27 Sentyabr Anım Günüdür: Vətən müharibəsindən 6 il keçir
27 sen 2026 Post redaksiyası 6 6 dəq

27 Sentyabr Anım Günüdür: Vətən müharibəsindən 6 il keçir

Azərbaycanda bu gün, 27 sentyabrda Anım Günü qeyd olunur - Vətən müharibəsinin başlamasından altı il ötür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il həmin gün ölkə üzrə saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Azərbaycanda bu il də 27 sentyabr Anım Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına görə, bu tarix ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş əsgər və zabitlərə, bütün şəhidlərə ehtiram əlaməti olaraq hər il rəsmi anım günü kimi qeyd edilir. Saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Müharibənin başlanğıcı

2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan Silahlı Qüvvələri cəbhəboyu zonada genişmiqyaslı təxribata əl atmış, Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silah, minaatan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdu. Buna cavab olaraq Azərbaycan ordusunun komandanlığı düşmənin döyüş aktivliyini dayandırmaq və mülki əhalinin təhlükəsizliyini qorumaq məqsədilə bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına start vermək qərarına gəldi. Sonradan "Dəmir Yumruq" adlandırılan bu əməliyyat qısa müddətdə Vətən müharibəsinə çevrildi.

44 günlük döyüş yolu

44 gün davam edən döyüşlər zamanı Azərbaycan ordusu bir-birinin ardınca şəhərləri işğaldan azad etdi: oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı və noyabrın 8-də Şuşa şəhəri düşməndən təmizləndi.

Moskvada imzalanan sənədə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs elan olundu. Sazişdə həmçinin dekabrın 1-dək Ermənistan qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərdən çıxarılması və Naxçıvanla Azərbaycanın qərb bölgələrini birləşdirəcək yeni nəqliyyat dəhlizlərinin yaradılması nəzərdə tutulmuşdu. Bunun ardınca noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu azad edildi.

Prezidentin xalqa müraciətləri

44 günlük müharibə boyu Ali Baş Komandan İlham Əliyev dəfələrlə xalqa müraciət edib. Bu çıxışlar cəmiyyəti bir araya gətirmiş, döyüşün gedişinə mənəvi baxımdan güclü təsir göstərmişdi. Prezident sentyabrın 27-də, müharibənin ilk günü xalqa ilk dəfə müraciət edərək demişdi:

"Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Oktyabrın 4-də xalqa ikinci müraciətində dövlət başçısı düşmənə sərt mesaj ünvanlamışdı: "İndi biz göstərdik kim-kimdir… Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!" Oktyabrın 9-dakı üçüncü çıxışında isə status-kvonun artıq mövcud olmadığını bəyan etmişdi:

"Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini… Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz".

Oktyabrın 17-də növbəti müraciətində Prezident İlham Əliyev Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terror və vandalizm aktlarına Azərbaycan şəhərlərinin göstərdiyi müqavimətdən bəhs edərək bildirmişdi: "Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik". Oktyabrın 26-dakı altıncı müraciətində isə qələbənin yaxınlaşdığını vurğulamışdı: "Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik".

Şuşanın azad olunması

Noyabrın 8-i Azərbaycan tarixinə Zəfər günü kimi həkk olundu. Prezident İlham Əliyev sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşanın azad edildiyini bütün dünya azərbaycanlılarına elan etdi:

"Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!"

Şuşanın azad edilməsindən bir gün sonra 70-dən artıq yaşayış məntəqəsi də işğaldan qurtuldu, düşmən artıq kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu tapmadı. Noyabrın 10-da bu tarixi sənəd imzalandı və İlham Əliyev sayca səkkizinci müraciətində "Qarabağ Azərbaycandır" şüarının bütün Qarabağı əhatə etdiyini bəyan etdi:

"Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!"

Sülh prosesi davam edir

Vətən müharibəsində Azərbaycan qazandığı parlaq qələbə ilə Ermənistanı məğlub edərək otuz ilə yaxın davam edən işğala son qoydu. Bu 44 gün Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən biri sayılır. Ölkə həmçinin Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini daim əziz tutur, qazilərə xüsusi ehtiramla yanaşır.

Bundan əlavə, 2023-cü ilin sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin qalıqlarını tərksilah edərək ərazidən çıxarmaq və işğaldan azad olunmuş torpaqlara qayıdan dinc əhalinin, eləcə də bərpa-quruculuq işlərində çalışan mülki və hərbi şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə start verilmişdi. Cəmi bir sutka davam edən bu tədbirlər nəticəsində Qarabağdakı separatçı rejim təslim oldu.

Azərbaycan Qarabağ məsələsini təkcə hərbi yolla deyil, siyasi müstəvidə də həll etməyə çalışır. Belə ki, 8 avqust 2025-ci ildə Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri iştirakında iki ölkənin xarici işlər nazirləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin mətnini paraflayıblar.