SƏNƏT
Yuri Kozlovdan hekayə - "Çıraq" Tarix : 08 İyul 2018, 17:29
Yazar : Qadinkimi.com

Kiçik cənub şəhərinin mərkəzi. Maşın və adam əlindəın tərpənmək olmur. Döngə və yolayrıclarında maşınlar işıqforlara fikir vermədən izdihamın arasınca ötüb keçirlər.

O, maşınlara dəyə-dəyə silkələnirdi; hər tərəfdən basqı vardı, itələyirdilər. Yolayrıcı ona əsl cəhənnəm kimi göründü. Yad bir şəhərdə yalqız olasan,  əlində də miskin bir çıraq tutasan... Günəş şüalarına bələnən şəhərdə bu çıraq doğurdan da mənasız görünürdü.

Birdən kimsə onun qolundan tutdu, diksindi, az qala çırağı salacaqdı yerə.

- Nə var küçəni keçməyə, onu da bacarmırsan...- qadın idi.

Onlar küçənin o biri tərəfində durmuşdular. Qarşıdan Frunzenin heykəli görünürdü. Ayaq altındakı asfalt qızmar və ağappağ idi - tüpürsən, dərhal quruyacaqdı.

- Di indi get, hara istəyirsən...- qadın laqeydcəsinə yoluna davam elədi.

Ətir dükanına çatana kimi qadının dalınca düşdü. Vitrində güzgü vardı. Qadın güzgüyə baxıb saçlarını düzəltdi. Yaxında qoca bir kişi (görünür, yerli adamıydı) gah qadına, gah da güzgüdə özünə baxıb ah çəkdi.

Şəhərdə tramvaylar o tərəf-bu tərəfə şütüyürdülər; gah silkələnir, gah danqıldayır, gah da yaşıl ağaclar arasında gözdən itirdilər.

Ağacların budaqları sallanıq deyildi, sanki gimnastika edirdilər - əllərini göyə uzadıb heç bir kölgə yaratmırdılar.

- Çıraq almışam...- dedi.- İçində mum və rəngli lampalar var. Əntiqə şeydi... Düzü, hələ bilmirəm nə cür işləyir...Yoxlamamışam...

Şəhərdə bircə o idi - isti geyinmişdi; əynində dəri pencək, ütülənməmiş qalın şalvar vardı.

- Yadımdadı, sən Şimala gedəndə başlıqlı gödəkçədəydin,- qadın dedi.

- Hə, yaxşı gödəkçəydi,- güldü.- Xatanqada cırıldı...Orda 40 dərəcə şaxta vardı.

- Bəs indi sənə isti deyil?

Qadın parusin şort və mavi köynək geyinmişdi, köynəyin sırıqlı cibləri də vardı. Üz-gözü, ayaqları gündən qaralmışdı.

- Yaşından on il cavan görünürsən,- kişi dedi. - Elə bil onuncu sinifdə oxuyursan. Görünür, rəqsə də gedirsən, hamı da dalınca sürünür, hə?

O bu sözləri ruh yüksəkliyi ilə elə tonda dedi ki, qadın incidi.

Ətir dükanının şüşə qapısının üstündə karton lövhə asılmışdı: "Nahar fasiləsidir".

- Bura bax e... ay səni...- qadın lap dilxor oldu. - Mən də diş məcunu almaq istəyirdim...

- Hey, bura baxın!- deyə kişi qəzəblə şüşə qapını döyəclədi. Karton lövhəcik yırğalandı. - Tez, açın görüm...

- Eləmə, - qadın dedi.- Onsuz da sənə heç kim qulaq asmayacaq...

- De görüm axı sən burda neynirsən?- kişi qəfildən soruşdu.

- Çimirəm...Tennis oynamağa gedirəm...Özümü günə verib qaraldıram. Motorlu qayıqlarda üzürəm...

Qadın gülümsədi, güzgüdən kişinin üzünü diqqətlə izlədi.

- Deməli, o gic saqqallı ilə gəzirsən?

- Bə sən burda nə gəzirsən?- qadın soruşdu.- Sənə kim dedi ki, mən burdayam?

