Son xəbər: Pezeşkian: ABŞ ilə danışıqlara inanmırıq
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları vətəndaşları müxtəlif vədlərlə aldadaraq təxminən 20 min manat mənimsəyən E.Vəliyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, E.Vəliyev bir vətəndaşa övladını İsveçrədə işlə təmin edəcəyini vəd edərək ondan 1728 manat alıb. Başqa bir şəxsdən isə istirahət kompleksində ev və "golfcar" nəqliyyat vasitəsi ilə təmin edəcəyi sözünü verərək 3400 manat götürüb.
Bundan əlavə, o, dəyəri 19 min manat olan "golfcar"ı pulunu sonradan ödəyəcəyi vədi ilə əldə edib, ancaq sahibinin razılığı olmadan həmin nəqliyyat vasitəsini başqa şəxsə 8 min manata satıb.
İstintaq zamanı E.Vəliyevin mobil telefonunda tanınmış şəxslərlə birgə çəkilmiş kimi göstərilən, əslində fotomontaj yolu ilə hazırlanmış şəkillər aşkar edilib. Müəyyən edilib ki, o, bu şəkillərdən istifadə edərək özünü geniş tanışlıq dairəsinə malik nüfuzlu şəxs kimi təqdim edib və bununla zərərçəkənlərin inamını qazanıb.
E.Vəliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub. Hadisə ilə bağlı istintaq tədbirləri hazırda davam etdirilir.