17:22, 11 Yanvar 2017 (Çərşənbə) 67

Vüqar Həşimovun ölümündən 3 il keçdi - TƏƏSSÜRAT

Vüqar Həşimovun ölümündən 3 il keçdi   - TƏƏSSÜRAT
/ İDMAN

Kişi şahmatçılarımızın 2009-cu ildə Serbiyada qazandığı ilk Avropa çempionluğunu həmişə qürurla xatırlayıram. Novi Sada getməzdən əvvəl Vüqar Həşimovla Şəhriyar Məmmədyarovun "çalış sən də gəl" deməsi məni daha da ruhlandırmışdı. 

Son anda həll olunan səfərim qitə birinciliyinin V turundan başladı. Zurab Azmayparaşvilinin kapitanı olduğu yığmamızda sözün əsl mənasında birlik hiss olunurdu. Uşaqlar hətta səhər yeməyinə çox vaxt komanda kimi yollanırdı. Çempion olmaq üçün son turda millimiz qələbə qazanmalı, digər oyunda isə əsas rəqibimiz xal itirməliydi. 

Oyun günü dəhlizdə rastlaşdığım Türkan Məmmədyarova çempion olacağımıza inandığını desə də, narahatlıq məni tərk etmirdi. Oyun zalına yollanarkən Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Teymur Rəcəbovun həyəcanlı baxışlarını hələ də unutmamışam. Oyundan əvvəl narahat göründüyümü söyləyən Vüqar Həşimova ənənəvi sualı verdim: "Bu işin axırı necə olacaq?" Şahmatçımızın cavabı qısa oldu: "Yaxşı olacaq, hər şey özümüzdən asılıdır".

Son turda bütün komanda bəslənən ümidi doğrultdu. Son nöqtəni isə VÜQAR qoydu.

Vüqarın oyunu davam edərkən mənə yaxınlaşan şahmatçımız Rauf Məmmədovun sözləri gülüşümə səbəb olmuşdu: "Qırmızı hərflərlə yaza bilərsən, bu gün Azərbaycan Avropa çempionu olacaq!" 

5 saatdan artıq davam edən partiyada yorğunluğu hiss etdirməyən Vüqar Həşimov həlledici gedişi etməklə o vaxt üçün 9 milyonluq Azərbaycan xalqını sevindirdi. Tarixi qələbədən sonra Serbiya, Rusiya və Ukrayna mediasını gözlədən Vüqar ilk olaraq bəndənizin suallarına cavab verdi. Hələ zarafatından da qalmadı: "Demişdim axı, yaxşı olacaq".

Həmin Azərbaycan millisi üçün çox darıxmışam. Millimiz gələcəkdə 2009-cu ildə olduğundan daha güclü olacaq. Amma həmin milli komanda daha geri qayıtmayacaq. Çünki, VÜQAR HƏŞİMOV bizi tərk etdi. 

2014-cü ilin bu günü Qubada olarkən bu ŞOK xəbəri eşitdik və hələ də onun bizi tərk etdiyinə inana bilmirik. Son GEDİŞini qəbul etmək çox çətindir.

Sənan Şəfizadə