- Bu şəhərə delfinlər haqqında oçerk yazmağa gəlmişəm,- güldü. - Məni qəşəng və ağıllı bir delfinlə tanış elə... Amma saqqalsız olsun... Yeri gəlmişkən, indi hara gedirsən?

 - Dostlarımın yanına. Biz balkonda oturacaq, sonra da çimərliyə gedəcəyik. Niyə maraqlanırsan ki?

 - Aydındı...Yəni, onuncu sinifdə oxuyan dostarının yanına...O gicbəsər də öz sarsaq tay-tuşlarından ayrı yaşaya bilmir.

- Bəsdi... Mən səndən artıq yorulmuşam.

 - Yorulmusan? Sənə çıraq bağışlasam, onda necə?

 - Ömrümdə belə eybəcər çıraq görməmişəm! Mən onu zibil yeşiyinə tullayaram, ya da çimərlikdəki gözətçiyə verərəm... Mehmanxanada qalırsan?

- Hə, - kişi çırağı tumarlamağa başladı. - Mən bunu özümlə aparacam...

- Mehmanxana otağında yaddan çıxart qalsın.

Qadın saatına baxdı.

- Di yaxşı, vaxtdı, mən getdim.

Kişi həmin saatı İtaliyadan gətirmişdi; gözəl yapon saatının qeyri-adi siferblatı vardı. İlk vaxtlar qadın elə o saatla yatıb-dururdu. Gecələr saat taqqıldayır və işıq saçırdı.

- Xudahafiz, - qadın dedi və son dəfə güzgüyə baxıb saçlarını qaydaya saldı.

 - Mən "Mərkəz" mehmanxanasında qalıram, 321-ci otaqda,  - kişi qadının dalınca söylədi.

 2.

Qadının dostu şezlonqda yarı uzanmış halda dirsəklənmişdi; saqqallı sifətinə gün şüaları düşürdü və sanki o bu səssiz şüaların boşluğunda güc toplayırdı. Oğlan qadını qucaqlayıb özünə sarı çəkdi.

 - Mən səni yerişindən tanıyıram...- dedi. - Oyyyyy! Nə yaman soyuqsan!.. Nədir, aysberqdə üzmüsən?

 - Bəs o birilər hardadı?- qadın soruşdu.

 - Çimirlər.  Mənsə...- oğlan əsnədi,- nədənsə yuxu basdı məni...

Qadın onun çiyinlərini sığalladı.

- Axı sən də haçansa qocalıb əldən düşəcəksən...- qadın pıçıldadı.- və heç kimə də lazım olmayacaqsan... Ya da heç o qədər də qocalıb-eləməzsən,  amma, hər halda, heç kimə lazım olmayacaqsan...

- Vaxtım çatmayacaq,- oğlan qətiyyətlə dedi. - Mən gücümün və sağlamlığımın çiçəkləndiyi vaxt öləcəyəm.

Balkonda gün şüaları oynaşırdı. Onlardan biri düz oğlanın saqqallı üzünə düşmüşdü və ordakı ağ tükü amansızcasına işıqladırdı.

- Bəlkə də sadəcə heç kimə lazım olmayacaqsan...- qadın təkrar elədi.

Balkondan dəniz görünürdü. Günəş bütün günü pəncərələri döymüşdü, indi bu şüaların rəngi  çox da parlaq olmayan qırmızımtıl şüalara dönmüşdü. Birdən böyük yazıçının təpəciyin üstündəki ağ evi çəhrayı rəngə boyandı. Dam örtükləri, üzüm bağları, yol, bir sözlə, hər şey qürub çağının ovqatına uyğun heyrətamiz dərəcədə dəyişdi. Hətta qadın və onun şezlonqda yarı uzanmış vəziyyətdə dirsəklənmiş dostu da dəyişdi. Qadın döşəməyə düşmüş kitabı götürdü. "Mələk, öz evinə bir bax!" oxumağa başladı.

- Bu gün niyə qəribə-qəribə sözlər deyirsən?- oğlan ayağa durdu.

- Sadəcə qərara aldım ki, öz evimə baxım...

- Hə, nooldu, nə gördün orda?

- Adam gördüm... birlikdə olarkən heç vaxt darıxmadığım adamı...

- Bu nədir, eyhamdı?

Qadın çiyinlərini çəkdi.

