Prezident İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Aleksandr Oşpelt ilə görüşüb.
Prezident İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Aleksandr Oşpelt ilə görüşüb.
Görüş zamanı Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına, xüsusilə qış idman növləri üzrə tədbirlərə uğurla ev sahibliyi etdiyi diqqətə çatdırılıb. Bu baxımdan Bakıda təşkil olunan Formula 1 yarışlarının yüksək səviyyəsi də xüsusi qeyd olunub.
Tərəflər Azərbaycanda müasir qış-xizək infrastrukturunun formalaşdırıldığını vurğulayıblar. Bildirilib ki, Beynəlxalq Xizək və Snoubord Federasiyasının təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində gələcəkdə bir sıra nüfuzlu yarışların keçirilməsi nəzərdə tutulur.
Söhbət zamanı ötən il Azərbaycanın Dövlət Turizm Agentliyi ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında imzalanmış tərəfdaşlıq müqaviləsinin əhəmiyyətinə də toxunulub. Qeyd edilib ki, bu sənəd ölkədə qış turizmi və qış idman növləri sahəsində mövcud potensialın inkişafına töhfə verir.
Görüşün sonunda tərəflər Azərbaycan ilə Federasiya arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.