“AzərEnerji” Ağdərə rayonunda bir sıra iri energetika layihələrini həyata keçirir və bununla rayon Qarabağ iqtisadi rayonunun yeni “yaşıl enerji” mərkəzinə çevrilir.
Ölkə başçısının tapşırığı əsasında “AzərEnerji” Ağdərə ərazisində genişmiqyaslı enerji infrastrukturu yaradır. Tərtərçayın rayondan keçən hissəsində 8,2 meqavat gücündə “Çardaqlı-1” və 6,8 meqavat gücündə “Çardaqlı-2” su elektrik stansiyalarının tikintisi davam edir.
Hər iki stansiya üçün suqəbuledici qurğular və maşın zalları inşa edilir. Dağlıq relyefdə ümumi uzunluğu 11,4 kilometr olan, diametri 2400 millimetr təşkil edən derivasiya boru xətləri çəkilir.
Ağdərədəki 10,4 meqavat gücündə “Həsənriz” Su Elektrik Stansiyası müasir tələblərə cavab verəcək şəkildə əsaslı yenidən qurulur. Paralel olaraq 110/35/10 kilovoltluq “Həsənriz” yarımstansiyası sökülüb, ən son rəqəmsal texnologiyalar tətbiq olunmaqla tamamilə yenidən tikilir.
Yeni yarımstansiya təkcə istehlakçıların, o cümlədən sənaye müəssisələrinin enerji təchizatının etibarlılığını yüksəltmir. Eyni zamanda “Sərsəng” və bölgədəki digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkənin ümumi enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsinə şərait yaradacaq.
Bundan əvvəl regionun enerji infrastrukturunun möhkəmləndirilməsi çərçivəsində Kəlbəcərdən Ağdərəyə qədər 42 kilometr uzunluğunda, 110 kilovoltluq ikidövrəli “Kəlbəcər–Həsənriz” elektrik ötürücü xətti çəkilib. Bu xəttin Şuşa tərəfdən gələn 110 kilovoltluq xətlə birləşdirilməsi Qarabağ bölgəsində etibarlı, dayanıqlı və çevik dairəvi enerji təchizatı sxeminin formalaşmasına gətirib çıxarıb.
Bununla yanaşı, Ağdərədə gücü 14,7 meqavat olan yeni “Qozlukörpü” Su Elektrik Stansiyası da tikilib başa çatdırılıb. Stansiyanın açılışı bu ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə olub.
Bu layihələrin nəticəsi olaraq, Kəlbəcər və Laçın rayonları Şərqi Zəngəzur iqtisadi rayonunun yaşıl enerji mərkəzinə çevrildiyi kimi, Ağdərə də Qarabağ iqtisadi rayonunun analoji mərkəzinə çevrilir.
Görülən işlər regionun enerji təhlükəsizliyini artırmaqla yanaşı, Qarabağın bərpası və iqtisadi inkişafına da mühüm töhfə verir.