Sumqayıtda dəmiryol xəttini keçməyə çalışan 38 yaşlı Ruslan Məmmədxanov sürət qatarının altında qalaraq həyatını itirib.
Sumqayıt şəhərində baş verən faciədə sürət qatarı dəmiryol xəttini piyada keçən kişini vurub. Hadisə nəticəsində 38 yaşlı Ruslan Məmmədxanov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Məlum olub ki, Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istərkən sürətlə hərəkət edən qatarın altında qalıb. Şahidlərin bildirdiyinə görə, qatarın maşinisti təhlükəni görüb səs siqnalı verib, lakin bu, kişinin xəttdən vaxtında çıxmasına imkan verməyib və faciə baş verib.
Bildirilir ki, vəfat edən Ruslan Məmmədxanov iki azyaşlı övladın atası olub.
Hadisə yerinə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb edilib. Faktla bağlı hazırda müvafiq araşdırma aparılır.