Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub.
Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat yayılıb.
Tərəflər arasında keçirilən görüşdə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyətinə toxunulub. Bildirilib ki, son dövrlərdə Azərbaycan ilə Suriya arasındakı münasibətlər müsbət istiqamətdə inkişaf edir.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasındakı görüşlər və müntəzəm əlaqələr ikitərəfli siyasi əlaqələrin gücləndirilməsinə şərait yaradıb. Bu təmasların həmçinin əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsinə də zəmin yaratdığı vurğulanıb.
Görüş zamanı Azərbaycan təbii qazının Suriyaya göndərilməsi iki dövlət arasındakı iqtisadi əməkdaşlığın konkret nəticə verən əsas göstəricilərindən biri kimi qiymətləndirilib.
Tərəflər Suriyada həyata keçirilən humanitar təşəbbüslərdən də danışıblar. Xüsusilə Azərbaycan Hökumətinin dəstəyi ilə ölkədə təhsil infrastrukturunun yenidən qurulmasına yönəlmiş layihənin önəmi qeyd edilib.
Görüşün sonunda tərəflər ticarət-iqtisadi münasibətlər, investisiya qoyuluşu, energetika, infrastruktur və humanitar sahələr üzrə əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov da iştirak edib.