SABAH.city innovasiya şəhərciyində sentyabrın 17-18-də keçirilən regionun aparıcı innovasiya tədbiri “Baku ID 2026” festivalı öz işini başa vurub.
SABAH.city innovasiya şəhərciyində sentyabrın 17-18-də keçirilən regionun aparıcı innovasiya tədbiri “Baku ID 2026” festivalı öz işini başa vurub. İki gün davam edən proqrama dünyanın müxtəlif ölkələrindən qonaqlar və mütəxəssislər qatılıb.
Tədbirdə çıxış edən beynəlxalq qonaqlar arasında Türk Dövlətləri Təşkilatının Macarıstandakı nümayəndəliyinin rəhbəri, səfir Balázs Hendrich, Zanzibar İnqilabi Hökumətinin Təhsil və Peşə Təlimi Nazirliyinin baş katibi Khamis Said Abdalla, MEVP vençur fondunun həmtəsisçisi və baş icraçı direktoru Walid Mansour, “Founder One”ın həmtəsisçisi Sina Afra, “Astana Hub”ın idarəedici direktoru Tanat Uskembayev, eləcə də “Ukraine Phoenix Tech Fund”ın idarəedici tərəfdaşı Dominique Piotet olub.
Azərbaycan tərəfindən festivalda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin innovasiya ekosisteminin inkişafı departamentinin rəhbəri Taleh Kərimli, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev və SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəhbəri Teymur Əliyev çıxış ediblər.
Festival çərçivəsində beynəlxalq “Startup World Cup” yarışının Azərbaycan Regional Finalı da keçirilib. “Pegasus Tech Ventures” tərəfindən təsis olunan qlobal müsabiqənin regional mərhələsi Türk Hava Yollarının rəsmi səyahət tərəfdaşlığı ilə SABAH.angels tərəfindən təşkil edilib.
20 ölkədən ümumilikdə 160 layihə yarışa müraciət edib, seçim isə beynəlxalq münsiflər heyəti tərəfindən aparılıb. Finala düşən 10 startap öz ideyalarını investorlara və ekspertlərə təqdim edib. Qazaxıstanlı təsisçilərin qurduğu “4sell.ai” startapı qalib elan olunaraq noyabrın 6-da San-Fransiskoda keçiriləcək “Startup World Cup Grand Finale”da iştirak hüququ qazanıb. Bu nəticə “Baku ID”nin region ölkələrinin innovasiya mühitləri arasında əlaqələndirici rolunu bir daha təsdiqləyib.
Festivalın ikinci günü keçirilən “NEXUS Awards” mərasimi tədbirin əsas hadisələrindən biri olub. Bu il mükafat üçün 15 kateqoriya üzrə 80 startap yarışıb, açıq səsvermədə isə 100 mindən çox səs toplanıb. Nəticədə 12 startap qalib seçilib.
Bundan əlavə, “Middle East Venture Partners” (MEVP) “Venture Capital Fund of the Year” adına layiq görülüb, Sina Afra isə “Special Recognition Award” mükafatı ilə təltif edilib.
Festival çərçivəsində SABAH.HUB, SABAH.fund və Türkiyənin “AI Startup Factory” platforması arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd startapların inkişafına dəstək verilməsini və investisiya əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.
“Startup World Cup”un Azərbaycan Regional Finalı, “NEXUS Awards” nəticələri və imzalanan memorandum “Baku ID 2026”nın regional startap əlaqələrinin və investisiya əməkdaşlığının inkişafına xidmət edən platforma kimi rolunu bir daha nümayiş etdirib.
“Baku ID 2026”nın strateji tərəfdaşları Elm və Təhsil Nazirliyi, PAŞA Holding, SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) olub. Festivalın əsas tərəfdaşları isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “TIMES” şirkətidir.