verdi.

Yeni il hədiyyəsi olaraq internet vasitəsilə satın aldığım qol saatı paketdən şüşəsi çatlamış halda çıxınca, vaxt itirmədən dərhal geri göndərmə formunu doldurub poçt şöbəsinə üz tutdum. Poçt şöbəsinə girdiyimdə 20-25 nəfər növbədə gözləyirdi. Burada marketdən bir çörək belə alınsa, önündəki onlarla insanın arxasında sıraya durub öz növbəni gözləmək məcburiyyətindəsən. Təbii ki, bu proses insanı çox səbrsizləndirir. Üstəlik insanlara xidmət edən personalın işindən, canından bezmiş və istəksizliyin yansıdığı simasını görüncə insanın səbri daha da dolub daşır.

Getdiyim poçt şöbəsində xidmət verən personal sayı sadəcə 2 nəfər idi. Növbəmi gözlədiyim zaman arxaya döndüyümdə məndən sonra daha 30-35 nəfərin gəlib sıraya durduğunu gördüm. "Nə isə, ən azından ortalardayam" deyə sevindim. Tam 40 dəqiqə sonra sıra mənə gəldi. Paketi görəvli məmura uzatdım, "Ünvan üzərində yazılıdır" dedim. "Paketi niyə yapışdırıcı bantla (skoç) bağlamamısınız?" deyə soruşdu. Girişdə divara vurulan "Paketin içərisini görmək istəyə bilərik. Lütfən paketlərinizi açıq şəkildə gətirin" xəbərdarlıq yazısını göstərdim. Səsini yüksəldərək qəzəblə "Qapıda nə yazdığını yaxşı bilirəm. Dərhal paketinizi bantlayın" dedi. Növbədəki hər kəs artıq bizi dinləyirdi. Görəvli məmurun yanındakı yapışdırıcı bantı göstərərək, "Rica etsəm bantı verərsinizmi?" deyə soruşdum. Cavab yenə eyni yüksək tonla gəldi: "Xeyr, o bant mənə aiddir, müştəri öz bantından istifadə edəcək!" dedi. "Yanımda bant yox, sizin bantdan istifadə edib pulunu ödəyə bilərəm" dediyim an görəvli xanım səsini daha da yüksəltdi.

Üç addım o tərəfdə bir ayaqqabı qutusu böyüklüyündə, sadəcə paketləmə servisi üçün yararlı 20 dollarlıq bantı işarət edərək satın almamı istədi. "15 santimetrlik qutu üçün mənə o bantı aldırmanız sizə məntiqli gəlirmi?" deyə soruşdum. "Bantı al və dərhal növbənin sonuna keç!" deyə bağırarkən qəzəbindən qıpqırmızı olmuşdu.

Eyni hiddətlə "Next, Next" deyə bağıraraq növbədə gözləyən bir sonrakı müştərini çağırdı. Və o an təəccüb və çaşqınlıqdan donub qaldım. Çünki sıradan bir nəfər belə irəli gəlmədi. Məndən sonra sırası çatan yaşlı bir cənab "Siz ilk öncə xanım müştərinin işini görün və bu qutunu dərhal bantlayın" dedi. Görəvli məmur onu duymazdan gələrək hiddətlə bağırırdı: "Sıradakı gəlsin!" 30-35 nəfərdən kimsə yerindən tərpənmirdi. Maraqlısı budur ki, heç ikinci görəvli məmurun da yanına getmirdilər, xidmət tamamən dayanmışdı.

Bu arada növbədə dayanan yaşlı bir xanım "76 yaşındayam və dizlərim ağrıyır, amma siz bu xanımın paketini bantlayıb vəzifənizi yerinə yetirmədiyiniz müddətcə buradan bir addım da atmayacam" deyə səsləndi. Görəvli xanım paketi hirslə əlimdən dartıb qutunu poçt bantı ilə yapışdırdı.

Mən isə qarmaqarışıq duyğular içində tamamən başımı itirmişdim, gözlərim dolmuşdu, az qala ağlamaq üzərəydim. Növbəyə dönüb "Hamınıza çox çox təşəkkürlər" deyə bildim sadəcə. Gülümsəyərək əl salladılar. Çölə çıxıb avtomobilimə oturdum və yerimdən tərpənmədən düşünməyə başladım: "Hər kəsin işi-gücü, tələsən yeri var. Necə oldu ki, bir nəfər belə tələsdiyini irəli sürüb növbənin önünə keçmədi? Necə oldu ki, birdən-birə o qədər insan birlik olub bir nəfərə qarşı edilən haqsızlığa reaksiya göstərdi?"

Elə bu anda növbədə məndən sonra olan yaşlı cənab işini tamamlayıb çölə çıxdı. Avtomobilimə yaxınlaşdı, pəncərəni açdım. Gülümsəyərək ağlımdan keçən sualları cavablandırdı: "Sizə qarşı edilən bu yanlış davranış üçün çox təəssüf edirəm. Təbiətdə heyvanlar, ağaclar, hətta bakteriyalar belə bir-birləriylə bir bağ, bir harmoniya içərisində hərəkət edərkən biz insanlar bir-birimizdən çox qopduq. Yanlış bir davranış zamanında təsbit edilərək, dərhal kütləvi olaraq etiraz edilməzsə, həmin o davranış toplumun gözündə normallaşmağa başlayar. O xidmət edən məmur xanım bir daha yanlış hərəkət etmək istədiyində artıq iki dəfə düşünəcək. Bizə təşəkkür etmənizə isə ehtiyac yoxdur, çünki biz öz vətəndaşlıq vəzifəmizi yerinə yetirdik. Sizə gözəl bir Yeni il diləyirəm." Gözlərim dolmuş halda yaşlı cənabla sağollaşdım.

Özümüzə və ya bir başqasına edilən haqsız bir davranış qarşısında qorxduğumuz və ya başqa səbəblərlə etiraz etmədiyimiz, səsimizi çıxarmadığımız müddətcə yaşamımızda bizi çox daha ağır günlərin gözlədiyinə qəti olaraq inana bilərsiniz.

--- Hacəttəpə Universiteti Biologiya fakultəsi məzunu, Ankara Universiteti Tibb fakultəsindən Mikrobioloji doktorası almış, Finlandiyada dosent ünvanı alan ilk türk elm insanı və hal-hazırda NASA-da çalışan

Dr. Neva Çiftçioğlu Banes.

Tərcümə və düzəliş: Lola Liana