Beyləqanda əmək yarmarkasında 100-dən çox vakansiya
25 sen 2026 Post redaksiyası 7 2 dəq

Beyləqanda əmək yarmarkasında 100-dən çox vakansiya

Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mil-Muğan Regional Məşğulluq filialı işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkası təşkil edib.

Beyləqan Rayon Gənclər Evində keçirilən tədbirdə vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə əmək yarmarkası təşkil olunub. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov aidiyyəti şəxslərlə birgə iştirak edib, təqdim edilən vakansiyalarla tanış olub, həmçinin işəgötürənlər və yarmarkaya gələn vətəndaşlarla görüşüb.

Tədbir zamanı diqqət mərkəzində vakansiyalar barədə işaxtaranların məlumatlandırılması və onların münasib iş yerlərinə yönləndirilməsi məsələləri olub.

Rəsmilərin çıxışları

Yarmarka rəsmən açılmazdan öncə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova çıxış edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan sosial siyasətdə əhalinin rifah halının yaxşılaşdırılmasına və vətəndaşların sosial müdafiəsinin möhkəmləndirilməsinə xüsusi önəm verildiyini vurğulayıb. Məmmədova həmçinin məşğulluğun artırılması yönündə görülən işlərin vətəndaşların əmək bazarında daha fəal iştirakına şərait yaratdığını qeyd edib.

Mil-Muğan Regional Məşğulluq filialının müdiri vəzifəsini müvəqqəti icra edən Elşən Xəlilov isə çıxışında yarmarkanın hədəflərindən, təqdim olunan iş yerlərindən və işaxtaranların məşğulluğunun təmin edilməsi üçün görülən tədbirlərdən bəhs edib. Bildirilib ki, bu tip tədbirlər işəgötürənlərlə işaxtaranların birbaşa əlaqə qurmasına, mövcud vakansiyalar haqqında məlumatlılığın yüksəlməsinə və uyğun namizədlərin işlə təmin olunmasına şərait yaradır.

20-yə yaxın müəssisə vakansiya təqdim edib

Yarmarka çərçivəsində 20-yə yaxın müəssisə tərəfindən müxtəlif sahələrdə 100-dən artıq vakansiya təqdim olunub. İşaxtaran vətəndaşlar təklif olunan vakansiyaları nəzərdən keçirərək əməkhaqqı, iş şəraiti və əmək öhdəlikləri ilə bağlı ətraflı məlumat alıblar.

Tədbir çərçivəsində vətəndaşlardan müraciətlər qəbul olunub və uyğun namizədlərin qeydiyyatı aparılıb. Bundan əlavə, iştirakçılara aktiv məşğulluq tədbirləri və vakansiyalara müraciət qaydaları barədə də ətraflı izah verilib.