Naxçıvanda 52 yaşlı Könül Salayeva adlı qadın nikahdankənar doğulan nəvəsini “el içində biabır olarıq” düşüncəsi ilə boğaraq öldürüb, məhkəmə ona 14 il həbs cəzası verib.
Naxçıvanda 52 yaşlı Könül Salayeva adlı qadın nikahdankənar doğulan nəvəsini “el içində biabır olarıq” düşüncəsi ilə qəddarlıqla öldürüb. Qadının bu ağır əməli məhkəmə prosesində tam sübuta yetirilib.
İstintaq materiallarına əsasən, öldürülən körpəni Salayevanın qızı dünyaya gətirib. Rüsvayçılıqdan qorxan nənə uşaq doğum evindən çıxarılan kimi dəhşətli planını icra edib.
O, avtomobildə gedərkən körpəni boğmağa başlayıb, uşağın səsi eşidilməsin deyə sürücüdən maqnitofonun səsini artırmasını xahiş edib. Ardınca körpəni üzüüstə çevirərək ağız və burun nahiyəsini sıxıb, nəticədə uşaq 10-15 dəqiqə ərzində mexaniki asfiksiyadan həyatını itirib.
Kəndə çatdıqdan sonra nənə körpənin meyitini həyətdəki tualet quyusuna atıb. Bu qəddar cinayətin üstü yalnız 26 gün sonra açılıb.
Polis və prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində Könül Salayeva cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmədə ittihamı qəbul edən qadın törətdiyi əməldən dərin peşmançılıq keçirdiyini bildirib.
Salayeva bildirib ki, qızı altı il əvvəl ailəli olub boşanıb və həmin vaxtdan bəri birlikdə yaşayırlar. Onun sözlərinə görə, qızının qəfləti hamilə olduğunu öyrənəndə çıxılmaz vəziyyətə düşüb:
“Qışda qızımın qarnında sancılar başladı. Həkim müayinədən sonra onun hamilə olduğunu dedi. Qızımdan bu barədə soruşanda “bir səhvdir, etmişəm” dedi. Uşağın atasının kim olduğunu isə demədi. Nə edəcəyimi bilmirdim. Öldürməkdən başqa çarəm yox idi. Qərara gəldim ki, uşağı elə xəstəxanadan çıxan kimi öldürüm. Sonra meyiti nə edəcəyimi bilmirdim. Evdə heç kim olmayanda həyətdəki tualet quyusuna atdım. Hadisənin necə aşkara çıxdığını da bilmirəm. Qızıma zəng vurub polisə çağırdılar. Sonra da həyətə maşın gəldi. Bizi polis idarəsinə apardılar. Çox peşmanam, günahsız körpəni öldürmək istəməzdim”.
Öldürülən körpənin anası da məhkəmə prosesində ifadə verib və öz anasından şikayətçi olmayıb. Qadın uşağın atası ilə Instagram üzərindən tanış olduğunu və aralarında qısa müddətli münasibət yarandığını söyləyib:
“Körpənin atası ilə instaqramda tanış olmuşdum. Aramızda sevgi münasibəti yarandı, bir neçə dəfə görüşdük. Lakin yola getmədiyimizə görə ayrıldıq. Hamilə olduğumu bilməmişəm. Özümdə fizioloji dəyişiklik, ürəkbulanma hiss etməmişəm. Qarnımdakı şişin mədəaltı problemlə bağlı ola biləcəyini düşünürdüm. Ağrılar başlayanda xəstəxanaya apardılar. Həkim əvvəlcə bağırsaq keçməzliyindən şübhələndi. Amma UZİ-yə salanda hamilə olduğumu dedilər. Həkim uşağın qüsurlu göründüyünü dedi. Anam hamilə olduğumu biləndə şoka düşdü. “Uşağı öldürəcəyəm” dedi, amma ciddiyə almadım. Olan olub, amma körpəmin ölməsini istəməzdim, xəbərim olsaydı, mane olardım”.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsi Könül Salayevanı köməksiz vəziyyətdə olan şəxsi amansızlıqla öldürməkdə təqsirli bilib. Qadına ciddi rejimli cəzaçəkmə müəssisəsində 14 il həbs cəzası verilib.