Sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Laçında “Minkənd” Kiçik Su Elektrik Stansiyası istifadəyə verilib, Mingəçevir Sənaye Parkında isə “Tekstil Klasteri” layihəsi çərçivəsində yeni istehsal müəssisəsinin təməli qoyulub.
Sentyabrın 26-da Bakıdakı Konqres Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə iki mühüm mərasim onlayn formatda keçirilib. Mingəçevir Sənaye Parkında “Textile Horizon” MMC-nin həyata keçirdiyi “Tekstil Klasteri” layihəsi üzrə yeni istehsal müəssisəsinin təməli qoyulub, eyni zamanda Laçın rayonunda “Minkənd” Kiçik Su Elektrik Stansiyası istifadəyə verilib.
Tekstil müəssisəsinin təməlqoyma mərasimində düyməni Prezident İlham Əliyev, “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Nəsib İslamzadə və “Global Textile Group”un sədri Muzaffar Razakov birgə basıblar.
“Textile Horizon” MMC-yə keçən il Mingəçevir Sənaye Parkının rezidenti statusu verilib. Şirkətin təsisçiləri sırasında “Azərşəkər” MMC, “Global Textile” LLC və Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yer alır.
Layihə pambıq əkinindən başlayaraq mahlıc, iplik, parça və hazır tekstil məhsullarının istehsalını əhatə edəcək. Müəssisə Sənaye Parkının bütün rezidentlərinə tanınan vergi və gömrük güzəştlərindən faydalanacaq.
Hazırlanan məhsulların həm daxili bazarda satılması, həm də xaricə ixrac edilməsi nəzərdə tutulur.
Eyni gün Prezident İlham Əliyev və Türkiyənin “Demirören Holdinq”inin prezidenti Yıldırım Demirören “Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışını bildirən düyməni onlayn formatda basıblar.
Dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması üzrə genişmiqyaslı işlər aparılır. Bu çərçivədə Kəlbəcər və Laçın rayonlarında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarı layihəsi xüsusi yer tutur.
“Minkənd” stansiyasının qoyuluş gücü 3,2 meqavat, gözlənilən illik elektrik enerjisi istehsalı isə 11,8 milyon kilovat-saat təşkil edir. Stansiya Avstriya və İtaliya texnologiyaları əsasında qurulub.
Kəlbəcər və Laçın rayonlarını əhatə edən layihə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində, dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında icra olunur. Layihənin ümumi dəyəri 53,2 milyon manatdır.
Bu layihəyə “Minkənd”dən əlavə “Qalaca-1”, “Qalaca-2”, “Malıbəy” və “Tərtər-1” kiçik su elektrik stansiyaları da daxildir. Qalan stansiyaların 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır, onların hər birinin istismar müddəti 30 il olacaq.
Layihə üzrə ümumi qoyuluş gücü 12,9 meqavat, gözlənilən illik elektrik enerjisi istehsalı isə 44,1 milyon kilovat-saat təşkil edir. İşğaldan azad edilmiş ərazilər üçün nəzərdə tutulan güzəşt və azadolmalar bu layihəyə də tətbiq olunub, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılıb.
Layihəni həyata keçirən “Green Karabakh Energy” MMC-də “Demirören Holdinq” və Azərbaycan Biznesinin İnkişafı Fondu iştirak payına malikdir.