Böyük Britaniya hökuməti irimiqyaslı hərbi münaqişə ehtimalına görə milli fəaliyyət planını yeniləyib və əhaliyə əvvəlcədən su, konserv ehtiyatı toplamağı tövsiyə edib.
Böyük Britaniya hökuməti uzun illər ərzində ilk dəfə olaraq irimiqyaslı münaqişə zamanı tətbiq ediləcək milli fəaliyyət planını yenidən işləyib hazırlayıb. Yenilənmiş rəsmi sənədə əsasən, ölkə vətəndaşlarına ehtimal olunan böhran vəziyyəti üçün əvvəlcədən konservləşdirilmiş qida məhsulları və içməli su ehtiyatı toplamaları tövsiyə edilir.
Böyük Britaniya Silahlı Qüvvələrinin komandanı Riçard Nayton Rusiya tərəfindən yaranan təhdidi vurğulayaraq, öz 35 illik hərbi xidmət müddətində ölkənin indi ən ciddi təhlükə ilə üz-üzə qaldığını bildirib.
Bu mövzuya toxunan Polşanın Baş naziri Donald Tusk da Rusiyanın NATO üzvü dövlətlərə hücum etmək riski ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, Moskva həm Ukraynanın iqtisadiyyatını və logistik potensialını iflic etməyə, həm də alyansa daxil olan ölkələrə hücumlar həyata keçirməklə NATO-nun birliyini sarsıtmağa çalışır.
Tusk bu ehtimalı "ən yüksək ehtimallı ssenari" kimi qiymətləndirib.
Qeyd olunmalıdır ki, aprel ayının sonunda NATO rəsmi olaraq Rusiyanı "bir nömrəli təhdid" kimi elan etmişdi. Alyans rəhbərliyinin mövqeyinə görə, "Rusiya hərbi maşını" öz gücünü artırmaqda davam edəcək, bu səbəbdən NATO da öz potensialını gücləndirməklə buna cavab verməlidir.
Bundan bir qədər əvvəl isə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı alyansın müharibəyə tam hazır vəziyyətdə olduğunu açıqlamışdı.