Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Türkiyə ərazisindən sosial media vasitəsilə Azərbaycana qarşı aparılan informasiya kampaniyasını araşdırdığını bildirib.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyə Respublikası ərazisindən sosial media platformaları üzərindən Azərbaycana qarşı yürüdülən informasiya kampaniyasını öz səlahiyyətləri daxilində araşdırdığını açıqlayıb.
Komissiyanın yaydığı məlumata əsasən, aparılan monitorinqlər zamanı müəyyən edilib ki, bu kampaniya bəlli mərkəzlər tərəfindən təşkil olunub. Kampaniyanın əsas hədəfi Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrini zədələmək, ictimai rəyi qarışdırmaq, vətəndaşlarda dövlətə və onun institutlarına qarşı inamsızlıq yaratmaq, həmçinin cəmiyyət daxilində qütbləşməyə səbəb olmaqdır.
Komissiya bildirib ki, söz konusu kampaniya təsadüfi deyil, əksinə əlaqələndirilmiş şəkildə, hədəflənmiş reklamlar və həm real, həm də saxta sosial media hesabları vasitəsilə həyata keçirilir:
“Kampaniya əlaqələndirilmiş formada, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə aparılır. Təəssüf hissi ilə qeyd etməliyik ki, “bir millət, iki dövlət” prinsipinə daim sadiq qalan Azərbaycan və Türkiyə cəmiyyətlərində bir sıra saf niyyətli insanlar da bu məkrli kampaniyaya dəstək verirlər. Eyni zamanda, Türkiyə Respublikasının qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yaratmasına baxmayaraq, kampaniya hələ də davam edir. O da qeyd olunmalıdır ki, əlaqələndirilmiş informasiya kampaniyasının iştirakçıları ilə bağlı Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına məlumatlar təqdim ediləcək”.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya bu həssas dövrdə həm Azərbaycan vətəndaşlarını, həm də Türkiyədəki soydaşlarımızı ehtiyatlı olmağa və saxta məlumatlara inanmamağa çağırıb.