Belçikanın paytaxtı Brüsseldə fəallar qida yardımına ehtiyacın artması və yardım təşkilatlarının resurslarının azalması ilə bağlı aksiya keçiriblər.
Brüsselin mərkəzindəki Regence küçəsində toplaşan fəallar qara geyimdə və əllərində boş ağ boşqablarla qida yardımı sisteminə diqqət çəkiblər. Aksiya "Restos du Coeur" qida yardım təşkilatının çağırışı ilə təşkil olunub.
Təşkilatçıların bildirdiyinə görə, hazırda Belçikada təxminən 500 min nəfər qida yardımına möhtacdır. Onlar bu rəqəmin ölkədəki ehtiyacın miqyasını göstərdiyini vurğulayıblar.
Fəallar zəruri ərzaq məhsullarının təmini üçün ayrılan federal büdcənin ciddi şəkildə azaldığını qeyd ediblər. 2025-ci ildə bu məqsədlə 27 milyon avro ayrılsa da, 2026-cı ildə həmin məbləğ 15 milyon avroya endirilib.
Yardım təşkilatları bildirir ki, ehtiyacın artması fonunda resursların azalması qida yardımının göstərilməsini xeyli çətinləşdirir. Onların sözlərinə görə, kirayə, enerji və səhiyyə xərclərini ödəməyə gəliri çatmayan insanların sayı getdikcə artır və bu şəxslər qida yardımı üçün müraciət etməyə məcbur qalır.
Bundan əlavə, Belçikada işsizlik müavinətlərinin ödənilmə müddətini məhdudlaşdıran yeni qaydalar qüvvəyə minib. Bildirilir ki, bu qaydalar səbəbindən 2026-cı ildə bəzi şəxslər müavinət almaq hüququnu itirəcək və onlar da artıq qida yardımı təşkilatlarına müraciət etməyə başlayıblar.