Kürdəmir Rayon İcra hakimiyyətinin başçısı Elşən Həsənli Beyi kənd sakinləri ilə növbəti səyyar görüş keçirib və onların müraciətlərini dinləyib.
Kürdəmir Rayon İcra hakimiyyəti başçısının əhali ilə yerlərdə keçirdiyi səyyar qəbul və görüşlər davam edir. Növbəti tədbir çərçivəsində icra başçısı Elşən Həsənli Kürdəmir rayonunun Beyi kəndinin sakinləri ilə görüşüb.
Tədbirdə icra başçısının şöbə və sektor rəhbərləri, hüquq mühafizə orqanlarının nümayəndələri, xidmət təşkilatlarının rəhbərləri, kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, habelə yerli sakinlər iştirak ediblər.
Çıxış edən Elşən Həsənli rayon ərazisində aparılan abadlıq-quruculuq işləri və infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verib. O, həmçinin əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və qarşıda duran vəzifələr haqqında da danışıb.
Görüşün sonrakı hissəsində səyyar qəbulda iştirak edən kənd sakinlərinin müraciət, təklif və xahişləri dinlənilib. Qaldırılan məsələlərin həll olunması üçün Elşən Həsənli tərəfindən müvafiq tapşırıqlar verilib, bu tapşırıqların icrası isə nəzarətə götürülüb.