Bakı Ağır Cinayətlər Məhkəməsi 2024-cü ildə kibercinayətkarlığa qarşı aparılan əməliyyat nəticəsində həbs olunan altı nəfərə hökm oxuyub, təqsirləndirilənlərin hamısına qanunla nəzərdə tutulmuş minimum həddən aşağı cəza verilib.
İş üzrə "milyonçu qardaşlar" kimi tanınan Bahadır Qasımov və İkram Qasımov, onların əmisi oğlu Fərhad Quliyev, habelə Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov mühakimə olunub. Onlara cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və valyuta tənzimi qaydalarının pozulması ittihamları irəli sürülüb.
Səbinə Əliyevanın sədrlik etdiyi məhkəmə kollegiyası ittihamların dəlillərlə təsdiqləndiyi qənaətinə gəlib, lakin bütün təqsirləndirilənlərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsi - sanksiyanın aşağı həddindən də az cəza təyin edilməsi haqqında norma - tətbiq olunub.
Hökmə görə, ötən həftə ev dustaqlığına buraxılan Bahadır Qasımov azadlığa çıxıb - onun 2 il 11 ay həbsdə saxlanılması kifayət sayılıb. Qardaşı İkram Qasımov və əmisi oğlu Fərhad Quliyevə 4 il 6 ay, Cavid Əzizov ilə Anar Əhmədova 4 il, Vəli Əliyevə isə 3 il həbs cəzası kəsilib.
Digər güzəşt isə əsasən İkram Qasımovun özünə, ailə üzvlərinə və qohumlarına aid, 200-300 milyon manat dəyərində qiymətləndirilən əmlakla bağlı olub.
100-ə yaxın "Range Rover", "Bentley", "Mercedes", BMW, "Mitsubishi" markalı minik və yük avtomobilləri, Bakıdakı və bölgələrdəki villalar, çoxsaylı mənzillər, qeyri-yaşayış sahələri, qayıqlar və digər əmlak üzərinə qoyulmuş həbs qərarı götürülüb. Bildirilirdi ki, sadalanan əmlakın ümumi bazar dəyəri təxminən 500 milyon manata yaxındır.
Yalnız İkram Qasımovun Yasamaldakı ofisindən və yaşadığı evdən götürülmüş 3 milyon manatdan artıq nağd pul, 1 milyon manat dəyərində qızıl-zinət əşyaları, Xızı rayonundakı bağ evi və bir neçə nəqliyyat vasitəsi müsadirə edilib. Müsadirə olunan əmlakın ümumi dəyəri 5-6 milyon manat təşkil edir.
Bahadır və İkram Qasımovlar xarici ölkələrdən Azərbaycana və əksinə qanunsuz pul köçürmələri həyata keçirməkdə ittiham olunublar. Yasamal rayonunda "Bahadırın bankı" kimi tanınan şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz köçürülüb, bundan 2 milyon 500 min manatı isə xidmət haqqı kimi onlara qalıb.