ShinyHunters FTB işçilərinin məlumatlarını oğurladı
23 sen 2026 Post redaksiyası 4 2 dəq

ShinyHunters FTB işçilərinin məlumatlarını oğurladı

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) daxili sistemlərinə kiberhücum təşkil edilib, nəticədə minlərlə hazırkı və keçmiş əməkdaşın, habelə agentliyə iş üçün müraciət etmiş şəxslərin şəxsi məlumatları ələ keçirilib.

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) daxili sistemlərinə kiberhücum təşkil edilib, nəticədə minlərlə hazırkı və keçmiş əməkdaşın, habelə agentliyə iş üçün müraciət etmiş şəxslərin şəxsi məlumatları ələ keçirilib.

Hücumun arxasında "ShinyHunters" adlı haker qrupunun durduğu bildirilir. Qrup FTB-nin sistemlərinə sızaraq agentliyin işçiləri ilə bağlı geniş həcmdə məlumat əldə etdiyini açıqlayıb.

Hakerlər paylaşdıqları nümunə məlumatlara istinadən "demək olar ki, bütün FTB agentləri" barədə data topladıqlarını iddia edirlər. FTB tərəfdən isə bu vaxta qədər məsələ ilə bağlı rəsmi mövqe bildirilməyib.

Sızan məlumatların doğruluğu yoxlanılır

Aparılan araşdırma zamanı "ShinyHunters" tərəfindən yayılan FTB işçilərinə aid data hissəsi ictimaiyyətə açıq mənbələrdə mövcud olan və əvvəllər sızmış qeydlərlə tutuşdurulub. Bu müqayisə nəticəsində azı doqquz haldakı ad və elektron poçt ünvanının müxtəlif mənbələrdən gələn qeydlərlə üst-üstə düşdüyü aşkarlanıb.

Bununla belə, bu uyğunluq faktı məlumatların məhz FTB-nin öz sistemlərindən çalındığını sübuta yetirmir. Haker qrupu iddia edir ki, hücum yalnız agentliyin işçiləri ilə məhdudlaşmayıb – agentliyə iş üçün müraciət etmiş şəxslərin də şəxsi məlumatları ələ keçirilib.

FTB-nin onlayn xidmətlərində fasilələr

İddiaların gündəmə gəldiyi vaxt FTB-nin vakansiyalara müraciət portalı və Xüsusi Agent Namizəd Portalında texniki nasazlıqlar – xidmətlərin əlçatan olmaması ilə bağlı bildirişlər müşahidə olunub.

Həmin platformalardakı fasilələrin baş verdiyi təsdiqlənsə də, bunların "ShinyHunters" qrupunun iddia etdiyi kiberhücumla bağlılığı hələ ki, dəqiqləşdirilməyib.