Bakı Şəhər Halqasında keçirilən Formula 1 Azərbaycan Qran Prisi zamanı Fövqəladə Hallar Nazirliyi ərazidə əlavə təhlükəsizlik tədbirləri görüb.
Bakı Şəhər Halqası və onun ətrafında Formula 1 Azərbaycan Qran Prisi davam edərkən mümkün fövqəladə vəziyyətlərin, xüsusən yanğınların qarşısını almaq və baş verə biləcək hadisələrin nəticələrini operativ aradan qaldırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyi xüsusi rejimdə fəaliyyət göstərir.
Nazirliyin məlumatına görə, yarışın keçirildiyi ərazidə 22 nöqtədə cəmi 37 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi fasiləsiz xidmət göstərir. Bu texnika xilasetmə əməliyyatlarının vaxtında və effektiv aparılması üçün nəzərdə tutulub.
Yarış zamanı ərazidə quraşdırılmış müvəqqəti tikili konstruksiyaların möhkəmliyi Nazirliyin müvafiq mütəxəssisləri tərəfindən ardıcıl olaraq yoxlanılır. Bundan başqa, qaldırıcı qurğuların, eskalator və liftlərin, habelə texnoloji təyinatlı nəqliyyat vasitələrinin təhlükəsiz istismarına da nəzarət edilir.
Bununla yanaşı, yanğın və nüvə təhlükəsizliyi məsələləri üzrə aidiyyəti qurumların əməkdaşları tərəfindən daimi monitorinq işləri aparılır.
Formula 1 Azərbaycan Qran Prisinin təhlükəsizliyinin təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 450 nəfərdən ibarət şəxsi heyəti səfərbər edilib.