İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının iclasları çərçivəsində Nyu-Yorkda olarkən təhlükəsizliyi ilə bağlı narahatlıq bildirib, ABŞ tərəfi isə ona əlavə mühafizə qrupu ayırıb.
ABŞ hökuməti İranın xarici işlər naziri Abbas Əraqçiyə Nyu-Yorka səfəri zamanı əlavə mühafizə təyin edib. Bu addım naziri narahat edən "təhlükəsizlik təhdidləri" ilə bağlı sözügedən müraciətindən sonra atılıb.
ABŞ mətbuatında dərc olunan Dövlət Departamentinə aid rəsmi sənəddə bildirilir ki, Diplomatik Təhlükəsizlik Xidməti Əraqçinin BMT Baş Assambleyası ilə əlaqədar Nyu-Yorkda olacağı müddətdə onun şəxsi təhlükəsizliyinə cavabdeh olacaq.
Sənəd sentyabrın 18-də Dövlət Departamenti tərəfindən hazırlanıb və İranın BMT nəzdindəki Daimi Nümayəndəliyinə göndərilib. Orada qeyd olunub ki, bir gün əvvəl, sentyabrın 17-də İran nümayəndəliyi tərəfindən rəsmi diplomatik nota göndərilib və bu notada nazirə qarşı mövcud təhlükələrdən bəhs edilib.
Həmin müraciətdən sonra Diplomatik Təhlükəsizlik Xidməti məsələni araşdıraraq Əraqçi üçün xüsusi mühafizə komandası ayırmaq qərarına gəlib.