3.

O, mehmanxanaya gəlib çarpayıya sərələndi. Material artıq toplanmışdı, bircə qalırdı oturub yazasan, bədiiləşdirib nəticə və mülahizələrinlə birlikdə kağıza köçürəsən; təbiət şəkilləri verəsən, psixoloji portretlər yaradasan. Amma o, yazmaq əvəzinə restorana getmək, oturub içmək istədi...

Telefon dəstəyini qaldırdı, səkkiz nömrəsini yığdı.

- Moskvaya necə zəng vurmaq olar? - soruşdu.

Ona cavab verdilər,  o da Moskvadakı nömrəini söylədi. Sonra çırağı yandırdı. İşqlı otaqda çırağın yanması əvvəlcə hiss olunmadı. "Silkələmək olmaz, əymək olmaz, şaxtadan qorumaq lazımdır, böyrü üstə də qoymaq olmaz!"

"Mənsə onu tramvayda böyrü üstə qoymuşdum" xatırladı, çırağa heyfi gəldi.

 "Həm də əymişəm... hələ bir silkələmişəm də... Amma bircə şaxtadan qorumuşam... soyuducuya qoymamışam..."              

Çıraqla bağlı təlimatda daha sonra deyilirdi: "Lampaları yandırarkən mumdan düzəldilmiş maddələr yuxarı qalxır, soyuyur və aşağıya enir". "Vəssalam" düşündü. "Lampanı yandırdım, indi gözləyək görək, mumdan qayrılmış maddələr ha vaxt qızacaq...Bu rəngli ilbiz mənə artıq bəlli oldu..."

Telefon zəng çaldı. Dəstəyi qaldırdı:

- Alo! Kolya!- qışqırdı. - Hələ redaksiyadasan? Lənət şeytana, nə yaxşı oldu, səni yerində tapa bildim! Alo! Bura bax, Kolya, bilirdin ki, o da burdadı? Buna görə məni göndərdin ki, o bağbandan yazı yazım? Nə? Təxmin edirdin...Nəyi təxmin edirdin, hə? Hmmm....Necə? O hər il istirahətə eyni yerə gedir? Ay səni, belə de! Nə dedin? Material? Material demək olar ki, hazırdı... Hə, hə, həmişəki kimi...Bura bax, Kolya, qoy mən, hər halda...Alo! Alo!

5.

Telefonu taqqıldatdı, lakin danışmaq daha mümkün olmadı.

Birdən baxımsız qalmış bağı yadına düşdü. Qara quşarmudu pöhrəliklərini, o qızın bəyaz saçlarını və rübailərini,  yelləncəkdə yellənə-yellənə həmişə söylədiyi misraları xatırladı:

Yelləncəkdə yellənirsən,

Ətəklərin qalxıb-enir.

Sakit axan çay suları

Sarı yarpaqları gətirir...

"Əlbəttə, qız hərdən şalvarda yellənirdi" düşündü. "Və donunun ətəkləri də qalxıb- eləmirdi..."

- Hey!- deyə o, çırağa baxdı. - Mumdan qayrılmış maddə, niyə belə gec qızırsan?

- Ora bax, delfin!- qadın qışqırdı, hamı yarğana, qayalıqlara tərəf qaçdı.         

Onlar atılıb-düşür, bir-birini qucaqlayır, elə çığırışırdılar ki, yəqin səslərini Türkiyədə də eşidirdilər.

Delfin suda üzürdü, qara, mənalı baxışlarla adamları süzə-süzə üzürdü; adamlar isə maşınlara oturub getdilər.

Şose yola çıxan kimi yağış damcıları maşını taqqıldatmağa başladı. Onlar böyük yazıçının ağ evinin böyründən ötüb keçəndə gördülər ki, yağış evi boz rəngə boyayıb. Qadın dostuyla yanakı oturmuşdu, oğlanın üzünə baxırdı. "Delfin... delfin..."  O qəflətən dəri pencəkli və şalvarı qırış bayaqkı adamı xatırladı: "görəsən onun dənizdə çimməyə imkanı olacaq?" düşündü. "Axı mövsüm qurtarır..."

