Böyük Britaniyanın Milli Miqren Mərkəzinin mütəxəssisi Keti Munro bildirib ki, qadınlarda miqren riskini artıran əsas amil hormonal dəyişikliklərdir.
Dünya əhalisinin təxminən yeddidə birində, yəni 1 milyarddan çox insanda miqren xəstəliyi qeydə alınır. Statistikaya görə, qadınlar bu problemlə kişilərə nisbətən üç dəfə daha tez-tez üzləşir.
Böyük Britaniyanın Milli Miqren Mərkəzinin mütəxəssisi Keti Munronun sözlərinə görə, uşaqlıq çağında oğlan və qızlarda miqren hallarının sayı təxminən bərabərdir. Fərq yalnız yetkinlik yaşında, menstrual dövrün başlaması ilə ortaya çıxır.
Munronun izahına əsasən, menstruasiyadan öncə estrogen səviyyəsinin kəskin düşməsi miqren tutmalarını işə sala bilir. Bu hormonal proses menopauza dövrünə qədər davam edir. Perimenopauza mərhələsində hormonların sürətlə dəyişməsi miqreni daha da şiddətləndirə bilər, menopauzadan sonra isə hormonal fon sabitləşdikcə tutmaların tezliyi azala bilir.
Mütəxəssis vurğulayır ki, miqren yalnız hormonal səbəblərdən yaranmır. Yuxu problemləri, stress, qanda şəkərin aşağı düşməsi, hava şəraitindəki dəyişikliklər, dəmir çatışmazlığı və qalxanabənzər vəzin zəif işləməsi də tutmalara səbəb ola bilər.
Keti Munro miqrenli xəstələrə tutmadan 2-3 gün əvvəl bədənlərində baş verən dəyişiklikləri izləməyi tövsiyə edir. Onun sözlərinə görə, müntəzəm qidalanma və sabit yuxu rejimi saxlamaq da vacibdir. Susuzluq və qidasızlıq da fiziki aktivlik zamanı tutmanı tətikləyə bilər.
Müalicədə ağrıkəsicilər, ürəkbulanmaya qarşı dərmanlar və həkim nəzarəti altında triptan qrupu preparatlardan istifadə olunur. Bundan əlavə, maqnezium, B2 vitamini, bəzi hallarda hormonal terapiya, CGRP-ni hədəf alan dərmanlar və botoks tətbiqi də köməkçi vasitələr sırasındadır. Akupunktur, yoqa, Tai Çi məşqləri və ağrı reabilitasiyası proqramları da bir sıra xəstələr üçün faydalı ola bilər.
Munro miqrenlə mübarizədə nəticə əldə etməyin mümkün olduğunu bildirərək xəstələrə müalicə prosesini davam etdirməyi məsləhət görüb.