ABŞ-da federal hakim Timoti Kelli, prezident Donald Trampın CNN, “Politico” və MS NOW-un Ağ Evə girişinə qoyduğu qadağanı müvəqqəti olaraq dayandırıb.
ABŞ-da federal məhkəmə Ağ Evin CNN, “Politico” və MS NOW media qurumlarına qoyduğu giriş qadağasını dayandırıb. Hakim Timoti Kellinin qərarına əsasən, bu qurumların jurnalistlərinə verilmiş mətbuat etimadnamələri dərhal geri qaytarılmalıdır.
Hakim bildirib ki, qadağa media qurumlarının konstitusion hüquqlarına toxuna bilər və onun tətbiqi zamanı lazımi hüquqi prosedurlara riayət olunmayıb. Qərara görə, qadağa 14 gün müddətinə dayandırılıb.
Ağ Evin Əməliyyatlar üzrə rəhbəri məhkəməyə təqdim etdiyi sənəddə bildirib ki, əvvəllər müsadirə olunmuş mətbuat icazələri və giriş kartları həmin gün səhər saat 09:45-də jurnalistlərə qaytarılıb.
Qeyd olunub ki, Tramp daha əvvəl CNN, “Politico” və MSNBC-ni administrasiyası barədə yanlış məlumat yaymaqda ittiham edərək onları Ağ Evdən uzaqlaşdırmışdı. Bu ittihamı bildirərkən prezident media qurumlarının xəbərlərini
“uydurma və ya yalan”
adlandırmışdı. Sonradan Ağ Ev qadağanın əsası kimi milli təhlükəsizlik amilini önə çəkib.
Lakin hakim Kelli bu arqumentin real faktlarla təsdiqlənmədiyini vurğulayıb. O həmçinin qeyd edib ki, prezidentin ilkin bəyanatında milli təhlükəsizliklə bağlı hər hansı narahatlıqdan söz açılmayıb.
Kelli öz qərarında daimi giriş kartlarının ləğvinin milli təhlükəsizliyi necə qoruyacağına dair heç bir faktiki dəlilin təqdim olunmadığını bildirib.
Qeyd edilib ki, CNN, “Politico” və MS NOW Ağ Ev administrasiyasını konstitusion hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə şikayət ünvanlamışdılar. Bu prosesdə onlara müxtəlif siyasi mövqeləri təmsil edən 50-dən artıq media qurumu, o cümlədən “Fox News”, “New York Times”, “Washington Post” və “Wall Street Journal” dəstək göstərib.