Tramp: Putinlə Ukrayna sülh sazişini müzakirə edirik
23 sen 2026 Post redaksiyası 5 2 dəq

Tramp: Putinlə Ukrayna sülh sazişini müzakirə edirik

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı müharibəni sona çatdıracaq sazişin şərtlərini rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üçün hazırlanan sülh sazişinin detallarını Rusiya Prezidenti Vladimir Putinlə birbaşa müzakirə etdiyini açıqlayıb. Bu barədə o, Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi təkbətək görüşdə danışıb.

Ağ Evin rəsmi yutub kanalında yayımlanan görüntülərdən Trampın tərəflərin razılaşmaya yaxınlaşdığına inandığı görünür.

“Düşünürəm ki, onlar razılaşma əldə etmək üzrədirlər və bu sazişin nədən ibarət olduğunu əvvəlcədən açıqlamaq istəmirəm. Biz bu barədə çox danışırıq, o cümlədən prezident Putinlə də müzakirələr aparırıq. Hesab edirəm ki, yaxın vaxtlarda mütləq nəsə baş verəcək”

Moskva və Kiyevdə görüşlər davam edib

Sentyabrın 5-də ABŞ liderinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvaya səfər edərək Vladimir Putinlə görüşüblər. Ertəsi gün isə onlar Kiyevə keçərək münaqişənin tənzimlənməsi məsələlərini Volodimir Zelenski ilə müzakirə ediblər.

Uitkoff bu təmasların nəticəsində ciddi irəliləyişlərin qeydə alındığını bildirib.

Üçtərəfli danışıqlar hansı ölkədə keçirilə bilər?

Zelenskinin sözlərinə görə, Rusiya, ABŞ və Ukrayna arasında növbəti üçtərəfli danışıqlar Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və ya İsveçrədə təşkil oluna bilər. O həmçinin görüşün əsas mövzularından birinin enerji infrastrukturuna qarşı hücumların dayandırılması olacağı ehtimalını istisna etməyib.

Kreml öz tərəfindən danışıqlar prosesinin yenidən başlayacağına ümid etdiyini bildirsə də, planlaşdırılan üçtərəfli görüşün konkret detallarını hələ açıqlamayıb. Daha əvvəl Zelenski Ukraynadakı münaqişənin yaxın gələcəkdə başa çatacağına dair ümidlərini ifadə etmişdi.