Azərbaycan Prokurorluğunun veteranı İsgəndər Cavadovun 70 yaşı tamam olması münasibətilə Baş Prokurorluqda təntənəli tədbir keçirilib.
Prokurorluq orqanlarında uzun illər xidmət etmiş İsgəndər Cavadovun 70 illik yubileyi münasibətilə xüsusi mərasim təşkil olunub. Tədbirdə Baş prokuror Kamran Əliyev, onun birinci müavini Elçin Məmmədov, müavini Heydər Məmmədov, Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və qurumun digər əməkdaşları iştirak edib.
Kamran Əliyev çıxışında İsgəndər Cavadovu yubileyi münasibətilə təbrik edərək ona sağlamlıq, uzun ömür və gələcək işlərində uğurlar arzulayıb. O həmçinin qeyd edib ki, Cavadov prokurorluq sistemində uzun illər boyu nəticəli fəaliyyət göstərib və bu müddətdə Azərbaycan idmanının inkişafına da öz töhfəsini verib.
Baş prokurorun sözlərinə görə, Cavadov xüsusilə gənclər arasında sağlam həyat tərzinin təbliğində, idmana həvəs və fəallığın artırılmasında əhəmiyyətli rol oynayıb.
Tədbirdəki digər çıxışlarda da İsgəndər Cavadovun idman sahəsindəki çoxillik fəaliyyətindən, bu sahədə qazandığı nailiyyətlərdən və gənc nəslin idmana cəlb olunması üçün gördüyü işlərdən danışılıb. Çıxış edənlər onun şəxsi nümunəsi və həyat yolu ilə gənclər üçün örnək olduğunu vurğulayıb.
Öz növbəsində İsgəndər Cavadov ona ünvanlanan təbrik və xoş sözlərə görə minnətdarlığını bildirib. O bildirib ki, ölkə rəhbərinin diqqət və qayğısını daim hiss edib, bunun əyani sübutu kimi Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.
Cavadov ayrıca vurğulayıb ki, idman sahəsində çalışdığı dövrdə Ümummilli Lider Heydər Əliyevin yüksək hörmət və dəstəyini də daim üzərində hiss edib.
Yubilyar həmçinin prokurorluq orqanlarında xidmət etməyin özü üçün qürur mənbəyi olduğunu bildirib. O, veteran prokurorluq əməkdaşlarına daim göstərilən diqqət və hörmətə görə dərin minnətdarlığını ifadə edib.