15:20, 27 Aprel 2017 (Cümə axşamı) 78

YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd olan Polad Bülbüloğlu yeni proqramlar həyata keçirmək niyyətindədir

YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd olan Polad Bülbüloğlu yeni proqramlar həyata keçirmək niyyətindədir

Bakı. 27 aprel. / YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi irəli sürülən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bir sıra yeni proqramlar həyata keçirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Polad Bülbüloğlu "Sputnik" radiosunun Paris studiyasına müsahibəsində bildirib.

"Bütün dünyada olduğu kimi, bu təşkilatda da müəyyən çətinliklərin mövcudluğu hiss olunur. Maliyyələşmənin azalması, hərbi münaqişələr, böyük dövlətlərin maraqlarının zidd olması - bütün bunlar YUNESKO-nun işinə təsir edir. Bundan başqa, daha münasib dövrlərdə, kifayət qədər böyük proqramlar, məsələn, yoxsulluq, ətraf mühitin çirklənməsi və s. ilə mübarizə sahəsində, işlənib hazırlanıb. İndi isə onların davam etdirilməsi, həyata keçirilməsi üçün faktiki olaraq kifayət qədər vəsait yoxdur. Bir çox ölkələr ianələrin miqdarını azaldır, bəziləri obyektiv səbəblərdən onları ödəyə bilmir. Buna görə də bu gün proqramlar və onların həyata keçirilməsi üçün lazım olan maliyyə arasında müəyyən uçurum var" - P.Bülbüloğlu vurğulayıb.

Onun sözlərinə görə, hazırda aktual və zəruri olan proqramların prioritetləşdirilməsi üzrə ciddi iş aparılmalıdır. "Prioritetləri elə seçmək lazımdır ki, YUNESKO-nun bugünkü maliyyəsi bu proqramların hamısına kifayət etsin. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, büdcə vəsaitlərinə qənaət etməyin, əlavə vəsaitlər cəlb etməyin yollarını axtarıb tapmaq lazımdır. İş heç də asan deyil, çox çətin və ciddidir. Lakin onların dünyaya lazım olması hissi bizi irəli addımlamağa sövq edir", - o deyib.

YUNESKO-nun siyasiləşdirilməsini və təşkilatda müzakirə olunan məsələləri şərh edən P.Bülbüloğlu deyib: "Hesab edirəm ki, ümumiyyətlə, siyasi problemlərdən uzaqlaşmaq lazımdır, çünki bunun üçün BMT, onun Təhlükəsizlik Şurası var və məhz onlar münaqişələri, ərazi bütövlüyü məsələlərini həll etməlidir. YUNESKO isə, ilk növbədə humanitar təşkilatdır".

Qeyd edək ki, P.Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə 9 namizəddən biridir. YUNESKO-nun baş direktoru İcraiyyə Şurasının tövsiyəsi ilə Baş Konfrans tərəfindən təyin edilir. Namizədlərlə İcraiyyə Şurasının 201-ci sessiyasında müsahibə keçirilib. Bu ilin oktyabrında keçiriləcək İcraiyyə Şurasının 202-ci sessiyasında gizli səsvermə baş tutacaq. Yekun qərar isə noyabr ayında keçiriləcək YUNESKO-nun Baş Konfransının 39-cu sessiyasında qəbul ediləcək.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";