Restoranda orkestr çalırdı. Müğənni məşhuir kinofilmdən mahnı oxuyurdu. Ağ saçlı şveytsar işgüzarcasına  kresloda oturmuşdu, deyəsən, onuncu dəfəydi ki, qəzet səhifələrini o tərəf bu tərəf çevirirdi. Qapıdan lövhəcik asılmışdı:"Yer yoxdur!"

Fransız dilində danışıq səsləri eşidən kimi şveytsar yerindən dik atıldı. İki nəfər çölə çıxdı. Qız cins şalvarda, oğlan isə qara toxunma köynəkdə idi. Birdən şveytsar iyirminci ilin payızında bu restoranda ayılmadan içib kefləndiyini, daha sonra isə Fransada qırx il yaşadığını, sonra da Rusiyaya döndüyünü xatırladı.

Dəri pencəkdə olan kimsə restoranda oturan adamlara şüşəli qapıdan diqqətlə baxırdı. O qəflətən şveytsarın əlindən qəzeti qapdı.

- Biabırçılıq!- çığır-bağır salmağa başladı. - Bu saat qapını açın!- şveytsarı gözləmədən qapını özünə tərəf çəkdi və rəqs edən adamların içinə şığıdı. Kimsə onu mizə sarı itələdi. Və mizin arxasındakı uzundraz adam ayağa durdu, bir qədər karıxdı, sonra gülümsəyib ona bir şillə ilişdirdi.

6.

- Sənsən?  - qadın qapını astaca açıb soruşdu. - Mən sənin restoranda coşub özündən çıxdığını gördüm...

O, çarpayıda paltarlı-paltarlı uzanmışdı, gözünün altında şiş vardı və çırağın içindəki rəngli ilbizə baxırdı.

- Budur, axır ki, mumdan qayrılmış maddə tamam qızıb...

Qadın çarpayının qırağında oturdu. Siqaret götürdü.

- Kibrit pencəyimin cibindədi, - kişi dedi.

- Amma pis deyil ha...- deyə qadın çırağa işarə elədi. - Məni necə tapdın?

- Çox sadə...Yayda harda olursan ki? O duz kimi ağ saçlarınla, dəniz gözlərinlə harda olursan adətən?

- Mən sənin arvadınam...- qadın dedi.- Yadındadı, Cek Londonun bir hekayəsi vardı - gərək ki, "Birgünlük dayanacaq" hekayəsi idi...

- Yadındadı? - o da soruşdu. -Sən yelləncəkdə yellənirdin?

Yelləncəkdə yellənirsən,

Ətəklərin qalxıb-enir.

Sakit axan çay suları

Sarı yarpaqlar gətirir...

- Yox, elə deyildi...Səhv deyirsən... tökülən yarpaqları...

- Yox, payız yarpaqlarıydı...- o israr elədi.

Rəngli ilbiz çırağın içində cürbəcür rənglərə çalırdı - yaşıl, qırmızı, göy...

- Bir az da ötsəydi, mən bir daha sənin yanına dönməyəcəkdim...- qadın dedi.- Vaxtında gəldin dalımca...

- Və vaxtında bu çırağı aldım...- kişi güldü.

O həm də düşünürdü ki, həyatındakı ezamiyyətlərin heç biri bu dəfəki kimi  uğurlu olmayıb. Doğrudur, bir az qanqaraçılıq baş verdi: onun oçerkinin qəhrəmanı, cavan, uzundraz bağban zərbəni əvvəlcədən düşündükləri kimi yalandan vurmadı, doğruçu zərbə ilişdirdi və gözünün altındakı qançır da lap təbii alınıb. Və bir də düşündü ki, bu müddət ərzində arvadı bir elə dəyişməyib, dəyişsəydi, pis günündə ona dəyməyə gəlməzdi. Doğurdan da onsuz həyat çox pis idi.

- Mənim səni atıb getməyimdə özünsən günahkar...- qadın dedi.

- Bilirəm...Elə buna görə də gəlmişəm... Gəl bu çırağı qoruyaq...

- Çırağı?- qadın təəccübləndi. - Necə yəni?

O, çırağın təlimatını çıxarıb oxumağa başladı: "Silkələmək olmaz, əymək olmaz, şaxtadan qorumaq lazımdı..."

Çevirdi: Kamran Nəzirli