Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasına sədrlik edib və geniş nitqlə çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabında yayılan məlumata görə, nazir Ceyhun Bayramov Nyu-Yorkda keçirilən görüşdə Türk dövlətləri arasında müştərək köklərə və zəngin tarixi əlaqələrə əsaslanan birliyin dərinləşməsini xüsusi qeyd edib. O, sürətlə dəyişən qlobal şəraitdə çoxşaxəli tərəfdaşlığın gücləndirilməsinin strateji zərurətə çevrildiyini diqqətə çatdırıb.
Nazir çıxışında Qəbələ Sammitində qəbul olunmuş qərar və təşəbbüslərdən sonra Azərbaycanın Təşkilatda sədrliyi müddətində qazanılan nailiyyətlər barədə ətraflı məlumat verib. Bayramov Azərbaycanda keçirilən tədbirlərdə fəal iştirakına görə üzv dövlətlərə minnətdarlığını bildirib.
Çıxış zamanı Türk xalqlarının dili, tarixi və mədəni irsinin araşdırılmasında böyük rol oynayan Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş tədbirlər ayrıca qeyd edilib. Bununla yanaşı, Bakıda TDT üzvü olan ölkələrin Təhlükəsizlik Şuralarının katibləri, Müsəlman Dini İdarələri Rəhbərləri Şurası və tanınmış milli analitik mərkəzlərin qatıldığı son görüşlərin əməkdaşlıq gündəliyinin genişliyini göstərdiyi bildirilib.
Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun yüksəldilməsinin əhəmiyyətini vurğulayaraq, Təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu əldə etməsinin əsas hədəflərdən biri olduğunu açıqlayıb. Nazir həmçinin Türk dünyasında nəqliyyat əlaqələri və tranzit infrastrukturunun inkişafının regional dayanıqlıq və qarşılıqlı əlaqələnmə üçün strateji önəm daşıdığını bir daha bildirib.
O, ticarət, energetika, informasiya-kommunikasiya texnologiyaları, elm və mədəniyyət sahələrində konkret əməkdaşlığın genişləndirilməsinin, iş adamları və xalqlar üçün əlverişli imkanların formalaşdırılmasının prioritet olduğunu qeyd edib.
Çıxışın sonunda nazir Antalyada keçiriləcək COP31 konfransına və Ankarada təşkil olunacaq TDT-nin 13-cü Sammitinə ev sahibliyi edəcək Türkiyəyə uğurlar diləyib və Azərbaycanın bu istiqamətdə davamlı dəstəyini yenidən təsdiqləyib. İclas Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bəyanatının qəbulu ilə başa çatıb.